HƏFTƏLİK XƏBƏRLƏR "GƏNCƏBASAR" müstəqil qəzeti tərəfindən təqdim olunub.
 
ARXIV
#04. 24-30 yan 2004
#05. 31-06 fev 2004
#06. 07-13 fev 2004
#07. 14-20 fev 2004
#08. 21-27 fev 2004
#09. 28-05 mart 2004
#12. 20-26 mart 2004
#13. 27-02 apr 2004
#14. 03-09 apr 2004
#15. 10-16 apr 2004
#16. 17-23 apr 2004
#17. 24-30 apr 2004
#18. 01-07 may 2004
#19. 08-14 may 2004
#20. 15-21 may 2004
#22. 29-04 iyun 2004
#23. 05-11 iyun 2004
#24. 12-18 iyun 2004
#25. 19-25 iyun 2004
#26. 26-02 iyul 2004
#27. 03-09 iyul 2004
#28. 10-16 iyul 2004
#29. 17-23 iyul 2004
#30. 24-30 iyul 2004
#31. 31-06 avq 2004
#32. 07-13 avq 2004
#33. 14-20 avq 2004
#34. 21-28 avq 2004
#35. 29-03 sen 2004
#36. 04-10 sen 2004
#37. 11-18 sen 2004
#38. 19-24 sen 2004
#39. 25-01 okt 2004
#40. 02-08 okt 2004
#42. 16-22 okt 2004
#43. 23-29 okt 2004
#45. 06-12 noy 2004
#46. 20-26 noy 2004
#47. 27-04 dek 2004
#48. 05-11 dek 2004
#49. 12-17 dek 2004
#50. 18-24 dek 2004
#51. 25-31 dek 2004
#01. 01-07 yan 2005
#04. 05-11 fev 2005
#05. 19-25 fev 2005
#06. 05-11 mart 2005
#07. 12-18 mart 2005
#08. 19-25 mart 2005
#09. 26-01 apr 2005
#10. 02-08 apr 2005
#13. 26-02 may 2005
#14. 03-09 may 2005
#15. 10-16 may 2005
#16. 17-23 may 2005
#18. 31-06 iyun 2005

#32. 07-13 avqust 2004

"KƏPƏZ"DƏ YENİ SPONSOR VƏ BAŞ MƏŞQÇİ

Bu gün avqustun 7-də futbol üzrə 13-cü Azərbaycan çempionatı start götürdü. Ötən mövsümü birtəhər başa vuran Gəncənin "Kəpəz" klubu püşkatmanın nəticəsinə görə, birinci turda istirahət edəcək. Komandanın çempionata hazırlıq səviyyəsi, mövcud problem və çətinliklərli ilə tanış olmaq məqsədilə avqustun 4-də "Kəpəz"in düşərgəsinə yollandıq. Gəncə klubunun baş məşqçisi Fuad İsmayılovla (söhbət zamanı F. İsmayılov baş məşqçi idi) görüşüb komandanın vəziyyəti ilə maraqlandıq. F. İsmayılovun dediklərindən: "Komanda iyulun 7-də toplanıb, 23 nəfər heyətlə məşqlərə başlamışıq. Gündə 1 dəfə məşq edirik. Bu yaxınlarda Qazaxın "Göyəzən" komandası ilə yoxlama görüşü keçirdik. Səfərdə 0:1 hesabı ilə məğlub olsaq da Gəncədə eyni hesabla qalib gəldik. Qazaxda əsasən uşaqların fiziki göstəricilərini nəzərdən keçirdiksə evdə nəticəyə oynayırdıq. Ötən mövsümdən komandanı tərk edən oyunçular var. Bu günlərdə şəhərimizin icra başçısı Eldar Əzizov "Kəpəz"in vəziyyəti ilə maraqlanmaq üçün stadiona gəlmişdi. Mövcud vəziyyətlə tanış olduqdan sonra Eldar müəllim köməklik göstərəcəyinə söz verdi. Yeri gəlmişkən, axşam saat 6-da gələrsiniz, yeni sponsor ilə görüşümüz olacaq. Göstərilən vaxtda "Kəpəz"in ponsionatında Gəncə Futbol Federasiyasının rəhbərliyi, "Kəpəz"in rəhbərliyi və oyunçuları yeni sponsorları ilə görüşürdü. Bu Bakının "FRY İnşaatçı" şirkətinin baş direktoru Ruslan Məmmədov idi. Həmçinin onunla birgə Bakıdan Ağdamın "Qarabağ" komandasının eks baş məşqçisi, "Kəpəz"in isə yeni baş məşqçisi Şahin Diniyev də gəlmişdir. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun təşəbbüsü ilə Gəncəyə gəldiyini qeyd edən Ruslan Məmmədov qəzetimizə bunları dedi: "Birinci növbədə komanda ilə məşğul olacağıq. Uşaqların problemləri olduqca çoxdur. Öncə bu problemlər aradan qaldırılmalıdır. Bu işdə planlarımız böyükdür. Yeni baş məşqçi Şahin Diniyev bu işdə bizə kömək edəcək. Yaxın 2-3 gün ərzində müqavilə imzalayaraq komandanın yeni prezidenti olacağıma əminəm. Hələ ki, 2-3 saatdır Gəncədəyəm. Biz üzərimizə düşən vəzifələri yerinə yetirəcəyik, futbolçulardan da bunu gözləyirik. Bundan başqa heç nə deyə bilmərəm". Yeni rəhbərliklə tanışlıqdan sonra komanda ikitərəfli oyun keçirdi. Oyundan sonra yeni baş məşqçi Ş. Diniyev bunları dedi: "Komandanın vəziyyəti olduqca pisdir. Oyun zamanı məndə 24 sual yarandı. Çempionat artıq başlayır. 2-3 günə heç nə edə bilmərik. Sabahdan gündə 2 dəfə olmaqla intensiv məşqlərə başlayacağıq. 1997-ci ildən yığılıb qalan problemləri indi biz həll etməliyik. Stadionun da vəziyyəti elə də yaxşı deyil. Göydə Allah, yerdə Ruslan müəllimə inanırıq. Bura iş görmək üçün gəlmişik. İndi bir şey deməyə çətinlik çəkirəm". Üçqat Azərbaycan çempionu, dördqat ölkə kubokunun sahibi "Kəpəz"in bu günkü vəziyyəti doğrudan da sarsıdıcıdır. Lakin şəhər rəhbərinin köməkliyi və klub rəhbərliyinin işə məsuliyyətlə yanaşması gələcəyə ümidlə baxmağa inam yaradır. Buna qələbə sevincinə həsrət qalmış "Kəpəz"in sabiq azarkeşləri də inanır. "Kəpəz" naminə işiniz avand olsun!

BƏLƏDİYYƏ ÜZVLƏRİ MAARİFLƏNDİRİLİR

"Yerli büdcə prosesində ictimai iştirak bələdiyyə ərazisində yaşayan vətəndaşların və ayrı-ayrı sosial qrupların maraq və mənafelərini reallaşdırmaq baxımından, onlarla yerli özünüidarəetmə orqanları arasında qarşılıqlı fəaliyyətə əsaslanan bir prosesdir". Bu sözləri İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadi elmlər namizədi Qubad İbadoğlu avqustun 5-6-da "Yerli büdcə prosesi və ictimai iştirak" mövzusunda keçirilən treninqin açılış mərasimində səsləndirdi. Tədbir şəhərimizin "Gəncə" mehmanxanasında region bələdiyyələrinin iqtisadi, sosial və büdcə komissiyalarının üzvləri üçün təşkil olunmuşdur. Qubad İbadoğlu qısa təqdimatdan sonra çıxış edərək, öncə treninqin keçirilməsinin məqsədini açıqladı: "Seçkiqabağı keçirilən bu tədbirin məqsədi sizləri yerli büdcə prosesi, bələdiyyə büdcəsinin təşkili prinsipləri ilə tanış etmək; yerli büdcənin təhlili metodikası, təhlil texnologiyaları barəsində məlumatlandırmaq; yerli büdcə prosesində şəffaflığın təmin olunmasının mühüm vasitəsi kimi ictimai iştirak formaları, ictimai dinləmənin təşkili mexanizmi ilə tanış etməkdir. Eyni zamanda bizim üçün maraqlı olar ki, hər biriniz təmsil olunduğu bələdiyyələrin büdcə fəaliyyəti və bu zaman üzləşdiyiniz problemlərdən danışasınız". "Azərbaycanda yerli büdcələrin durumu və problemləri" mövzusunda ekspert Rövşən Ağayev, Azərbaycan İqtisad Universitetinin müəllimi, "Şəffaf büdcə" layihəsinin rəhbəri Azər Mehdiyev isə "Yerli büdcə prosesləri" mövzusunda məruzə etdilər. Sonra tədbirdə iştirak edən Şəmkir, Nizami, Kəpəz, Xanlar və Samux rayonlarının ayrı-ayrı bələdiyyə üzvlərinin iştirakı ilə müxtəlif problemlər üzrə müzakirələr təşkil olundu. Tədbirin sonunda iştirakçılara sertifikatlar, "İqtisadi Tədqiqatlar Mərkəzi" tərəfindən hazırlanmış müxtəlif ədəbiyyatlar təqdim edildi.

DAHA BİR QHT MƏRKƏZİ FƏALİYYƏTƏ BAŞLADI

Avqustun 3-də Gəncədə "Gələcək Naminə" İnformasiya Texnologiyaları təşkilatının ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşdirilən "Problemlərin Həlli Mərkəzi" layihəsinin təqdimat mərazimi oldu. Təqdimat mərasimində dövlət və qeyri-dövlət təşkilatları, KİV nümayəndələri iştirak edirdi. Mərasimi açıq elan edən layihənin koordinatoru Elvin Nəbiyev bildirdi ki, layihə 5 iyundan həyata keçirilir, mərkəz isə iyulun 5-də açılıb. Qeyd etdi ki, əsas məqsəd mühüm problemləri olan şəhər sakinlərini qəbul etmək və onların problemlərinin nə dərəcədə real olduğunu qiymətləndirməkdir. Sonra problemlərin necə və kimə müraciət etməklə həll oluna biləcəyi haqqında onlara informasiya vermək, əhalinin problemlərinin həlli yollarının tapılmasına kömək etməkdir. E. Nəbiyev: "Respublikamızda bəzi qrup adamlar vardır ki, onlar mövcud problemləri ilə kimə və necə müraciət etməyi belə bilmirlər. Bu cür problemlər Azərbaycanın bölgələrində və Gəncədə də mövcuddur. Biz bu cür problemlərin həllinə çalışacağıq", - dedi. Layihə koordinatoru əsas məqsədlərdən biri kimi Gəncə şəhər İcra Hikimiyyəti orqanları, Biznes nümayəndələri, Mass Media, QHT nümayəndələri və bəzi icra nümayəndələrilə "aylıq" yığıncaqların keçirilməsini qeyd etdi. Sonra çıxış edən ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin QHT-ə yardım bölməsinin rəhbəri Lora Sörik bu layihənin "Kiçik qrantlar" çərçivəsində həyata keçirildiyini bildirdi. Azərbaycanda siyasi-iqtisadi vəziyyətin yaxşılaşması üçün insanların problemlərinin həll olunmasına yardım göstərəcəyini vurğuladı. Layihənin qərb zonası əhalisinin problemlərinin həllinə təkan verəcəyinə ümidvar olduğunu dedi: "Gələcək Naminə" İnformasiya Texnologiyaları Təşkilatının prezidenti Azər Əhmədov çıxış edərək təşkilatın 1999-cu ildən olan fəaliyyətini müsbət qiymətləndirdi. Gənclər, İdman və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikası Prezident Aparatının İnformasiya Resursları və Texnologiyaları Mərkəzi ilə təşkilatın sıx əlaqədə olduğunu bildirdi. Təşkilatın məqsədlərindən və həyata keçirilmiş layihələrdən danışan A. Əhmədov layihənin Bakı, Sumqayıt, Şəki, Gəncə, Mingəçevir, İsmayıllı, Lənkəran şəhərlərini əhatə etdiyini diqqətə çatdırdı. "Gələcək Naminə" təşkilatının Gəncədə belə bir layihənin həyata keçirilməsini əhalinin problemlərinin həlli baxımından lazımi olduğunu vurğuladı. Sonra çıxış edənlər Təhsil Məlumat Mərkəzinin direktoru Həsən Hüseynov və Azərbaycanın Gənc Liderlər Assosiasiyasının prezidenti Səbinə Ələkbərova layihənin təqdimatı mərasimi ilə təşkilatı təbrik etdilər və Gəncə əhalisinin problemlərinin həlli baxımından müsbət addım olduğunu bildirdilər. Qeyd edək ki, "Gələcək Naminə" İnformasiya Texnologiyaları Təşkilatı müxtəlif donor və portnyorlarla birgə ümumi həcmi 150 min ABŞ dolları olan layihələr həyata keçirib. ABŞ səfirliyi tərəfindən maliyyələşdirilən Gəncədəki "Problemlərin Həlli Mərkəzi" layihəsi isə 8 min 92 ABŞ dolları hesabına yaradılıb. Mərkəz kompüter, printer, faks aparatı, skaner və digər ofis avadanlıqları ilə tam təmin olunub.

İİV/ QİÇS-Ə YOX DEYƏK!

Ağ köynəyinin kürəyində "QİÇS hamıya aiddir" yazılmış İsmayılov Ramin Alüminiumçular qəsəbəsində ev-ev gəzərək əhaliyə kitabça və refletlər paylayır. Bu gənc oğlan Gəncədə həyata keçirilən layihənin əməkdaşıdır. İRD (ABŞ-nın Beynəlxalq Yardım və İnkişaf) təşkilatının Gəncədə "İİV/ QİÇS üzrə maarifləndirmə" layihəsi 2004-cü ilin yanvar ayından həyata keçirilir. Layihənin koordinatoru Gülşən Axundova deyir: "Gəncəbasar bölgəsində "İİV/ QİÇS üzrə maarifləndirmə layihəsinə əhali tərəfindən göstərilən maraq bunu sübut edir ki, bu layihə çox önəmli və vaxtında həyata keçirilən bir layihədir. Gəncədə, Xanlarda həyata keçən bu layihə öz ətrafına artıq 100 nəfər könüllü təlimçi cəlb edib. Könüllü təlimçilər isə öz növbəsində əhali arasında öz maarifləndirmə işini aparır. Proqramı həyata keçirən işçi qrupun bu önəmdə işə can yandırması, onu vaxtlı-vaxtında görməsi təbii olaraq əldə etdiyimiz uğurların səbəbidir. Bütün gördüyümüz işlərdə bizə yaxından İRD təşkilatının Bakı ofisi də kömək edir. Belə ki, hazırladığımız refletlər, plakatlar, ədəbiyyat Bakı şəhərində çap olunur və bizə göndərilir". "İİV/ QİÇS üzrə maarifləndirmə" layihəsinin əməkdaşı, aparıcı həkim Əli Şıxəliyev isə bunları söylədi: " İİV/ QİÇS mövzusu əhali arasında riskli davranışı olan insanların xəstəliyi kimi qəbul edilib və çoxları bu xəstəliyin ona, onun ailəsinə aidiyyəti olmadığını söyləyirlər. Ancaq həqiqətdə belə deyil, çünki dinindən, təhsilindən, yaşından, tutduğu vəzifədən asılı olmayaraq bütün insanlar bu virusa yoluxa bilərlər. Bu həqiqəti insanlara çatdırmaq, İİV hansı yollarla ötürülməsini, ondan necə qorunmasını İİV-lə yaşayan insanlara necə münasibət bəsləməsini insanlara öyrətmək çox vacibdir. Bu yaxınlarda Xanlar könüllülərinin İİV/ QİÇS-lə bağlı festival keçirtmə təklifini təşkilatımız alanda çox sevindik və onların təklifini məmnuniyyətlə qəbul etdik. Çox yaxşı hal idi ki, Xanlar rayon İcra Hakimiyyəti bu işləri dəstəkləyir. 400-dən çox insanların yığışdığı Mədəniyyət Evində möhtəşəm bir şənlik keçirildi. Şənlikdən öncə gənclər arasında idman yarışları da keçirildi. Gənc rəssamlar İİV/ QİÇS-lə bağlı maarifləndirici rəsm əsərləri yaratdılar. Bizi valeh edən o oldu ki, bu festivala Gəncə və Goranboy şəhərlərindən gəlmiş könüllülər də qatılmışdı. İRD təşkilatı festivala əliboş gəlmədi. Xanlar könüllüləri ilə birlikdə festivalı axıra qədər apardı. Təşkilat tərəfindən çox hədiyyələr paylandı. Fikrimcə, belə festivalların keçirilməsi təqdirəlayiqdir. Çünki festival insanların diqqətini İİV/ QİÇS probleminə yönəltdi, könüllülərlə əhalinin birliyini yaratdı, insanları maarifləndirməyə ruhlandırdı. Əgər Gəncə və Goranboy şəhərlərində belə festivallar keçirilərsə İRD təşkilatı onlara da dəstək verəcəkdir. Çünki bu İRD təşkilatının İİV/ QİÇS-lə maarifləndirmə işlərinin əyani nəticələridir". Günün axırı boşalmış plastik torbasını qoltuğuna vuran Ramin öz evinə qayıdır: "Mən bugünkü işimi qurtardım. Bir az yorulsam da sevinc hissi keçirirəm, çünki inanıram ki, payladığım vəsait hansısa bir ailəni QİÇS xəstəliyindən xilas edəcək".

GƏNCƏDƏ RƏSM QALEREYASI AÇILDI

Bu gün hər bir rəssam üçün öz əsərlərini ictimaiyyətə təqdim etməkdə qalereyaların əvəzsiz rolu var. Qalereyanı muzeydən fərqləndirən cəhətlərdən biri odur ki, burada fərdi sərgilər də təşkil olunur. Şəhərimizdə isə 12 ilə yaxındır ki, rəsm qalereyası fəaliyyət göstərmirdi. Gəncə küçəsində yerləşən Dövlət Rəsm qalereyası orada baş vermiş yanğından sonra öz fəaliyyətini dayandırmış, fondda olan əsərlərin əksəriyyəti yararsız hala düşmüşdü. "Qalereyanın uzun müddət işləməməsi rəssamların maddi vəziyyətinin pisləşməsinə, hətta psixoloji durumunun gərginləşməsinə səbəb olan amillərdən birinə çevrildi", - deyən qalereyanın hazırkı direktoru Faiq Osmanov, bunun rəssamlarımızın yaratdığı rəsm əsərlərindən də duyulduğunu bildirdi. O, indiki rəsmlərə nisbətən 20-30 il öncə işlənən əsərlərin rəng çalarının daha canlı olduğunu və nikbin təəssürat bağışladığını söylədi. Bu yaxınlarda Gəncə rəssamlarının üzü nəhayət ki, 12 ildən sonra güldü. İyulun 26-da Gəncə Dövlət Rəsm Qalereyasının yeni binada açılışı oldu. İncəsənət adamlarının və şəhər ictimaiyyətinin toplaşdığı tədbirdə hadisənin Gəncənin mədəni həyatında əlamətdar rol oynayacağı bir daha vurğulandı. Qalereyanın istifadəsinə verilən, bir əsrdən çox tarixi olan, taxtadan inşa edilmiş bina yenidən təmir olunub. Qeyd edək ki, bu binada uzun illərdir ki, uşaq kitabxanası da fəaliyyət göstərir. Açılış mərasimində çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qalereyanın incəsənət mərkəzinə çevriləcəyinə ümid etdiyini bildirdi və onun nəzdində dekorativ əl işləri, həmçinin uşaq rəsmləri sərgiləri üçün salonların yaradılacağını dedi. Rəssamlar İttifaqının üzvü, heykəltəraş Rüstəm Süleymanov Gəncədə yeni qalereyanın açılmasının yerli rəssamların yaradıcılığında stimul rolu oynayacağını qeyd etdi: "Qalereyanın olması sənətkarlara sərgidə öz əl işlərini təqdim etməyə imkan verəcək. İncəsənətsevərlər Gəncə rəssamlarının yaradıcılığı ilə bağlı yeniliklərlə tanış ola biləcəklər. Qalereya həm də şəhər əhalisinin mədəni istirahət ocaqlarından biridir". Gəncə Dövlət Rəsm Qalereyasının nəzdində yeni salonların yaradılması üçün binanın nə dərəcədə imkanları olması barədə sualımıza Gəncə şəhər Mədəniyyət İdarəsinin rəisi Mina Məlikova bu cür cavab verdi: "Bu binanın digər hissəsində uşaq kitabxanası yerləşir. Yaponiya səfirliyi yaxın zamanlarda qalereyanın arxa tərəfində yeni uşaq kitabxanası tikəcəyinə söz verib. Əgər bu baş tutsa, kitabxana köçürüləcək, yerində uşaq rəsm və dekorativ əl işləri sərgiləri yaradılacaq". Qalereyanın hansı əsaslarla fəaliyyət göstərəcəyinə gəlincə, buna aydınlıq gətirən M. Məlikova bildirdi ki, hələlik sərgi salonu rəssamların istifadəsinə pulsuz olaraq verilib. Yalnız Mədəniyyət Nazirliyi ilə birgə razılaşmadan sonra qalereyanın gələcəkdə dövlətə hansı formada vergi ödəyəcəyi müəyyənləşəcək. Mədəniyyət İdarəsinin balansında olan qalereyanın direktoru Faiq Osmanov rəssamlara öz əl işlərinin satışını təşkil edə bilmələri üçün imkan yaradılacağını da bildirdi: "Həm qalereyada sərgilər keçirilən zaman, həm də həyətində ayıracağımız kiçik bir yerdə rəssamların əl işlərinin satışını təşkil edəcəyik. Bu sənətkarlara maddi durumlarını nisbətən yaxşılaşdırmağa və öz əsərlərini ictimaiyyətə təqdim etməyə imkan verəcək. Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla gəldiyimiz birgə razılaşmaya əsasən, dövlətə satışdan 2-3 faiz vergi ödəniləcək". F. Osmanov qalereyada daimi ekspozisiyaların və bir çox tanınmış rəssamların əl işlərinin də sərgilənəcəyini bildirdi. Hazırda 10-dan çox yerli rəssamın əl işlərinin nümayiş olunduğu qalereyanın fondunda 34-ə yaxın rəsm əsəri var. Fonddakı əsərlərin sayının gələcəkdə artırılması üçün müxtəlif variantlar axtarıldığını deyən F. Osmanov qalereyanın xarici təşkilatların köməyindən də istifadə edəcəyini dedi: "Xarici kolleksionerlərlə əlaqə saxlamaq və qalereya fondunun formalaşması üçün satışın həcmini artırmaq məqsədi ilə internet şəbəkəsindən də yararlanacağıq. Artıq bunun üçün kompüter avadanlıqları da alınıb. Qalereyanın elektron saytının açılacağı da planlaşdırılır". F. Osmanov qalereyada qeyri-adi yeniliklər etmək fikrindədir. O, burada xalq sənətini yaşatmaq üçün zərgərlik, dulusçuluq, keramika, xalçaçılıq bölmələri yaratmaqla qalereyanın əsl incəsənət mərkəzinə çevriləcəyinə böyük ümid bəsləyir. Regionun böyük potensiala malik olduğunu deyən həmsöhbətimiz bununla yaxından tanış olmaq üçün qalereyanın bir görüş yerinə çevriləcəyini bildirdi: "Burada incəsənətlə bağlı konfrans və seminarların keçirilməsi üçün şərait var. Bu daha da böyük auditoriyanı cəlb etmək üçün çox yaxşı üsuldur. Qalereyaya gələnlərin zövq almaqla yanaşı, sözün əsl mənasında istirahət etmələri üçün xüsusi ab-hava yaradılmalıdır. Bu məqsədlə biz salonda bir ədəd xalça toxunan xana quraşdırmaq və tamaşaçıların gözü qarşısında xalça toxumaq fikrindəyik". F. Osmanovla sərgi salonunda söhbət etdiyimiz zaman qalereyanın bir neçə gün öncə açılmasına baxmayaraq, çoxlu tamaşaçı axınının şahidi olduq. Müsahibimiz qalereyaya girişin pulsuz olduğunu bildirdi. Həmçinin əsərlərinin qalereyada sərgilənməsini arzu edən rəssamlar heç bir vəsait ödəmədən, öncədən qeydiyyatda durmaqla istəklərinə nail ola bilərlər. Hazırda qalereyada rəssamlardan Nazim Babayevin, Telman Cəfərovun, Təvəkkül Abbasovun, Fərhad Əliyevin, Viktor Ponamaryovun, Elşən Abdullaevin, Məhbubə Həsənovanın, Sevil Əliyevanın və başqalarının əl işləri sərgilənir.

TƏHSİLİMİZİ DÜNYAYA TANIDAN HƏMYERLİMİZ

Ötən həftə Almaniyanın Kil şəhərində keçirilən 36-cı Beynəlxalq Kimya olimpiyadasında Azərbaycan komandasının iştirakı və parlaq qələbə çalması təhsil ictimaiyyətinin böyük sevincinə səbəb oldu. Dünyanın 66 ölkəsindən 232 şagirdin qatıldığı bu bilik yarışında iki qızıl, bir bürünc medala layiq görülən həmyerlilərimiz ümumi hesabda 4-cü yeri tutmaqla (ötən il 29-cu yerdə qərarlaşmışdılar), indiyədək Azərbaycan komandasının qatıldığı kimya olimpiadalarında əldə etdikləri ən yüksək nəticəyə imza atdılar. Yüksək mükafatlara layiq görülənlər arasında bürünc medal sahibi Gəncə Özəl Türk Liseyinin (GÖTL) 10-cu sinif şagirdi Emin Cəfərovun iştirakı sevindirici haldır. Qızıl medallarla mükafatlandırılanlar Bakı Özəl Türk Liseyinin şagirdi Afan Vələdov, Mingəçevir Özəl Türk Liseyinin şagirdi Sənan Eminovdur. Xatırladaq ki, bu, Eminin timsalında GÖTL-nin ilk nailiyyəti deyil. 2004-cü ilin may ayında Türkmənistanda "Kompüter - informasiya layihə" yarışmasında 10-cu sinif şagirdi Şahin Əliyevin III yer tutması, həmin ildə Moskvada keçirilən Mendeleyev Kimya olimpiadasında Pərviz Həsənovun iştirakı adı çəkilən məktəbin uğurlarından sayılır. Liseyin müdir müavini Nihad Fidanın verdiyi məlumata görə, Eminin qələbəsi təsadüfi sayıla bilməz. Müsahibimiz hazırda 11-ci sinfə keçəcək şagirdinin 3 il ardıcıl olimpiadalara qatıldığını və bu fənn ilə ciddi məşğul olduğunu vurğuladı. Olimpiadalara hazırlıq prosesindən söz açan Nihad bəy bunun mərhələlərlə həyata keçirildiyini vurğuladı. "Hər bir dəqiq fənn, eyni zamanda kimya üzrə fərqlənən şagirdlər əvvəlcədən seçilir. Onlar Liseydə təhsillərini davam etdirməklə yanaşı kimya fənni üzrə metodist Vaqif Abbasovun rəhbərlik etdiyi dünya olimpiadalarının hazırlıq kurslarına da qəbul olunur və həftə sonu Bakıda keçirilən dərslərdə iştirak edirlər. Emin də bir növ bu kursun yetirməsidir". Həmyerlimizin liseydə kimya müəllimi (7,8,9-cu siniflərdə) olmuş Həsən Həsənov da öz sevincini gizlətmədi və fikirlərini bizimlə bölüşdü: "Emin Cəfərov məktəbimizə ilk dəfə qəbul olunan və ilk məzun adını alacaq şagirdlərdəndir. Bir anda Liseyin fəaliyyətinin ilk günləri gözlərimin qarşısında canlanır. Onda problemlərimiz kifayət qədər olsa da, çalışırdıq həmin şagirdlərdə elmə maraq yaradaq. Onlara, vaxt olacaq, belə dünya olimpiadalarında iştirak edəcəklərindən və yüksək yerlər tutacaqlarından danışardıq. Emin həmişə öz qabiliyyəti ilə seçilib. Təsəvvür edin, bir həftədə 16 saat həcmində proqramı mənimsəməyi, yalnız E. Cəfərov kimi istedad sahibləri bacarardı". Müstəqillik əldə etdikdən sonra respublikamızın təhsilinin dünya miqyasında tanıdılmasında və beynəlxalq səviyyəli şagirdlərin hazırlanmasında təbii ki, Azərbaycan-Türkiyə özəl liseylərin rolu əvəzsizdir. Yetirmələri həmişə dövlət ali məktəblərinə qəbulun nəticələrinə görə, abituriyentlərin siyahısına rəhbərlik edir, şəhər, respublika miqyasında keçirilən müsabiqələrdə yüksək bilik nümayiş etdirməklə yanaşı, beynəlxalq olimpiadalarda da ölkələrini layiqincə təmsil edirlər. Məhz bu xeyirxah işlərinə görə, qardaş Türkiyə dövlətinə minnətdarlıq etmək lazım gəlir. Və bir də özbaşınalıqlar, korrupsiya, rüşvətxorluq məngənəsində çabalayan bu günkü təhsilimizdə belə nailiyyətləri görəndə yəqin ki, "nə yaxşı Türk Liseyləri vardır!" kəlməsi dilə gəlir.

KANALİZASİYA XƏTTLƏRİ YENİLƏŞƏCƏK

"Gəncədə mövcud kanalizasiya sisteminin münasib tələblərə cavab verməməsi hər bir kəsə məlumdur. Şəhərdə vahid kanalizasiya şəbəkəsinin olmaması, eyni zamanda qurğuların aşınmaya məruz qalaraq, istifadəsiz vəziyyətə düşməsi tez-tez tutulmalar və daşqınlara səbəb olur. Nəticədə prospekt və küçələrə axıdılan tullantı suları hər addımda rast gəlinməklə, Gəncədə hökm sürən antisanitariya vəziyyətini bir qədər də gərginləşdirib. Hal-hazırda istismarda olan, təxminən 298,8 km uzunluğunda kanalizasiya xəttlərində texniki servis olduqca pis təşkil edilib. Demək olar ki, indiyə qədər kompleks təmir işləri də aparılmayıb. Qeyd olunan problemin açıq şəkil almasında şəhər Kanalizasiya İdarəsinin maliyyə çətinlikləri (təmir-bərpa işləri üçün) və ixtisaslı fəhlələrin çatışmaması da əsas rol oynayır. Şəhərimizdən xaric edilən çirkab suların təmizlənməsi üçün qonşu Samux rayonunun Ziyadlı ərazisində təmizləyici qurğu inşa edilsə də, bu gün adı çəkilən qurğu sıradan çıxıb. Yeri gəlmişkən qeyd edək ki, şəhərdən kənar olunan həmin tullantı suların əksər hissəsi təmizlənmədən Gəncə və Kür çayına axıdılır. Samux ərazilərinə daxil olan çirkab suları ilə isə kənd adamları əkin sahələrini suvarır, əldə etdikləri məhsulu sonda özümüzə satırlar. Əhali arasında yaranan narazılıqlar getdikcə gücləndiyindən şəhər İcra Hakimiyyəti "Regionların sosial-iqtisadi inkişafı haqqında" Dövlət Proqramına uyğun olaraq, Gəncənin kanalizasiya sisteminin yenidən qurulmasını planlaşdırıb. Şəhərin sosial-iqtisadi inkişafı proqramı üzrə yaradılmış komissiyadan aldığımız məlumata görə, bu istiqamətdə görüləcək işlər aşağıdakılardan ibarətdir.
1. Gəncə küçəsinin 8-ci döngəsində və küçənin İnşaat texnikumuna tərəf olan hissəsində 0,8-1 km uzunluğunda xəttin çəkilməsi.
2. M. Müşfiq küçəsinin I döngəsi və İnşaatçılar küçəsində 1,9 km uzunluğunda xəttin çəkilməsi.
3. Qızıl Hacılı küçəsində 1,2 km uzunluğunda xəttin çəkilməsi.
4. Kimyaçılar küçəsində 1,1 km uzunluğunda xəttin çəkilməsi.
5. 1,2,3,4,5 və 6-cı Vağzal küçələrində 4,8 km uzunluğunda xəttin çəkilməsi.
6. H. Əliyev prospektində (Xaqani küçəsindən Atatürk prospektinə qədər olan arada) 1,1 km uzunluğunda xəttin çəkilməsi.
7. Təbriz küçəsində 2,1 km uzunluğunda xəttin çəkilməsi.
8. Bağbanlar küçəsində 1,7 km uzunluğunda xəttin çəkilməsi.
9. İ. Qayıbov küçəsində 1,3 km uzunluğunda xəttin çəkilməsi.
10. N. Nərimanov prospektində (Yevlax avtovağzalından Kimyaçılar küçəsinə qədər olan arada) 1,4 km uzunluğunda xəttin çəkilməsi.
11. İ. Məmmədov küçəsində 0,45 km uzunluğunda kanalizasiya xəttinin yenidən qurulması.
Aparılan hesablamalara görə, nəzərdə tutulan yaxın gələcəkdə quraşdırılacaq xəttlər şəhər ərazisinin 3/2 hissəsini əhatə edir. Bununla yanaşı şəhərin Cənub-Qərb, Cənub və Cənub Şərqində aparıcı kollektorların, Samuxdakı isə yeni təmizləyici qurğunun inşası da planlaşdırılıb. Dövlət hesabına baş tutacaq layihə çərçivəsində işlərin əsasən 2004-2007-ci illərdə həyata keçiriləcəyi planlaşdırılıb.

YENİ GƏNCƏDƏ YENİ İDMAN MEYDANÇASI TİKİLİR

Şəhərimizdə aparılan abadlıq işləri davam edir. Keçən hər bir gün ərzində şəhərimizin xarici görnüşündə baş verən əhəmiyyətli dəyişikliklər hiss olunur. Bu günlərdə Yeni Gəncə yaşayış massivində yeni idman kompleksinin inşasına başlanılıb. Aparılan işlərlə bağlı Gəncə şəhər Mənzil Kommunal İstehsalat Birliyinin baş mühəndisi Zahid Məmmədovun dedikləri: "Apardığımız işlər nəticəsində hissə-hissə Yeni Gəncənin əvvəlki görkəmini qaytarmağa nail oluruq. Buna misal olaraq Qərb və Nizami küçələrinin başdan-başa asfaltlanmasını, həmçinin Qərb küçəsi boyu yol kənarında istirahət guşəsinin yaradılmasını qeyd etmək olar". Sözügedən idman meydançası ilə bağlı müsahibimiz qeyd etdi ki, belə qurğular qəsəbədə bir neçə yerdə salınıb. Hal-hazırda isə Qərb küçəsinin sol kənarında əvvəlki fərdi bağ sahəsi sökülərək əvəzində basketbol və futbol sahəsinə malik meydança inşa edilir. İşlərin böyük qismi görülüb, tamamlama prosesi gedir. Bütün işlər daxili imkanlar hesabına həyata keçirilir. Z. Məmmədovun sözlərinə görə, şərərimizdə bu cür idman meydançalarının sayı 4-dür. Onların ümumi sahəsi təqribən 700 kv. m təşkil edir. Daha sonralar şəhərimizin ümumi görkəminə uyğun, yerləşməsi mümkün olan ərazilərdə imdan meydançalarının salınması planlaşdırılır.

AHISKA TÜRKLƏRİ İRD-NİN DİQQƏT MƏRKƏZİNDƏDİR

Bu gün Azərbaycanda yardıma ehtiyacı olan insanlar az deyil. Həmin kateqoriyaya əsasən qaçqınlar, məcburi köçkünlər, şəhid ailələri və s. qruplar aid edilir. Adı çəkilən bu qruplara dövlətin, xeyriyyəçi insanların, yerli və beynəlxalq humanitar yardım təşkilatlarının qayğısı haqqında tez-tez eşidirik. Mərhəmətə ehtiyacı olanlardan biri də Ahıska türkləridir. Sovet İttifaqının qurulması bir çox xalqların taleyi üçün faciəvi olub. 1944-cü ildə Ahiska türkləri Gürcüstandan Orta Asiyaya deportasiya olunmağa başladı. Məcburi köçürülənlərin dəqiq sayı məlum deyil. Ancaq 1944-cü ilin noyabrında 2 gün ərzində 85 000-dən 120 000-dək əhali Gürcüstandan Orta Asiyaya sürgün edilib və onların böyük əksəriyyəti Ahıska türkləri olub. 1989-cu ildə isə onlar Özbəkistanın Fərqanə vadisində yeni bir faciə ilə üzləşdilər. Təxribat nəticəsində baş verən qanlı etnik qarşıdurmadan can qurtarmağa çalışan Ahıska türkləri əsasən Rusiya, Ukrayna və Azərbaycana, bir qismi isə digər ölkələrə səpələndilər və həmin ölkələrdə qaçqın statusu ilə yaşamaq məcburiyyətində qaldılar. Azərbaycana gələn Ahıska türklərinin bir hissəsi Gəncə şəhərinin və Xanlar rayonunun ərazisində məskunlaşmışdır. Bu ərazilərdə onların yaşadığı yerlərdən biri də Hacıməlik kəndidir. 1989-cu ildə 300 ailə məskunlaşsa da, hal-hazırda bu kənddə cəmi 18 Ahıska türkü ailəsi qalıb. Qalanları isə yaşayış yerlərini öz istəklərinə uyğun olaraq dəyişmişlər. Gəncədə fəaliyət göstərən İRD (Beynəlxalq Yardım və İnkişaf) təşkilatının hədəf qruplarından biri də Ahıska türkləridir. Bu təşkilatın Ahiska türkləri ilə olan fəaliyyəti yardımdan daha çox onların fəallaşması, öz bizneslərini qurma bacarığının öyrədilməsi ilə bağlıdır. İRD-nin təşkil etdiyi bu təlimlər 18 qadını və bir kişini biznes dərslərinə cəlb etmişdi. Orada qaz cücəsinə necə baxmaq, onu nə vaxt, nə ilə və necə yemləmək, xəstələndikdə onu hansı dərmanlarla müalicə etmək üsulları, həmçinin böyütdükdən sonra qazları sataraq daha çox gəlir götürmə yolları öyrədilib. Aprel ayında isə onlar qaz balalarının saxlanılması üçün dəmir torla təchiz olunublar. May ayında isə artıq qaz cücələrinin qaçqınlara paylanılması prosesi başlanmışdır. Qaçqın qadınlara məhz qaz cücələrinin paylanması bir çox səbəblərlə bağlı idi. İlk növbədə bu ev quşlarını saxlamaq onlar üçün daha əlverişli idi. Bundan başqa onlar qazın həm ətini, həm də tükünü sataraq mənfəət götürə bilərlər. Hələ qədimdən Azərbaycanda qaz tükündən hazırlanmış balınclara daha çox üstünlük verilmişdir. Bu da qaz tükünə tələbatın həmişə yüksək olması deməkdir. Onu da qeyd edək ki, qaz cücələrinin qıt olması İRD nümayəndələrinin işini bir qədər çətinləşdirdi. Belə ki, onlar Goranboy, Qazax, Bərdə, Xanlar kimi rayonlara gedərək cücələri evlərdən yığmalı olurdular və İRD-nin Marketinq üzrə mütəxəssisi Gülrux Kəsəmənli bölüşdürmə işini qaçqın qadınların özlərinə həvalə etdi. "Təlim vaxtı mən onun şahidi oldum ki, onlar bizim dərslərimizdə çox fəal iştirak edirlər - kiçik biznes planının necə tutulması, kiçik hesabatların necə aparılması onlar üçün çox maraqlı idi. Bundan başqa, mən onların çox təmiz, vicdanlı insanlar olduğunun şahidi oldum və qərara gəldim ki, qaz cücələrinin ailələr arasında bölüşdürülməsi işini onlara həvalə edim". Onu da vurğulayaq ki, İRD-nin təlimlərinədək bu ailələrdə işçi qüvvə yalnız kişilər idi. Qadınlar adətən evdə oturur, uşaqlara baxır və ev işləri ilə məşğul olurdular. Bir sözlə qadınların əksəriyyəti işsizdir. İndi isə Ahiska türk qadınları fikirləşirlər ki, onlar da nəsə bir iş görməklə ailəyə kömək edə bilərlər. Bu evdə oturmaqdan və ərin nə vaxt pul gətirəcəyini gözləməkdən daha yaxşıdır. Onlar da öz işləri ilə ailənin vəziyyətini yaxşılaşdıra bilərlər. Qaçqın qadınlar üçün bu layihədə iştirak etməyin əhəmiyyəti, gəlir mənbəyinin tapılmasından daha çox onlarda özlərinə, öz gələcəklərinə və ən başlıcası isə insanlara inamın qayıtması ilə ölçülür.

İDMAN:ŞAHMAT, TƏKBƏTƏK DÖYÜŞ
ŞAHMAT

Türkiyənin Ürdür şəhərində yeniyetmələr və gənclər arasında şahmat üzrə növbəti Avropa birinciliyi start götürdü. Yarışda qitənin 36 ölkəsini təmsil edən 900-ə yaxın gənc şahmatçı medallar uğrunda mübarizə aparır. İştirakçılar arasında Azərbaycanın bir qrup idmançısı da mübarizəyə qoşulub. Yığma komandanın tərkibində Gəncə Şahmat Məktəbinin yetirmələri var. Artıq iştirakçılar 5 tur oynayıb. Gəncə idmançılarının arasında hələlik Gülşən Ağayeva ən yaxşı nəticə göstərir. O, 12 yaşlı qızlar arasında 4 xal yığıb. Oğlanlar arasında bu yaş qrupunda Ayaz Məmmədovun 3,5 xalı var. 14 yaşlılar arasında (oğlan) Nicat Ağayev öz gücünü sınayır. Onun 3,5 xalı var. Və nəhayət, ən kiçik yaş qrupunda (10 yaşlılar arasında) birinciliyin debütantı Ülviyyə Fətəliyeva 2,5 xal yığıb. Avropa birinciliyinin mükafatçıları avqustun 7-də məlum olacaq.
*****
Avqustun 1-də Zaqatalada yeniyetmələr arasında respublika turniri başa çatmışdır. İsveçrə sistemi ilə keçirilən yarışda ölkənin bir neçə şəhər və rayonlarının, o cümlədən Gəncənin idmançıları iştirak etmişdir. 10 yaşlı qızlar arasında ən yaxşı nəticəni Gəncə Şahmat Məktəbinin yetirməsi Səbinə İbrahimova göstərdi. 0,6 xalla birinci olmuşdur.

TƏKBƏTƏK DÖYÜŞ

Bu günlərdə Bakıda təkbətək döyüş üzrə yeniyetmələr və gənclər arasında beynəlxalq turnir keçirildi. Qələbə uğrunda Rusiyanın, Qazaxıstanın, Özbəkistanın və Azərbaycanın idmançıları öz döyüş texnikalarını göstəriblər. Yarışda Gəncənin "Dinamo" İdman cəmiyyətinin üzvləri (məşqçi - Əziz Əzizov) öz güclərini sınayıblar. Gəncəlilər yaxşı döyüşərək şəhərə 6 medalla qayıdıblar. Ən yaxşı nəticəni Talıb Bayramov (16-18 yaşlı arasında) Elvin Əliyev və Toğrul Rüstəmov (12-15 yaşlı arasında) göstəriblər. Onlar bütün döyüşləri udaraq turnirin qızıl medalları ilə təltif olunublar. Qeyd edək ki, Talıb Bayramov finalda MDB çempionu qazaxıstanlı idmançıdan üstün oldu. Elmar Əhmədov (12-15 yaşlılar arasında) gümüş, Hüseyn Qasımov (12-15 yaşlılar arasında) və Tural Məmmədov (16-18 yaşlılar arasında) bürünc medallara layiq görülüblər. Turnir yanaşı məşqçilər və hakimlər arasında seminar keçirildi. Seminarı beynəlxalq assosiasiyasının (İA FCF) prezidenti Aleksandr Matveyev və vitse-prezidenti Sergey Yermakov aparırdı. Sertifikat alanlar arasında Əziz Əzizov da oldu. Onu noyabrda Kislovodsk şəhərində keçiriləcək MDB ölkələrinin çempionatında hakimlik üçün dəvət ediblər.

Bu həftə buraxilişi
PDF formatda

#19 (93)
07 - 17 iyun
2005-ci il


[
Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden in /home2/ganca/domains/www/aze/x_right.html on line 15

Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden in /home2/ganca/domains/www/aze/x_right.html on line 15

Warning: main(): Failed opening 'http://www.ganca.net/downloads/download.php?showme=5' for inclusion (include_path='.:/usr/local/php4/lib/php') in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
] dəfə yüklənib.



İnglis versiyası Inglis versiyasiRus versiyasi Rus versiyası
Webmaster 2004 Awarded