ARXIV
|
#45. 06-12 noyabr 2004
GECİKMİŞ POEZİYA BAYRAMI Hər il Gəncədə keçirildiyi vaxtda gözlənilən, lakin bu il nədənsə xeyli ləngidilən ənənəvi Nizami Poeziya Bayramı nəhayət ki, baş tutdu. Tədbir dahi şairimizin adını daşıyan küçədəki büstünün qoyulduğu eyniadlı guşədən başladı. Sonra isə Poeziya Bayramı Gəncə Dövlət Kamera Orkestrində "Sənsiz" romansının səsləndirilməsi ilə davam etdirildi. Bunun ardınca da ölməz söz ustadının M. A. Abbaszadə küçəsində yerləşən əzəmətli heykəli önünə əklillər qoyuldu.
Tədbirin proqram üzrə ən təntənəli hissəsi isə hər il olduğu kimi Nizami məqbərəsində davam etdirildi. Burada "Xəmsə"yə daxil olan əsərlərdən ibarət səhnələr göstərildi. Şair Rübail, nizamişünas-alim X. Yusifov, şairə Xəzangül çıxış edərək Nizami yaradıcılığı haqqında danışdılar, ona həsr olunmuş şerlər söylədilər.
Və sonunda, möhtəşəm şairin adı ilə bağlı keçirilən, lakin yumşaq desək, möhtəşəmlikdən bir qədər xeyli uzaq təsiri bağışlayan tədbir Gəncə Dövlət Nizami Poeziya Teatrında A. Babayevin "Memarın məhəbbəti" poeması əsasında səhnələşdirilmiş və Nizami dövrünü özündə əks etdirən eyniadlı tamaşa ilə başa çatdı.
Yuxarıda qeyd etdiyimiz kimi, ötən illərdən fərqli olaraq, bu il Nizami Poeziya Bayramı sentyabrda deyil, bir ay gec - oktyabrın 29-da keçirildi. Səbəbini qəzetimizin əməkdaşına açıqlayan Gəncə Mədəniyyət İdarəsinin rəisi Mina Məlikova bu gecikməni ötən ay Gəncədə Biznes-forumun keçirilməsi ilə əlaqələndirdi (? - red).
O ki, qaldı paytaxtdan, AYB-dən qonaqların Poeziya Bayramında iştirak etməməsinə, bu barədə həmsöhbətimizin söylədiyi fikir bundan ibarət oldu ki, Bakıya tədbirin keçiriləcəyi barədə məlumat verilsə də, AYB-dən gələcək heyətin xərclərini Gəncədəkilərin öz üzərinə götürmək üçün maliyyə vəsaiti olmadığı üçün, ali poeziya məclisimiz qonaq-qarasız keçib.
Amma çox da uzaq keçmişə aid olmadığı üçün çoxları, o cümlədən də hörmətli M. Məlikova, şair Məmməd Alim və AYB-dəkilər də yəqin ki, xatırlamaqda çətinlik çəkməzlər: vaxt vardı Azərbaycan yazarları Respublikamızın az qala bütün şəhər və rayonlarında Nizami Poeziya Günlərini böyük təmtəraqla keçirər, hələ üstəlik qonşu dövlətlərdən də çoxsaylı qonaqlar qəbul edərdilər!?
"Hanı dediyim bəy ərənlər..."
KUKLA TETRIMIZ FESTİVALA HAZIRLAŞIR
Uşaqların sevimlisi olan Gəncə Dövlət Kukla Teatrı uzun illər "Simurq" xalq teatrı kimi fəaliyyət göstərmiş, 1986-cı ildə Dövlət Teatrı statusu almışdır. Ötən 18 il ərzində bir çox beynəlxalq festivallarda uğurlu çıxışlar edərək çoxsaylı tamaşaçıların rəğbətini qazanmışdır.
Gəncə Dövlət Kukla Teatrı bu günlərdə növbəti qastrol səfərinə hazırlaşır. Teatrın direktoru Bayram Fətəliyevdən aldığımız məlumata görə, hazırkı səfər noyabr ayının 21-dən 27-dək Türkiyənin Bursa şəhərində keçiriləcək festivalla bağlıdır: "Türkiyədə keçirilən festivallarda dəfələrlə iştirak etmişik. Bu dəfəki dəvəti hələ keçən il İzmirdə keçirilən festivalda olarkən almışdıq. Həmin festivalda Bursadan da nümayəndə heyəti iştirak edirdi. Onlar ifamızı çox bəyəndilər və bizi X Bursa "Qaragöz" (Türkiyədə kukla teatrı bu cür adlandırılır - R. V.) festivalına dəvət etdilər. Biz də bu dəvəti qəbul etdik və gördüyünüz kimi, artıq səfərə hazırlaşırıq. Onu da qeyd edim ki, belə festivallarda iştirak etmək teatrımız üçün çox əhəmiyyətlidir. Çünki həmin səfərlərdə özümüzü başqa teatrlarla müqayisə etmək imkanı əldə edirik".
B. Fətəliyevin bizimlə söhbətindən məlum oldu ki, Kukla Teatrının kollektivi Türkiyədə tamaşaçılar qarşısında R. Əlizadənin "Keçəlin toyu" tamaşası ilə çıxış etmək niyyətindədir. Tamaşanın rejissoru teatrın baş rejissoru F. Paşayevdir. "Keçəlin toyu" tamaşasında Azərbaycanın qədim oyunlarından biri olan "Kilim arası" oyunundan bəhs edilir.
"Niyə məhz bu əsərə müraciət etdiniz?" - sualına B. Fətəliyev: "Biz "Kilim arası" kimi qədim oyunumuzla qardaş Türkiyə tamaşaçılarını da tanış etmək istəyirik" - deyə, cavab verdi.
Qeyd edək ki, bu səfərin maliyyə xərclərini Mədəniyyət Nazirliyi və yerli İcra Hakimiyyəti öz üzərinə götürüb. Lakin müəyyən çətinliklərə görə, Türkiyədə keçirilən festivalda Kukla Teatrı şəhərimizi kiçik heyətlə - cəmi beş nəfərlə təmsil edəcəkdir. B. Fətəliyev həmçinin onu da qeyd etdi ki, onlara qardaş Türkiyə ilə yanaşı, iki dəfə Bolqarıstandan, bir dəfə isə Fransadan dəvət gəlib. Həmin dəvətlər şəhərimizdə hər il keçirilən ənənəvi yeni il şənlikləri ilə üst-üstə düşdüyündən, səfəri reallaşdırmaq mümkün olmayıb.
Yeri gəlmişkən, onu da qeyd edək ki, məktəblilərin payız tətilinin başlanması ilə əlaqədar olaraq Kukla Teatrı artıq teatr tamaşalarının nümayişinə başlayıb. Tamaşalar noyabr ayının 1-dən 17-dək davam edəcək və gündə üç seans göstəriləcək.
SAMBO ÜZRƏ DÜNYA ÇEMPİONU Bu günlərdə Daşkənddə yeniyetmələr və gənclər arasında sambo üzrə dünya çempionatı başa çatdı. Yarışda 28 ölkənin, o cümlədən Azərbaycanın idmançıları medallar uğrunda mübarizə aparırdılar.
Yeniyetmələr arasında çıxış edən Gəncə şəhərinin 1 saylı Uşaq Gənclər İdman Mərkəzinin (UGİM-in) yetirməsi Araz Muxtarov (70 kq) yüksək nəticə göstərərək dünya çempionu adına layiq görüldü.
KİKBOKSİNQ ÜZRƏ DÜNYA ÇEMPİONATIN QALİBLƏRİ Ukraynanın Yalta şəhərində WKJF versiya üzrə kikboksinq üzrə kişilər arasında növbəti dünya çempionatı keçirildi. Bu yarışda dünyanın 500-dən çox idmançısı rinqə çıxıb mükafatlar uğrunda mübarizə aparırdılar.
Yarışda respublika yığma komandasının tərkibində Gəncə şəhərinin 2 saylı UGİM-in iki nümayəndələri - Sənan Haqverdiyev (51 kq) və Elnur Salamov (57 kq) çıxış etdilər. Hər iki idmançı uğurla çıxış edərək medalçılar sırasına daxil ola bilib.
Ən yüksək nəticəni Elnur Salamov göstərdi. O, iki növdə (lou-kik və ful-kontakt) çıxış edərək bütün görüşləri qələbə ilə başa çatdırdı və iki qızıl medala layiq görüldü.
Elnurun komanda yoldaşı - gənc Sənan Haqverdiyevin debütü də uğurlu oldu. Sənan yalnız final görüşdə öz rəqibinə uduzaraq gümüş medala layiq görüldü. Qeyd edək ki, hər iki idmançını çempionata məşqçi İlqar Alıyev hazırlamışdır.
AĞIR ATLETİKA ÜZRƏ AÇIQ ÇEMPİONATIN NƏTİCƏLƏRİ Bakıda "Təhsil" Respublika İdman Mərkəzinin ağır atletika üzrə açıq birinciliyi başa çatdı. Yarışda Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Cəlilabad, İsmayıllı, Goranboy və başqa şəhərlərin atletləri öz güclərini sınadılar.
Gəncə idmançılarından ikisi birincilikdə fərqləndilər. 2 saylı UGİM-in yetirməsi Natiq Cəlilov (77 kq) 265 kq, Bəhruz Aslanov (85 kq) 235 kq ağırlıq qaldıraraq birinci yerə çıxdılar.
Natiq Cəlilovun məşqçisi İsmayıl müəllimin sözlərinə görə, onun yetirməsi bu yaxında idman ustası normasını doldura bilər.
ƏLBƏYAXA DÖYÜŞ ÜZRƏ RESPUBLİKA ÇEMPİONATI Oktyabrın 24-də Bakıda əlbəyaxa döyüş üzrə kişilər arasında növbəti respublika çempionatına yekun vuruldu. Yarışda, Bakı, Gəncə, Sumqayıt, Yevlax. Qazax və digər şəhər və rayonlardan gəlmiş idmançılar öz ustalığını göstərdilər.
Gəncə şəhərinin "Dinamo" İdman cəmiyyətinin üzvləri bu yarışda yaxşı nəticə göstərdilər. Üç görüşdə qalib gələn Talıb Bayramov (55 kq) respublika çempionu oldu. Elmar Cəmilov ikinci, Emil Ramazanov üçüncü yerlərə çıxdılar.
Qaliblər noyabrın axırıncı dekadasında Kislovodskda keçiriləcək MDB ölkələrinin birinciliyində iştirak edəcək.
Yarışda "Dinamo" İdman Cəmiyyətinin məşqçisi Əziz Əzizovun yetirmələri də iştirak edəcək. Qeyd edək ki, Ə. Əzizov hakim kimi də çıxış edəcək.
CİU-CİTSU ÜZRƏ V RESPUBLİKA ÇEMPİONATI Bakıda yeniyetmələr və kişilər arasında ciu-citsu üzrə V Azərbaycan çempionatı keçirildi. Çempionatın iştirakçıları arasında Gəncə "Dinamo" İdman cəmiyyətinin (məşqçi Əziz Əzizov) bir qrup idmançısı da var idi. Gəncəlilər yarışda uğurla çıxış edib şəhərə dörd medalla qayıtdılar.
Yeniyetmələr arasında Talıb Bayramov (55 kq) ən yüksək pilləyə çıxaraq respublika çempionu olub. Onun yoldaşı Tural Məmmədov gümüş mükafatçı oldu.
Kişilər arasında 77 kq çəkidə Vüsal Rubahşi qızıl medal, Vüsal İbrahimov (69 kq) yalnız finalda uduzaraq gümüş medal qazandılar.
İİV/ QİÇS üzrə maarifləndirmə
davam edir ABŞ-ın Beynəlxalq Yardım və İnkişaf təşkilatının (İRD) "İİV/ QİÇS üzrə maarifləndirmə" layihəsinin əməkdaşları noyabrın 2-də Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzində (GEM) növbəti seminar keçirdilər.
Bu dəfə seminarda yalnız könüllü təlimçilər deyil, şəhərimizdə fəaliyyət göstərən yerli dövlət və qeyri-hökumət təşkilatlarının, icmaların nümayəndələri iştirak edirdi.
Seminarı açan İİV/ QİÇS üzrə maarifləndirmə layihəsinin həkimi Aynur Ağabəyli ilk olaraq İRD təşkilatı və layihə haqqında geniş məlumat verdi, bu ilin yanvar ayından həyata keçirilməkdə olan layihə çərçivəsində təşkil edilən tədbirlər nəticəsində Xanlar, Goranboy və Gəncədə artıq on minlərlə insanın maarifləndirildiyini bildirdi. İİV/ QİÇS üzrə maarifləndirmə layihəsinin rəhbəri Gülşən Axundova isə çıxış edərək, təşkilatın gördüyü digər mühüm işlər haqda danışdı.
2003-cü ilə qədər dünyada 70 milyon insan İİV-ə yoluxub. Onlardan 28 milyonu artıq QİÇS-dən dünyasını dəyişib. 42 milyonu İİV virusu ilə yaşayır. 14 milyon uşaq isə kimsəsiz qalıb. Azərbaycana gəldikdə isə burada 680 nəfər
İİV/QİÇS-ə yoluxub. Onlardan 30-u xarici vətəndaş, 9-u uşaq, 60 nəfəri isə artıq dünyasını dəyişib. Bu statistik rəqəmləri iştirakçılara öz çıxışında layihənin digər həkimi Əli Şıxəliyev çatdırdı.
GEM-in şöbə müdiri, könüllü təlimçilərin koordinatoru Almaz Tomuyeva əlavə etdi ki, bu virusa yoluxanların 30-u Gəncədə yaşayır. "Tomris" analar cəmiyyəti adından cəmiyyətin sədri, "Gəncəbasar" qəzetinin təsisçisi və baş redaktoru Nüşabə Məmmədova çıxış edərək, təmsil etdiyi hər iki qurumla İRD təşkilatı arasında çox sıx əlaqələrin yaranmasından məmnun olduğunu vurğuladı: "Bir şeyi xüsusi qeyd etmək istərdim ki, İİV/ QİÇS üzrə maarifləndirmə layihəsinin əməkdaşları media işçiləri ilə məhsuldar əməkdaşlıq edirlər. Bunun nəticəsi kimi, bizim qəzetdə artıq 30-a yaxın məqalə nəşr olunub", - deyə o, əlavə etdi.
Seminarın sonunda iştirakçılar layihə əməkdaşlarına mövzu ilə bağlı suallar verdilər, həmin məsələlər ətrafında geniş polemika aparıldı.
"Heydər Əliyev" adından kim istifadə edir? Gəncədə dələduzluqla məşğul olan bir qrup qadın hiylə ilə tənha adamların axırıncı pullarını əllərindən alır
Bu günlərdə redaksiyamıza Şərqiyyə Axundova adlı bir xanım zəng edərək bildirdi ki, Qızıl Aypara Cəmiyyətindən Çimnaz adlı bir qadının "Heydər Əliyev" fondundan tənha adamlar üçün pul ayrıldığını deyib və bu məqsədlə pasportunun seriya və nömrəsini götürərək, 1 gün ərzində ona həmin fonddan 400 min manat gətirəcəyini deyib. Hətta çantasını da həmin evdə qoyub. Lakin üstündən 2 gün keçsə də, Çimnazdan səs-soraq çıxmayıb. Çimnaz onu da deyib ki, pul almaq üstündə Gəncə küçəsindəki mərkəzi bankda "qırğındır". Məsələ ilə əlaqədar Qızıl Aypara Cəmiyyətinin Gəncə Regional Mərkəzində olduq. Mərkəzin sədri İsmayıl Əsədovun Gəncədə Mərkəz tərəfindən qeydiyyata götürülən 150-yə yaxın tənha və kimsəsizin siyahısında şikayətçinin, yəni Ş. Axundovanın da adı var. Lakin Çimnaz adlı şəxsi tanımadığını dedi və əlavə etdi: "Biz qeyri-hökumət humanitar təşkilatıyıq, fond isə dövlətə məxsusdur. Bizim onlarla heç bir əlaqəmiz yoxdur".
Hadisə ilə bağlı İ. Əsədov dedi ki, bu cür hallar 1998-99-cu ildən mövcuddur. "Bizim Cəmiyyətin adı ilə bir qrup qadın tənha insanları aldadaraq onların pasportlarından öz məqsədləri üçün istifadə edir. Onlar etibar qazanmaq üçün həmin adamların evində nə isə qoyurlar. Sonra yenidən gələrək 50-100 min manat pul alaraq onlara yardım gətirəcəklərini deyirlər və o gedən gedirlər".
6-7 ay bundan öncə də belə bir hadisənin olduğunu deyən İ. Əsədov bir qrup qadının sarı taksi ilə şəhərdə "reydlər" etdiyini söylədi. Bu cür hadisələrin qarşısının alınması üçün Gəncə şəhər Polis İdarəsinin rəisi Qərib Həsənova yazılı müraciət etdiyini dedi.
Küçə uşaqları ilə bağlı proqram regionları da əhatə edəcək 2005-ci ildən başlayaraq respublikamızda, o cümlədən Gəncədə, küçədə yaşayan və işləyən azyaşlı uşaqlarla bağlı proqram həyata keçiriləcək. Proqram "Günərzi İşıqlı Ev" Mərkəzi tərəfindən hazırlanıb.
Qeyd edək ki, yuxarıda adı çəkilən təşkilat Azərbaycanda 2001-ci ildə təsis edilib. Bu mərkəz "Kimsəsiz uşaqlar və normal qidalanma" layihəsini ilk dəfə Bakıda reallaşdırmağa başlayıb. İlkin mərhələdə mərkəzə 250 uşaq cəlb olunub. Mərkəzdən verilən məlumata görə uşaqların normal həyata qaytarılması yolunda xarici və yerli psixoloqlar, müəllimlər inamla çalışırlar. İşlər ardıcıl olaraq, bir neçə istiqamətdə aparılır. İlk növbədə məktəbə getməmiş və oranı yarımçıq atmış uşaqların təhsilə cəlb olunması üçün təxirəsalınmaz tədbirlər görülür. Artıq demək olar ki, 20 uşaq 2004-2005-ci tədris ili üçün müxtəlif orta məktəblərdə yerləşdirilib. Mərkəz narkomaniyaya aludə olmuş uşaqlarla da iş aparır. Bu istiqamətdə "Günərzi İşıqlı Ev" Mərkəzinə World Wision beynəlxalq təşkilatının nəzdində fəaliyyət göstərən Uşaq Koalisiyası yardımçı olur. Onlar vaxtaşırı uşaqlar arasında narkomaniya əleyhinə treninq və seminarlar təşkil edir, maarifləndirmə işləri aparılır. Mərkəz proqramın növbəti mərhələsində fəaliyyətlərini regionlarda genişləndirməyi qərara alıb. Bu məqsədlə Gəncədə Mərkəzin filialı təsis ediləcək. Sonrakı mərhələlərdə küçə uşaqlarının qeydə alınması və onlarla müvafiq işlərə başlanılacaq. 2005-2006-cı illər üçün nəzərdə tutulan bu kompleks işlər Gəncədən başqa Lənkəran, Mingəçevir və Əli Bayramlı şəhərlərini də əhatə edəcək.
Asfaltlama işləri necə
gedir Gəncənin müxtəlif yerlərində küçələrin asfalt örtüyünün yenilənməsi davam etməkdədir. Şəhər Mənzil Kommunal Təsərrüfat Birliyinin baş mühəndisi Zahid Məmmədovdan aldığımız məlumata görə, bu günlərdə Şəddadilər, P. Səmədov küçələrində 23 min kv. m ərazinin asfaltlanması başa çatıb. R. Qasımov və M. Bağırov küçəsində isə asfaltlanmış ərazi 18 min kv. m-dən artıqdır. 100 kv. m sahəsi olan Mehmandarov küçəsini də bu sıraya daxil etmək olar. Müsahibimizin sözlərinə görə, hazırda Xanlar, M. Paşayev, Əttarlar küçəsində təmir işləri gedir. Burada 8 min 300 kv. m asfalt örtüyünün salınması nəzərdə tutulub. Tağı Arani küçəsində frezləmə (cilalama) işləri aparılır və yaxın günlərdə oraya asfalt örtüyü salınacaq. Salınan asfalt örtüyünün qorunması məqsədi ilə Ş. İ. Xətai və Atatürk prospektlərinin arasındakı yolların təmirinə başlanılıb. Belə ki, bu ərazilərin bərbad olması prospekt yollarının zədələnməsinə səbəb ola bilər. Həmçinin asfalt zavodunun işə düşməsi görülən işlərin sürətinin və keyfiyyətinin artmasına səbəb olur. Z. Məmmədovun dediyinə görə, ikinci yarımildə şəhərimizə büdcədən abadlıq işləri üçün 15 milyard manat vəsait ayrılıb. Bu vəsaitlə 520 min kv.m yolların yenidən təmir olunması planlaşdırılıb. Bunun da artıq çox hissəsi görülüb. Z. Məmmədov, həmçinin bildirdi ki, 2005-ci il üçün Gəncə, Sumqayıt, Şəki və s. şəhərlərin abadlaşması üçün dövlət büdcəsindən əlavə vəsait ayrılıb. Yəni növbəti ildə də bu proses daha da mütəşəkkil davam edəcək.
Aqrar sektorda yeni texniki servis
xidməti Aqrar sektorda "Arolizinq" SC-nin yaradılması fermerlərə müasir texnikanı icarəyə götürmək imkanı verəcək.
Müasir texnikadan istifadə kənd təsərrüfatında məhsuldarlığın artırılmasında əsas faktorlardan biri hesab olunur. Respublikada bu sahədə indiyə qədər mövcud çatışmazlıq aqrar sektorun xeyli inkişafdan qalmasına səbəb olub. Ölkə rəhbərinin 2004-cü ilin oktyabrında imzaladığı "Aqrar bölmədə lizinq xidmətinin genişləndirilməsi haqqında" Tədbirlər Proqramı mütəxəssislərin fikrincə yuxarıda qeyd olunan problemin aradan qaldırılması yolunda atılan addımdır. Yeni sərəncama görə kənd təsərrüfatında texniki servisi təkmilləşdirmək, fermerlərin, müasir texnikadan, torpaqdan səmərəli istifadəsinin səviyyəsini artırmaq və nəticədə istehsal prosesində məhsuldarlığın yüksəldilməsinə nail olmaq məqsədi ilə "Aqrolizinq" Səhmdar Cəmiyyəti (SC) yaradılır. İlkin mərhələdə cəmiyyətin səhmlərinə 100 faiz dövlət nəzarəti həyata keçiriləcək. "Aqrolizinq" SC-nin nəzdində texniki servisin formalaşmasına dövlət büdcəsindən 2005-ci ildə 100 milyard, 2006-cı ildə 150 milyard manat vəsait ayrılacaq. Bu məbləğ 5 il müddətinə istifadə üçün fermerə veriləcək uzunmüddətli icarə haqqının toplanışı əsasında ödəniləcək. Həmçinin bu prosesin qısa müddətdə başa gəlməsi üçün xarici dövlətlərdən gətiriləcək texniki avadanlıqlardan dövlət rüsumu və ixrac məhsulu üzərində əlavə dəyər vergisi də tutulmayacaq. Təbii ki, Tədbirlər Proqramında əks olunan müddəalar kağız üzərində qalmasa regionlarda aqrar sektorun sürətli inkişafına nail olmaq mümkündür. Gəncə-Qazax bölgəsində kənd təsərrüfatı sahəsində əməkdaşlıq edən Gəncə Biznes Qrup (GBG) qeyri-hökumət təşkilatının icraçı direktorunun müavini Arif Cahangirovla söhbətimiz bu mövzuda oldu. O, öncə müqayisəli təhlil əsasında kənd təsərrüfatının əvvəlki və indiki texniki imkanlarından danışdı: "Postsovet dövründə respublikamızda kənd təsərrüfatı üzrə 100 min ədəd texniki avadanlıqlardan istifadə olunurdu. Onların 36 mini traktorlar, 64 mini digər kənd təsərrüfatı maşınları idi. Hər il 3500 traktor, təxminən 12-14 min başqa maşınlar indiki MDB respublikalarından (əsasən Rusiya və Ukrayna) gətirilmiş yenilərilə əvəzlənirdi. Demək olar ki, 8 il müddətinə bütün texniki təchizat tamamilə dəyişdirilirdi. 1990-cı ildən bəri (SSRİ dağıdıldıqdan sonra) Azərbaycana kənd təsərrüfatı texnikasının gətirilməsi dayandırılıb. Fermerlərimiz də öz işlərini köhnədən qalma texnika ilə yerinə yetirməyə məcbur olublar. Həmin maşın və traktorlar mənəvi aşınmaya məruz qaldığından, onlar həddindən artıq yanacaq sərf edir, işi vaxtında görmür. Üstəlik aqrotexniki qaydalara düzgün əməl olunmur deyə, kənd təsərrüfatı məhsuldarlığının səviyyəsi ildən-ilə azalır".
A. Cahangirov aqroservisin yaradılmasının vacibliyinə dəlalət edən şərtləri sadaladı:
"Ölkədə aparılan aqrar islahatlardan sonra respublikamızda təxminən, 840 min torpaq mülkiyyətçisi yaranıb. Hesablamalara görə, hər bir mülkiyyətçiyə təqribən bir hektar torpaq payı düşür. Onların öz torpaq payından tam, səmərəli istifadəsi üçün fərdi təsərrüfatlarda iş apara biləcək müasir texnika gərəkdir. Əvvəllər iri təsərrüfatlar olan sovxoz, kolxozlarda 100 min texnika lazım gəlirdi. İndi aqrar bölmə üzrə kiçik sahibkarlıq subyektlərin sayı artdığından bu rəqəm 120-150 min ədəd səviyyəsinə yüksəlib. Bu qədər texnikanı almaq hal-hazırda fermerlərimizin imkanı xaricindədir. Təsəvvür edin, ən ucuz bir traktor əldə etmək 12-14 min dollara, toxumsəpən maşın 5 min dollara, kombayn 30-40 min dollara başa gəlir. İndiki imkanlarını nəzərə alsaq, bütöv bir kəndin adamları birləşsə belə onların 30-40 min dollarlıq kombayn alması olduqca çətindir".
Müsahibimizin sözlərindən məlum oldu ki, bu istiqamətdə dövlətin köməyi də lazımi səviyyədə olmayıb. Təkcə ötən müddət ərzində respublikamıza Yaponiyadan cəmi 1000 ədəd müasir texnika gətirilib. Bu isə bir rayonun tələbatını ödəmir. A. Cahangirov belə hesab edir ki, yeni "Aqrolizinq" SC-nin texniki avadanlıqları uzunmüddətli icarə əsasında fermerlərin istifadəsinə veriləcəyi təqdirdə onlar torpaqdan səmərəli istifadə etməklə həm gəlir əldə edəcək, həm də icarə haqqını ödəyəcək.
Müsahibimiz onu da əlavə etdi ki, "Aqrolizinq" SC-nin zonalarda regional texniki servis mərkəzləri, hər bir rayonda isə şöbələri fəaliyyət göstərəcək. Texniki servislərdə cəmlənəcək texnikanın hansı ölkədən gətirilməsi isə müsabiqə yolu ilə müəyyənləşdirilmiş layihə əsasında baş verəcək.
|
Bu həftə buraxilişi
PDF formatda
#19 (93) 07 - 17 iyun 2005-ci il
[
Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden
in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden
in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
Warning: main(): Failed opening 'http://www.ganca.net/downloads/download.php?showme=5' for inclusion (include_path='.:/usr/local/php4/lib/php') in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
]
dəfə yüklənib.
|
|