HƏFTƏLİK XƏBƏRLƏR "GƏNCƏBASAR" müstəqil qəzeti tərəfindən təqdim olunub.
 
ARXIV
#04. 24-30 yan 2004
#05. 31-06 fev 2004
#06. 07-13 fev 2004
#07. 14-20 fev 2004
#08. 21-27 fev 2004
#09. 28-05 mart 2004
#12. 20-26 mart 2004
#13. 27-02 apr 2004
#14. 03-09 apr 2004
#15. 10-16 apr 2004
#16. 17-23 apr 2004
#17. 24-30 apr 2004
#18. 01-07 may 2004
#19. 08-14 may 2004
#20. 15-21 may 2004
#22. 29-04 iyun 2004
#23. 05-11 iyun 2004
#24. 12-18 iyun 2004
#25. 19-25 iyun 2004
#26. 26-02 iyul 2004
#27. 03-09 iyul 2004
#28. 10-16 iyul 2004
#29. 17-23 iyul 2004
#30. 24-30 iyul 2004
#31. 31-06 avq 2004
#32. 07-13 avq 2004
#33. 14-20 avq 2004
#34. 21-28 avq 2004
#35. 29-03 sen 2004
#36. 04-10 sen 2004
#37. 11-18 sen 2004
#38. 19-24 sen 2004
#39. 25-01 okt 2004
#40. 02-08 okt 2004
#42. 16-22 okt 2004
#43. 23-29 okt 2004
#45. 06-12 noy 2004
#46. 20-26 noy 2004
#47. 27-04 dek 2004
#48. 05-11 dek 2004
#49. 12-17 dek 2004
#50. 18-24 dek 2004
#51. 25-31 dek 2004
#01. 01-07 yan 2005
#04. 05-11 fev 2005
#05. 19-25 fev 2005
#06. 05-11 mart 2005
#07. 12-18 mart 2005
#08. 19-25 mart 2005
#09. 26-01 apr 2005
#10. 02-08 apr 2005
#13. 26-02 may 2005
#14. 03-09 may 2005
#15. 10-16 may 2005
#16. 17-23 may 2005
#18. 31-06 iyun 2005

#07. 12 - 18 mart 2005

Gəncədə İsrail mədəniyyəti günləri
Martın 9-da Gəncədə İsrail Mədəniyyəti Günləri çərçivəsində həmin ölkənin ölkəmizdəki səlahiyyətli və fövqəladə səfiri Eytan Naye şəhərimizə təşrif buyurdu. İsrail Mədəniyyəti Günləri ilə bağlı keçirilən tədbir Gəncə Dövlət Dram teatrında baş tutdu. Tədbir ilk əvvəl hər iki ölkənin Dövlət Himninin səsləndirilməsi ilə başlandı.
Mərasimi açıq elan edən Gəncə şəhər Mədəniyyət İdarəsinin rəisi Mina Məlikova bu tədbirin timsalında hər iki ölkə mədəniyyətinin qovuşduğunu söylədi. Sonra söz səfirə verildi. O, mərasimi təşkil edən şəhər rəhbərliyinə və təşrif buyuran tədbir iştirakçılarına vaxt ayırıb gəldikləri üçün minnətdarlığını bildirdi. qeyd etdi ki, xalqlarımız dərin tarixi köklərə malikdir. Bu gün yəhudilər dünyanın 120 ölkəsində yaşayır. Bu xalqların dostluğu liderlər səviyyəsində deyil, sadə insanların münasibəti üzərində qurulmalıdır. Və bu tədbir belə yaxınlaşma istiqamətində ilk addımdır.
Səfir nitqini tamamladıqdan sonra mərasimin bədii hissəsi başlandı: İsrail Mədəniyyət Mərkəzinin vokal rəqs qrupu, Gəncə şəhər 5 saylı uşaq musiqi məktəbinin yetirmələri, Dövlət Filarmoniyasının musiqiçiləri maraqlı konsert proqramı ilə çıxış etdilər. Görkəmli İsrail aktyoru və musiqiçisi Vladimir Fliqmanın ifası tamaşaçılara xüsusi zövq verdi.
Tədbirdən sonra səfir jurnalistlərə verdiyi müsahibədə bunları söylədi: "Biz Azərbaycanla istənilən sahələrdə əməkdaşlıq etmək əzmindəyik. O cümlədən mədəniyyət sahəsində də əlaqələrimizi genişləndirməyi düşünürük. Bu sahədə yeni layihələrin hazırlanması planlaşdırılır. İqtisadi əlaqələrə gəlincə, Azərbaycanda, xüsusən də qərb regionunda hal-hazırda çalışan iş adamları var. Onlar əsasən kənd təsərrüfatı məhsullarının emalı üzrə bu sahədə İsrail şirkətlərinin yeni texnologiyalarının tətbiqi ilə məşğuldurlar. Səfir bundan sonra da qarşılıqlı iqtisadi əlaqələrin gücləndirilməsi üçün İsrail hökumətinin mühüm addımlar atmağa hazır olduğunu və potensial investorların cəlb olunması üçün geniş imkanların olduğunu qeyd etdi: "Təbii ki, İsrail hökuməti və iri banklar lazımi maliyyələşməni təmin edə biləcəklər. Lakin bu investisiyaların cəlb olunmasından öncə Azərbaycan hökuməti israilli iş adamlarına minimum şərait yaratmalı və dövlət təminatı verməlidir. Çünki hər iki dövlət arasında reallaşması nəzərdə tutulan layihələr bu gün-sabah üçün deyil. Yəni uzun müddətlidir. "Bildiyimə görə, Azərbaycan hökuməti lazımi şəraitin yaradılması ilə bağlı qərar qəbul edib. Siz israilli iş adamlarını Gəncədə də görə biləcəksiz".

Gəncə şəhərində kəskin respirator xəstəliklərin artması
Son aylar Gəncə şəhərində kəskin respirator xəstəliklərin kütləvi şəkildə artması müşahidə olunur. Lakin əhali arasında yayılan yuxarı tənəffüs yollarının xəstəlikləri ümumilikdə bir-birinə bənzəsə də, onların təzahür və fəsadları müxtəlifdir. Əhali arasında sözügedən infeksiyalara dair maarifləndirmə işləri aparılmadığından və aidiyyəti orqanlar tərəfindən məhz hansı virus növünün yayılması haqda açıqlamalar verilmədiyindən sakinlərdən təşvişə düşənlər də var. Hətta respublikamıza Quş qripinin ayaq açdığını deyənlər də az deyil.
Mövcud situasiyaya aydınlıq gətirmək üçün Gəncə şəhər Səhiyyə İdarəsinin rəis müavini Akif Zərbəliyevə müraciət etdik.
Müsahibimiz əhali arasında müxtəlif kəskin respirator virus xəstəliklərin yayıldığını inkar etmədi, lakin epidemiya şəklini almadığını bildirdi. Bu xəstəliyin qrip olub-olmamasına gəlincə isə belə söylədi: "Bizdə hər hansı bir qrip virusunun yayılması ilə bağlı məlumat yoxdur. Qrip diaqnozunu qoymaq məsuliyyətli işdir. Öncə bu xəstəliyin törədicisi olan virus aşkar olunmalı və növü müəyyən edilməlidir. Bildiyimiz kimi qripin 20-dən çox ştammı mövcuddur. Şəhərimizdə isə bu cür virusoloji tədqiqatların aparılması üçün imkanlar məhduddur".

Bayram tədbiri keçirildi
8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə martın 7-də Gəncə Dövlət Dram Teatrında ümumşəhər səviyyəsində tədbir keçirildi. Tədbirdə şəhərimizin ziyalı qadınları, müəllim və tələbə kollektivləri iştirak edirdi. Mərasimi giriş sözü ilə açıq elan edən Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Ələkbərov qadınların ictimai həyatımızda rolunu yüksək qiymətləndirib, həmişə öz mərdliyi, dözümlüyü, qüruru ilə seçilən Azərbaycan qadınına ən xoş arzularını bildirdi və tədbirdə iştirak edən qadınlarımıza şəhər İcra Hakimiyyətinin başçısı cənab Eldar Əzizovun salam və təbriklərini çatdırdı. Tədbirin bədii hissəsində Gəncə Dövlət Kamera Orkestrinin ifasında qadınlara həsr olunmuş musiqi nömrələri səsləndirildi.

Sevinc qəsəbəsində yeni məktəb istifadəyə veriləcək.
2005-2006-cı tədris ilində Gəncənin Sevinc qəsəbəsində yeni bir ümumtəhsil orta məktəbi istifadəyə veriləcək. Yeni tədris binasının inşası "Yoxsulluğun azaldılması və iqtisadi inkişaf haqqında" Dövlət Proqramının icrasından irəli gələn tədbirlərdəndir. Gəncə Təhsil İdarəsinin rəis müavini Xanlar Əmiraslanovun verdiyi məlumata görə, məktəb Təhsil Nazirliyinin Tikinti-təmir İdarəsi tərəfindən inşa ediləcək:
"İşlərə 2005-ci ilin aprel ayında başlanılacaq. Artıq məktəb üçün 1,5 ha torpaq sahəsi ayrılıb. Lazım olan bütün sənədləşmə işləri yekunlaşdırılıb". Qeyd edək ki, məktəbin tam inşasına dövlət büdcəsindən 780 milyon manat vəsait ayrılıb. Tədris binası 3 mərtəbə, 64 otaqdan ibarət olacaq. Bu imkandan qəsəbənin 670 sagirdi istifadə edə biləcək".
X. Əmiraslanov yeni məktəbin tikilməsi zərurətini belə açıqladı:
"Sevinc qəsəbəsində əvvəllər məktəb olmayıb. Odur ki, həmin qəsəbənin məktəbliləri təhsil almaq üçün uzaq yol qət edərək, Dəmiryol vağzalında yerləşən məktəblərə getməli olurdular. Bir gün uşağı yolda it qapmışdı. Bunu görən qəsəbə sakini Quliev Vidadi adlı şəxs Təhsil İdarəsi ilə razılığa gələrək, öz 12 otaqlı evini məktəb kimi istifadəyə verdi. İlk illərdə orada 186 uşaq təhsil alırdı. Tədricən şagirdlərin sayı artıb 300 nəfərə çatdı. Yenə Vidadi müəllim öz vəsaiti hesabına məktəbdə 6 sinif otağı artırdı".
Müsahibimizin sözlərindən məlum oldu ki, hazırda bu məktəbdə oxuyan şagirdlərin sayı 670-dən çoxdur:
"Bunu nəzərə alaraq, Təhsil İdarəsi İcra Hakimiyyəti və Nazirlər Kabinetinin qarşısında məsələ qaldıraraq məktəbin inşasına razılıq alıb"-deyə, əlavə etdi.

"CAVAD XAN" təkrar nəşr olundu
Tanınmış yazıçı-jurnalist, "Gəncəbasar" qəzetinin təsisçisi və baş redaktoru Nüşabə Məmmədovanın yeni kitabı bu günlərdə işıq üzü görüb. Azərbaycanın qeyrət simvolu olan Cavad xanın həyatından və mərd mübarizəsindən bəhs edən "Cavad Xan" romanı ikinci dəfə nəşr olunub - bu dəfə "Adiloğlu" nəşriyyatında, həm də yüksək bədii tərtibat və keyfiyyətlə. Qeyd edək ki, bu, son illərdə yazılmış povest və hekayələrin toplandığı "Lalə talası" adlı kitabından sonra N. Məmmədovanın həmin nəşriyyatda çapdan çıxmış ikinci kitabıdır. Kitabın annotasiyasında deyilir:
"Müəllif ümumiyyətlə milli, vətənpərvər ruhda qələmə aldığı əsərlərində hər bir soydaşımızı öz el-obasına, ana torpağa məhəbbət, bu yolda mübarizlik, mətinlik və mərdlik keyfiyyətlərini aşılamağa səsləyir. Nüşabə xanım öz yaradıcılığında reallığı bədii dilə çevirməklə yanaşı, Azərbaycanın nəinki milli adət-ənənəsini, eyni zamanda Azərbaycanın bütövlüyü və müstəqilliyi uğrunda xüsusi şücaət göstərənləri yaşadır, onları öz əsərləri ilə dünəndən sabahkı nəsillərə doğru uzanan körpüyə çevirərək yaddaşlarda əbədi yaşamasına xüsusi xidmət göstərir. Onun "Cavad Xan"ı buna real misaldır".
Həqiqətən də bu sözlər mübaliğəsiz deyilmişdir. Yeri gəlmişkən bir məqamı da qeyd etməyi lazım bilirik. Son günlərdə qəzetimizin çoxlu sayda oxucusu redaksiyamıza zəng vuraraq, Nüşabə xanımı "Sürgün" adlı yeni kitabının təqdimat mərasiminin keçirilməsi münasibəti ilə təbrik etmişlər. Onlardan bu yanlış xəbəri haradan aldıqlarını soruşduqda isə dövrü mətbuatdan oxuduqlarını, efirdən eşitdiklərini söylədilər. Bununla bağlı N. Məmmədova bəyan edir ki, ola bilsin, onunla eyni adda və soyadda olan digər bir xanım yazarın "Sürgün" əsəri çapdan çıxıb və təqdimat mərasimi keçirilib. Lakin bunun "Gəncəbasar" qəzetinin baş redaktoru Nüşabə Əsəd qızı Məmmədovaya heç bir mənsubluğu yoxdur. Eyni zamanda "Yarpaq tökümü", "Sonuncu mahnı", "İlğım", "Lalə talası", "Cavad Xan" kitablarının, Xocalı faciəmizdən bəhs edən "Haray" sənədli filminin ssenarisinin də müəllifliyi digər kimsəyə deyil, "Gəncəbasar" qəzetinin təsisçisi və baş redaktoru olan Nüşabə Əsəd qızı Məmmədovaya məxsusdur.
Və sonda qəzetimizin baş yazarının yaradıcılığını izləyən bütün oxucuları, həqiqi ədəbiyyat nümunələrini qiymətləndirməyi bacaranları "Cavad Xan" əsərinin təkrar nəşri münasibətilə təbrik edir, xalqımızın ləyaqətli yazıçı qızına isə gələcək yaradıcılıq uğurları arzulayırıq.

"Gənc Heydərçilər" Xocalını yad etdilər
"Gənc Heydərçilər" Uşaq və Yeniyetmələr Rəsm Qalereyası və Gənclər Birliyi fevralın 26-da məktəblilərin əl işlərindən ibarət Xocalı faciəsinə həsr olunmuş rəsm sərgisi keçirdi. Tədbirdə şəhərin müxtəlif məktəblərinin şagirdləri, Təhsil İdarəsinin nümayəndələri və Gəncədə çalışan xarici iş adamları iştirak edirdilər. Qonaqlar xalqımızın başına gətirilən amansızlıqların uşaqların dili ilə, onların əl işlərində təsvir olunmasının daha təsirli hisslər bağışladığını bildirdilər. 20 saylı orta məktəbin XI sinif şagirdi Vüsal Rəhimov "Anamın göz yaşları" adlı rəsmində ananın gözlərindən axan yaşları qanla əvəz etmişdi: "Qanlı yaşlardan əmələ gələn göldən ümüd ağacı pöhrələnib. Bununla demək istəyirəm ki, biz bu ağacı qanlı göz yaşlarımızla bəsləmişik. Artıq xalqımızın ermənilər tərəfindən başına gətirilənlər bu ağac kimi tarixin dərinliklərinə kök atıb".
Vüsal uşaq və gənclər üçün şəhərimizdə rəsm qalereyasının açılmasına çox sevindiyini dedi: "Əvvəllər şəhərimizdə gənclər üçün qalereya olmadığından əl işlərimizi sərgiləyə bilmirdik. Qalereya gənc rəssamların öz yaradıcılıqlarının sevincini yaşamaqda böyük rol oynayır. Hər bir rəsm, onu çəkən uşağın psixologiyasını əks etdirir".
Xocalı faciəsini öz rəsmlərində özünəməxsus təsvir edən 19 saylı məktəbin VII sinif şagirdi Mehriban Məmmədova əl işlərinin xaricdə sərgilənməsini arzulayır.
Rəsm qalereyasının prezidenti Təranə Namazova istedadlı uşaqlarımızın rəsm və digər əl işlərinin xarici ölkələrdə sərgilənməsinin hələ tez olduğunu bildirdi:
"Biz öncə respublikanın bir neçə rayonlarında qalereyanın özəklərini yaratmaq istəyirik. Qarşıda planlarımız çoxdur. Ayda 1 dəfə "Lider TV"də "Gənc Heydərçilər" adlı veriliş efirə gedəcək. Eyniadlı həftəlik qəzetin nəşr olunması da nəzərdə tutulur"
T. Namazova "Gənc Heydərçilər" rəsm qalereyasında istedadlı və həvəsi olan uşaqlara təmənnasız rəsm dərsləri keçirildiyini söylədi. O, maddi durumu aşağı olan uşaqlara kömək etmək üçün onların əl işlərinin satışının təşkil ediləcəyini də bildirdi: "Elə uşaqlar var ki, imkansızlıq üzündən dərslərdən belə yayınır. Məktəb ləvazimatları, hətta ayaqqabı almağa belə imkanı olmur. Çöllərə düşüb maşın yuyur, müxtəlif xırdavat satmaqla çörəkpulu qazanmağa məcbur olurlar. Biz belə uşaqları birliyimizə cəlb edib, onların bacarıqlarını üzə çıxarmaq istəyirik. Küçədə bir maşın yuyan uşağa rast gəldim. Onu təşkilatımıza dəvət etdim. O, balıqqulaqlarından çox gözəl suvenirlər hazırlaya bilir. Biz bu işləri satıb, ona kömək etməyə çalışacağıq".
Təranə xanım uşaqlara gələcəkdə kömək məqsədilə kompüter və ingilis dili kurslarının da təşkil olunacağını dedi.

Bayram tədbiri keçirildi
8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə martın 7-də Gəncə Dövlət Dram Teatrında ümumşəhər səviyyəsində tədbir keçirildi. Tədbirdə şəhərimizin ziyalı qadınları, müəllim və tələbə kollektivləri iştirak edirdi. Mərasimi giriş sözü ilə açıq elan edən Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Ələkbərov qadınların ictimai həyatımızda rolunu yüksək qiymətləndirib, həmişə öz mərdliyi, dözümlüyü, qüruru ilə seçilən Azərbaycan qadınına ən xoş arzularını bildirdi və tədbirdə iştirak edən qadınlarımıza şəhər İcra Hakimiyyətinin başçısı cənab Eldar Əzizovun salam və təbriklərini çatdırdı.
Tədbirin bədii hissəsində Gəncə Dövlət Kamera Orkestrinin ifasında qadınlara həsr olunmuş musiqi nömrələri səsləndirildi.

Gəncədə müasir üzgüçülük kompleksi tikilir
Son vaxtlar Gəncə Olimpiya İdman Kompleksinin (GOİK) ətrafında əsaslı tikinti işləri gedir. Kimisi bunu yeni kompleks binasının tikintisi, kimisisə digər səbəblərlə izah edirdi. Məsələyə aydınlıq gətirmək üçün kompleksin direktoru Sahib Rzayevə müraciət etdik. Müsahibimiz dedi ki, idmanın müxtəlif növlərinə olan maraq yeni idman növləri üçün də şərait yaratmağı labüd edir: "İndi idman arenasında 10 idman növü tədris olunur. Lakin bizdə üzgüçülük, atçılıq, güllə atıcılığı, ox atma idman növlərinə həvəs böyükdür. Biz bu haqda Milli Olimpiya Komitəsinin (MOK) rəhbərliyinə məlumat vermişik. Və cənab prezident İlham Əliyev tapşırıq verdi ki, GOİK-in yanında müasir üzgüçülük hovuzu tikilsin".
Ötən ilin dekabr ayından tikintisinə başlanılan üzgüçülük kompleksinin su hovuzunun eni 15, uzunluğu 25, dərinliyi 2 metr olmaqla 11 zolaqdan ibarət olacaq. Üstü örtülü və 2 mərtəbəli olması nəzərdə tutulan yeni tikilidə kafe, yataq otaqları, quru üzgüçülük zalı (üzməyi öyrənənlər və üzməyə başlamazdan öncə fiziki hərəkətlər etmək üçün) da olacaq. S. Rzayev ilkin layihəyə tərəfindən düzəlişlər edildiyini bildirdi: "Məsələn, böyük V. İ. P. dəhlizi (qonaqların tamaşa etməsi üçün) nəzərdə tutulsa da biz onun əvəzinə yataq otaqlarının tikilməsini təklif etdik. Bir neçə böyük otaqları ixtisara salaraq əvəzində geniş quru üzgüçülük zalı yaratdıq, konfrans zalını ümumiyyətlə ləğv etdik. Mənim təkliflərimin 90 faizi ilə tam razılaşdılar. Çünki bir idmançı kimi idmançılara nə lazım olduğunu mən layihələndirənlərdən yaxşı bilirəm".
2002-ci ilin sentyabr ayının 12-də GOİK istifadəyə verildi. Açılış mərasimində mərhum prezident Heydər Əliyev də iştirak edirdi. Gəncə şəhərinin keçmiş icra başçısı Eyvaz Babayev prezidentə GOİK-in qarşısındakı boş sahədə "Olimpiya parkı"nın salınacağını, müasir fəvvarə kompleksinin quraşdırılacağını demişdi. Lakin üstündən 2 ildən artıq vaxt keçsə də, bu sahədə heç bir addım atılmayıb. S. Rzayev bunu bu cür izah etdi: "E. Babayev həm ölkə prezidentinə, həm də MOK rəhbərinə GOİK-in qarşısında "Olimpiya parkı" salacaqlarına və bunu GOİK-ə hədiyyə verəcəklərinə söz vermişdi. Üstündən xeyli vaxt keçsə də, bu məsələ yenə də gündəliyə gəldi. Amma orada park salmaq yox, otel tikmək qərarına gəldik. Söhbət hələ də açıq qalıb. Eldar Əzizovla də görüşdə otel tikintisi üçün danışıqlar gedib. Yəqin ki, yaxın vaxtlarda otelin tikintisinə başlanacaq. Bu da xarici qonaqları qəbul edərkən yaranan çətinlikləri aradan qaldıracaq".
GOİK-in direktoru idman arenasının arxasındakı boş ərazidə açıq havada olan basketbol-mini futbol meydançasının və 2 voleybol (biri çimərlik voleybolu üçün) sahəsinin tikiləcəyini söylədi. Bundan başqa ətraf ərazilərə 300-dən artıq ağacın əkildiyini dedi. Əlavə sahələrin tikintisinə 2005-ci ilin axırlarında - üzgüçülük kompleksi istifadəyə veriləndən sonra (cari ilin noyabr ayına kimi) başlanması nəzərdə tutulub.

Bu həftə buraxilişi
PDF formatda

#19 (93)
07 - 17 iyun
2005-ci il


[