HƏFTƏLİK XƏBƏRLƏR "GƏNCƏBASAR" müstəqil qəzeti tərəfindən təqdim olunub.
 
ARXIV
#04. 24-30 yan 2004
#05. 31-06 fev 2004
#06. 07-13 fev 2004
#07. 14-20 fev 2004
#08. 21-27 fev 2004
#09. 28-05 mart 2004
#12. 20-26 mart 2004
#13. 27-02 apr 2004
#14. 03-09 apr 2004
#15. 10-16 apr 2004
#16. 17-23 apr 2004
#17. 24-30 apr 2004
#18. 01-07 may 2004
#19. 08-14 may 2004
#20. 15-21 may 2004
#22. 29-04 iyun 2004
#23. 05-11 iyun 2004
#24. 12-18 iyun 2004
#25. 19-25 iyun 2004
#26. 26-02 iyul 2004
#27. 03-09 iyul 2004
#28. 10-16 iyul 2004
#29. 17-23 iyul 2004
#30. 24-30 iyul 2004
#31. 31-06 avq 2004
#32. 07-13 avq 2004
#33. 14-20 avq 2004
#34. 21-28 avq 2004
#35. 29-03 sen 2004
#36. 04-10 sen 2004
#37. 11-18 sen 2004
#38. 19-24 sen 2004
#39. 25-01 okt 2004
#40. 02-08 okt 2004
#42. 16-22 okt 2004
#43. 23-29 okt 2004
#45. 06-12 noy 2004
#46. 20-26 noy 2004
#47. 27-04 dek 2004
#48. 05-11 dek 2004
#49. 12-17 dek 2004
#50. 18-24 dek 2004
#51. 25-31 dek 2004
#01. 01-07 yan 2005
#04. 05-11 fev 2005
#05. 19-25 fev 2005
#06. 05-11 mart 2005
#07. 12-18 mart 2005
#08. 19-25 mart 2005
#09. 26-01 apr 2005
#10. 02-08 apr 2005
#13. 26-02 may 2005
#14. 03-09 may 2005
#15. 10-16 may 2005
#16. 17-23 may 2005
#18. 31-06 iyun 2005

#23. 05 - 11 iyun 2004

GƏNCƏDƏ 5 ULDUZLU OTEL TİKİLƏCƏK

İyun ayının 1-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı yanında şura iclası keçirilib. İclasda əsasən 4 mühüm məsələ müzakirə olunub. Qeyd edək ki, yığıncaq həm də son dövrlər şəhərimizdə baş verən hadisələrlə bağlı hesabat xarakteri daşıyırdı. İclasda ilk müzakirə olunan məsələ 13 may 2004-cü il tarixdə şəhər Kardioloji dispanserində insan ölümü ilə nəticələnən yanğın hadisəsinin başvermə səbəblərinə həsr olundu.

Müzakirə predmeti olan 2-ci məsələ ilə Gəncənin bazar və ticarət obyektlərində baş alıb gedən antisanitariya hallarının aradan qaldırılması ilə bağlı oldu. Baytarlıq İdarəsinin əməkdaşları bildirdilər ki, bazarlarda rəhbərlik tərəfindən onlara ciddi maneələr törədilir. Belə ki, əhalinin ən çox alış-veriş etdiyi bazarlarda otaqlar yaradılmağa icazə verilmir. Bu isə öz növbəsində yeyinti məhsullarının tibbi müayinədən keçməməsi ilə nəticələnir. Şura iclasında bir daha Gəncənin Mərkəzi bazarındakı vəziyyətə toxunuldu. Yenə də bazar rəhbərliyinin qarşısında məsələ qaldırıldı ki, yaxın günlərdə bazarda əsaslı təmir aparılsın. Əks halda bazarın Yeni Gəncə ərazisinə köçürülməsi planı gerçəkləşəcək.

Növbəti müzakirəyə çıxarılan məsələ ilə Şah İsmayıl Xətai prospektində çoxmərtəbəli binanın ucaldılmasına, eyni zamanda Gəncədə 5 ulduzlu mehmanxana tikilməsinə həsr olundu. Hazırda tikiləcək 10 mərtəbəli binanın və 5 ulduzlu mehmanxananın eskizlərinə baxış keçirilir və smetası müəyyənləşdirilir.

Sonuncu müzakirələr isə narkomaniyaya qarşı mübarizənin bu günkü vəziyyəti ilə bağlı oldu. Gəncə şəhər Narkotiklərlə Mübarizə Regional Şöbəsinin rəisi çıxış edərək bildirdi ki, bu günə qədər qrup halında fəaliyyət göstərən 11 dəstə yaxalanıb. Bu dəstə 32 üzvdən ibarətdir. Onlar İran, Gürcüstan, Azərbaycan marşrutu üzrə narkotik maddələrin daşınması işi ilə məşğul olurdular.


ELEKTRİK XƏTLƏRİ TƏZƏLƏNİR

Gəncə şəhər elektrik şəbəkəsi əhalinin enerjiyə olan tələbatını yaxşılaşdırmaq məqsədilə qeyri-qanuni xətlərin ləğv edilməsi və istifadə müddətini başa vurmuş avadanlıqların yeniləşməsi prosesini davam etdirir. Sözügedən məsələ ilə bağlı cari işlər Ş. İ. Xətai prospekti ilə İ. Məmmədov küçəsinin kəsişdiyi yerdə aparılıb. Ərazidə çalışan Gəncə şəhər Elektrik Şəbəkəsinin Mərkəzi hissə rəisi İkram Mehdiyev bizə bunları söylədi: "Bildiyimiz kimi şəhərimizdə bir neçə ərazi şəbəkə sahəsi (Nizami, Kəpəz, Mərkəz) fəaliyyət göstərir. Mərkəzi hissədə əsaslı təmir işləri aparmanın səbəbi şəhər həyatının qaynar olduğu ərazidə enerji təminatını yaxşılaşdırmaqdır. Bu ərazidə qeyri-qanuni xətləri ləğv edib ehtiyac duyulan istiqamətlərə 10 yeni xətt çəkirik". Müsahibimizin sözlərinə görə, illik iş qrafikinə əsasən H. Əliyev, Vaqif, Ə. Hüseynzadə küçələrində, eləcə də Atatürk, Heydər Əliyev prospektlərində cari təmir işləri aparılaraq, qeyri-qanuni xətlər ləğv edilib. Hal-hazırda isə Ş. İ. Xətai prospekti, İ. Məmmədov və Oğuz küçələrində bu proses davam edir


27 VAQON AŞIB

Bu günlərdə Gürcüstan istiqamətindən şəhərimizə doğru hərəkət edən qatar Gəncə Gil-Torpaq İstehsalat Birliyinə məxsus xammalı (boksid) Gəncə stansiyasında dayanıb yerli elektrovoza təhvil vermişdi. Azərbaycan Dövlət Dəmiryol İdarəsinin hərəkətin təhlükəsizliyi üzrə baş müfəttişi Tofiq Əliyevin dediyinə görə, xammalı qəbul edən elektrovoz Gil-Torpaq İstehsalat Birliyinə yaxınlaşan zaman maşinist əyləcin nasaz vəziyyətdə olmasını dərhal stansiyaya xəbər vermişdir. Bu zaman stansiya elektrovozu işlək olmayan yola istiqamətləndirmişdir. Bu istiqamətdə hərəkət edən elektrovoz işlək olmayan yolda yığılıb qalmış qatarlara çırpılmışdır. Nəticədə 47 vaqondan 27-si aşmış və xammal yerə səpələnmişdir. Aşan 27 vaqonda 1800 ton boksidin olması müəyyənləşib. Xəsarət alan olmayıb. Dəyən maddi ziyan və qəza səbəblərini araşdırmaq üçün təhqiqat aparılır. Hadisənin baş vermə səbəbləri barədə təfərrüatı ilə qəzetimizin gələn sayında oxuyun.


İSRAFİL MƏMMƏDOVUN 85 İLLİYİ QEYD OLUNDU

Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov keçdiyi şərəfli, rəşadətli ömür yolu ilə xalqımızın qəhrəmanlıq tarixində silinməz izlər qoyub. O, 1919-cu il may ayının 30-da Şəmkir rayonunun Qapanlı kəndində anadan olmuşdu. Lakin sonralar ailəsi kasıblıq ucbatından bir tikə çörək üçün Gəncəyə gəlmiş və indiki İsrafil Məmmədov küçəsi, 1-ci döngə, ev 99 saylı unvanda yaşamışlar. Qeyri-adi uşaqlıq keçirən İsrafil Məmmədov 1939-cu ildə Rusiyanın Novqorod şəhərində "N" saylı hərbi hissəsinin əsgəri oldu. 1941-ci ildə isə kiçik rütbəli komandirlər hazırlayan alaya qəbul edildi. 6 aylıq kursu uğurla bitirən İsrafil baş serjant rütbəsində Novqorod şəhəri yaxınlığındakı hərbi hissəyə göndərildi. İsrafil sanki qarşıda bizi gözləyən dəhşətli müharibəni görür, özünü bununçün hazırlayırdı. 1941-ci ildə Moskva ətrafında şiddətli döyüşlər gedirdi. Azərbaycanın İsrafil kimi oğulları bu döyüşlərdə əsl igidliklər göstərirdilər. Bir neçə döyüş əməliyyatlarında göstərdiyi hünərlərə görə baş serjant İsrafil Məmmədovu "Gəncəli şahin" deyə çağırırdılar. Onun əsas məqsədi hər bir dağılmış, viran qoyulmuş şəhər, kənd, günahsız yerə öldürülmüş insan - qoca, cavan, qadın, körpə üçün qisas almaq idi. İsrafil Məmmədovun səngərdə keçirdiyi hər bir gün onun əqidəsinə, məsləkinə, doğma Azərbaycana xidmətin yeni ifadəsi idi. O, Cavad xan qeyrətli oğulların vətəni Azərbaycandan olduğunu 20 nəfər döyüşçüsü ilə 10 saata yaxın gedən döyüşdə, 2 batalyon alman əsgər və zabiti ilə vuruşda 300 nəfərdən çox faşisti (tək özü 70 faşist) məhv etdikdən sonra təsdiqlədi və bu rəşadətli döyüşünə görə, SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 11 dekabr 1941-ci il tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adı aldı. Bundan sonra gənc qəhrəman bir-birinin dalınca orden və medallara layiq görüldü: Qızıl ulduz, Lenin ordeni, saysız-hesabsız tərifnamələr cəbhədən birbaşa Gəncəyə, Gülsüm anaya göndərilirdi. İsrafil isə son nəfəsinədək vuruşdu, faşizm üzərində qələbə üçün bacardığını etdi... Həmin qanlı-qadalı illərdən indi bizi uzun bir zaman fasiləsi ayırır. Lakin qədirbilən xalqımız həyatını qanlı döyüşlərdə qurban vermiş igid döyüşçülərin xatirəsini heç zaman unutmayıb. 2004-cü il may ayının 30-da Gəncə şəhər Veteranlar Təşkilatı, ağsaqqallar məclisinin sədri Yusif Yusifovun təşəbbüsü ilə keçirdiyi Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun anadan olmasının 85 illik yubileyi ilə əlaqədar anma günü keçirildi. Veteranlar idarəsinin qarşısında başlanan tədbirə İcra Hakimiyyətinin nümayəndələri, veteranlar, ziyalılar, tələbələr yığılmışdı. Sonra tədbir iştirakçıları "Sərdar bağı"na gedərək, qəhrəmanın qəbrini ziyarət etdilər. Tədbiri Yusif Yusifov açdı. O dedi: - İsrafil Məmmədov yenilməz qəhrəmanlığı ilə daima qəlblərdə yaşayan oğullarımızdandır. Fəxarət hissi keçirmək lazımdır ki, bizim belə bir oğlumuz var. Onun keçdiyi qəhrəmanlıq, igidlik yolunu hər saniyə bu gənclərə anlatmaq üçün var gücümüzlə çalışmalıyıq. Çıxış edənlər arasında İsrafil Məmmədovun yaxın qohumu Əli Hüseynov da vardı. O, öz növbəsində İsrafil Məmmədovu deyib buraya gələnlərə minnətdarlığını bildirdi. Belə bir tədbiri təşkil edənlərə də minnətdarlıq etdi. Tədbirin sonunda İsrafil Məmmədovun qəbri üstünə tər çiçəklər qoyuldu.


GÖY GÖL MEŞƏLƏRİ TƏHLÜKƏ QARŞISINDA

Məlum olduğu kimi ötən mart ayının əvvəlində respublika ərazisində baş verən təbii fəlakət - sürətli dolu, yağışla müşayiət olunan qasırğa daha çox qərb zonasına daxil olan rayonların sakinlərinin yaşayış mənzillərinə və təsərrüfatlarına ziyan vurdu. (Xatırladaq ki, həmin vaxt Daşkəsən rayonunun Zağalı kəndində 80 ev tamamilə yandı, Alnutdağ qəsəbəsində iki mərtəbəli bir bina, Şahkərəm kəndində 2 ev, Qıyıqlı kəndində isə 30-dan çox ev yaşayış üçün istifadəsiz vəziyyətə düşdü). Təbii fəlakət Gəncəbasar zonasının mənzərəli guşələrindən olan Göy göl Dövlət Qoruğundan da yan keçməyib. Nəticədə meşənin ağac örtüyünə güclü ziyan dəyib. Qoruğun direktoru Bilal Verdiyev aldığımız məlumata görə meşədə onlarla (dəqiq sayı bilinməsə də) ağac tamamilə məhv edilib, təxminən bir o qədəri də müxtəlif dərəcəli xəsarət alıb. "Yerə yıxılan əksər ağaclar xəstə olduğu üçün, güclü qasırğaya dözüm gətirə bilməyiblər. Yerə yıxılandairi gövdələri sağlam ağaclara da xələl yetiriblər".


GƏNCƏDƏ YENİ UŞAQ MƏRKƏZİ AÇILDI

İyunun 1-də Gəncədəki 7 saylı Kəlbəcər rayon məktəbinin nəzdində Qaçqın Uşaqların Reabilitasiya Mərkəzinin açılışı oldu. Mərkəz Gəncədə fəaliyyət göstərən Gənc Liderlər Assosiasiyasının və Polşanın "Artos" Fondunun birgə layihəsi əsasında yaradılıb. Mərkəzdə artıq bu ilin may ayının 1-dən 7-12 yaş arasında olan 40 nəfər qaçqın və məcburi köçkün uşaqları üçün treninq və məşğələlər keçirilir. Reabilitasiya Mərkəzinin yaradılmasında başlıca məqsəd bu uşaqların istedadlarını üzə çıxarıb daha da inkişaf etdirməkdir. Burada uşaqlar üçün rəsm, əl işləri, musiqi, rəqs dərnəklərində maraqlı məşğələlər və intellektual oyunlar keçirilir. Açılış mərasiminin təşkil olunduğu otaq da məhz uşaqların dərslər zamanı çəkdikləri rəsmlərlə, əl işləri ilə bəzədilmişdi. Məşğələləri aparan müəllimlər 4 ay bundan öncə Polşada 2 həftəlik seminarda iştirak etmiş, polşalı həmkarlarının uşaqlarla necə işləməsi ilə yaxından tanış olmuşlar. Müəllimlərin Rolşada əldə etdikləri bilikləri yeni yaradılan Reabilitasiya Mərkəzinin işində nə dərəcədə tədbiq edə bilmələri ilə maraqlanaraq, adıçəkilən ölkədən Gəncəyə "Artos" Fondunun nümayəndələri 3 nəfərlik heyətlə gəlib. Bir həftədən artıq şəhərimizdə olan qonaqlar, Mərkəzin işindən razı qaldıqlarını bildirdilər. Buna sübut olaraq Fondun rəhbəri Maçiek Zmslovski Rolşada seminarda iştirak edən hər 6 müəllimə sertifikat təqdim etdi. Polşalı qonaq Reabilitasiya Mərkəzinin açılması münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi: "Mən çox şadam ki, Gəncədə belə bir mərkəz yaradılıb. Uşaqlar burada həm oynaya, həm də bilik əldə edə bilərlər. Olduqca xoşdur ki, biz bununla onların həyatlarının müsbət mənada dəyişilməsinə köməklik etmiş oluruq". M. Zmslinski, həmçinin ümid etdiyini bildirdi ki, bu layihə onların ölkəsi ilə Azərbaycan arasında həyata keçirilən sonuncu layihə olmayacaq. Polşa ilə Gəncə arasında əlaqələrin hələ 300 il bundan əvvəl yarandığını deyən qonaq, bu ənənələrin bundan sonra da davam etdiriləcəyini bildirdi.


AKTA və "Sərdar bağı"nda tədbirlər

28 May Respublika günü münasibəti ilə Şərqdə ilk demokratik ölkə, 86 il öncə istiqlalını dünyaya bəyan etmiş Azərbaycan Cümhuriyyətinin birinci rəsmi iqamətgahı olan indiki Azərbaycan Kənd Təssərrüfatı Akademiyasının baş binasında tədbir keçirildi. Şəhər rəhbərliyinin də qatıldığı bu tədbirdə Cümhuriyyət dönəmi ilə bağlı bir çox çıxışlar səsləndi. Həmçinin tədbir iştirakçıları milli respublikanın ilk hökumət kabinetinin fəaliyyət göstərdiyi akademiya muzeyində o dövrə aid eksponatlarla tanış olub xatirə kitabına ürək sözlərini yazdılar. Tədbirin rəsmi hissəsi bitdikdən sonra "Sərdar bağı"nda AKTA-nın təşkil etdiyi, bu elm və təhsil ocağının nailiyyətini də əks etdirən kənd təsərrüfatı sərgisi keçirildi. Sərgidə həmçinin Gəncə dövlət Rəsm Qalereyasının, Uşaq İncəsənt Məktəbinin, şəhərimizdə fəaliyyət göstərən digər incəsənət ocaqlarının təqdim etdikləri əl işləri, tariximizin dünənini, bu gününü əks etdirən materiallar da nümayiş etdirilirdi.


GƏNC TARZƏNİN BÖYÜK UĞURU

May ayının 23-27-si tarixində Bakıda orta ixtisas musiqi məktəbi tələbələrinin IX Respublika müsabiqəsi keçirildi. Müsabiqədə şəhərimizi Gəncə Musiqi Texnikumunun üç tələbəsi təmsil edirdi. Bu üç nəfərdən ikisi laureat adına layiq görülüb. Bunlar xalq çalğı alətləri şöbəsinin II kurs tələbəsi Zəki Vəliyev (müəllimi Arif Hüseynov, konsertmeyster Gültəkin Alıyeva) və orkestr alətləri şöbəsinin I kurs tələbəsi Xan Yusubov (müəllimi əməkdar mədəniyyət işçisi Firdovsi Ələkbərov, konsertmeystr Ülviyyə Alıyeva) olub. Müsabiqənin laureatları III dərəcəli diplom ilə təltif olunublar. Arif Hüseynovun müsabiqə barədə dedikləri: "İlk növbədə deməliyəm ki, müsabiqə çox çətin idi, həm də şəffaf şəkildə keçirildi. Bizim üçün qələbə asan başa gəlmədi. Naxçıvan, Lənkəran, Şəki, Ağdam və digər 9 şəhərin musiqi məktəblərindən Bakı təmsilçiləri daha güclü idilər. Lakin Zəki müsabiqəni uğurla başa vurdu". I turda lirik pyes (Q. Qarayevin "Yeddi gözəl" baletindən "Aişənin rəqsi"), iri həcmli əsər (Həsən Rzayevin "Cahargah" rapsodiyası) və muğam ("Cahargah" muğamı (not: Arif Hüseynov, muğamat: Akif İbrahimov)) ifa edən Zəki II tura vəsiqə qazandı. Startda 28 nəfərdən II tura cəmi 20 nəfər keçdi. II turda Azərbaycan bəstəkarlarından H. Xanməmmədovun II konsertinin ikinci və üçüncü hissəsini və "Bayatı-şiraz" muğamını məharətlə ifa edən Z. Vəliyev respublika üzrə üçüncü oldu. Püşkatma bizi 26-cı yerdə qərarlaşdırdığından, qabaqkı çıxışçıların ifalarına və qüsurlarına diqqətlə fikir verirdik. Ümumiyyətlə Z. Vəliyevin musiqiçi kimi yetişməsində Musiqi Məktəbinin müəllimi Akif İbrahimovun əməyi az olmayıb. Müsabiqənin münsiflər heyətinin sədri, Milli Konservatoriyanın prorektoru Oqtay Quliyev Z. Vəliyev haqqında bunları deyib: "Z. Vəliyev bu məsul və böyük müsabiqədə uğurla çıxış etdi. Çox istedadlı tələbə-ifaçıdır. Mən onun gələcəyinə ümid bəsləyirəm. İnanıram ki, yaxşı musiqiçi kimi yetişəcək. Mən Arif müəllimi də təbrik edirəm, böyük müvəffəqiyyətlər arzulayıram. Bu şübhəsiz ki, onun da zəhmətidir. Zəkini konservatoriyada oxumağa dəvət edirəm. Müsabiqə iştirakçıları ilə birlikdə Bakıda olan GMT-nın direktoru Vahid Mirzəyevin dediklərindən: "Zəki Vəliyev çox istedadlı, zəhmətkeş tələbədir. O, həm də bizim texnikumda konsertmeystr kimi çalışır və bu da onun bir ifaçı kimi təkmilləşməsinə böyük imkan yaradır. Müsabiqədə qələbə Zəkinin və onun müəllimi A. Hüseynovun böyük zəhmətlərinin nəticəsidir. Bizim texnikumun qapısı belə bacarıqlı gənclər üçün həmişə açıqdır". Qeyd edək ki, Z. Vəliyev 2 dəfə şəhər musiqi məktəbləri müsabiqəsinin qalibi olub. Müsabiqəyə qədər Gəncədə 2, 3 və 5 saylı Uşaq Musiqi Məktəblərində və GMT-da solo konsertlər verib. 3 saylı Musiqi Məktəbinin yetirməsidir.


İDMAN:MİNİ FUTBOL, ŞAHMAT, FUTBOL, OYUNLAR.
MİNİ FUTBOL

Xəbər verdiyimiz kimi "Dinamo" İdman Cəmiyyətinin Gəncə şurasının futbol meydançasında Respublika Gününə həsr olunmuş mini futbol üzrə gənclər arasında şəhər birinciliyi start götürüb. Mayın 28-də final oyunu keçirildi. Həlledici görüşdə 2 saylı UGİM-in iki komandası - "Toxucu" və "Şəhadət" qarşılaşıb. Maraqlı görüş əsas və əlavə vaxtda heç-heçə başa çatdı. Qalibi müəyyən etmək üçün hakim hər qapıya beş cərimə zərbəsi təyin etdi. "Toxucu" futbolçuları (məşqçi-İmam Musayev) daha dəqiq olaraq şəhər çempionu adını qazandılar. Görüşdən sonra komandalara və ayrı-ayrı fərqlənən futbolçulara medallar və hədiyyələr təqdim olundu.

ŞAHMAT

Gəncə Şahmat Məktəbində Respublika Günü münasibəti ilə şahmat və dama yarışları təşkil olundu. Şahmat turniri iki qrupda keçirilib. "A" qrupunda 57 idmançı mübarizə aparırdı. İki şahmatçı - Oqtay Abbasov (34 saylı məktəb) və Kamil Kazımov (43 saylı məktəb) eyni xal (8) toplayıblar. Əmsal cədvəlinə görə turnirin qalibi Oqtay Abbasov oldu. Üçüncü yerə 18 saylı məktəbin şagirdi Orxan Əkbərov çıxdı. Qızlar arasında ən yaxşı nəticəni 27 saylı məktəbin şagirdi Səbinə İbrahimova göstərdi. Onun hesabına 6,5 xal yazıldı. "B" qrupunda qələbə uğrunda 65 gənc şahmatçı mübarizə aparırdı. 14 saylı məktəbin şagirdi Ülviyyə Fətəliyeva bütün görüşlərdə qalib gələrək (9 oyundan 9 xal) birinci oldu. Mikayıl Mehdiyev (5 saylı məktəb) ikinci, Rəşad Kazımov (6 saylı məktəb) üçüncü yerlərə çıxıblar. Qızlar arasında 18 saylı məktəbin şagirdi Şəms Mehdiyeva fərqləndi. Dama yarışında 21 idmançı öz gücünü sınayıb. "A" qrupunda 6,5 xalla 41 saylı məktəbin şagirdi Rəşad Əliyev, "B" qrupunda isə 2 saylı məktəbin şagirdi Ülviyyə Alxanova fərqləndi. O, öz hesabına 9,5 xal yazdı. Fərqlənən idmançılara diplomlar və hədiyyələr verildi.

OYUNLAR

Mayın 10-dan 21-ə kimi Bakıda Yeniyetmələrin IV Respublika Oyunlarının final mərhələsi keçirilib. Final mərhələdə 500-ə yaxın idmançı qüvvəsini sınayıb. Qaliblər və mükafatçılar 16 növdə müəyyən olunub. Ümumi nəticələrə görə, şəhərlər arasında Bakı-1 komandası 2451 xalla birinci, Bakı-2 komandası 1499 xalla ikinci, Sumqayıt komandası isə 1016 xalla üçüncü yer tutublar. Gəncənin yığma komandası 12 növdə - atletika, basketbol, voleybol, sambo, cüdo, sərbəst və yunan-roma güləşi üzrə, stolüstü tennis və sairlərində öz gücünü sınayıb. Ümumi hesabda gəncəlilər beşinci olub (4-cü yeri Şəki komandası tutub). Bir neçə idman növündə - sərbəst güləş, sambo, cüdo (qızlar) idmançılarımız yaxşı çıxış edərək öz pərəstişkarlarını sevindirə biliblər. Amma yunan-roma, atletika, basketbol, stolüstü tennis, həndbol, voleybol və taekvondoda zəif nəticə göstəriblər. Ümumiyyətlə Gəncə idmançılarının IV Respublika Oyunlarında çıxışı qənaətbəxş olmadı.

Bu həftə buraxilişi
PDF formatda

#19 (93)
07 - 17 iyun
2005-ci il


[