HƏFTƏLİK XƏBƏRLƏR "GƏNCƏBASAR" müstəqil qəzeti tərəfindən təqdim olunub.
 
ARXIV
#04. 24-30 yan 2004
#05. 31-06 fev 2004
#06. 07-13 fev 2004
#07. 14-20 fev 2004
#08. 21-27 fev 2004
#09. 28-05 mart 2004
#12. 20-26 mart 2004
#13. 27-02 apr 2004
#14. 03-09 apr 2004
#15. 10-16 apr 2004
#16. 17-23 apr 2004
#17. 24-30 apr 2004
#18. 01-07 may 2004
#19. 08-14 may 2004
#20. 15-21 may 2004
#22. 29-04 iyun 2004
#23. 05-11 iyun 2004
#24. 12-18 iyun 2004
#25. 19-25 iyun 2004
#26. 26-02 iyul 2004
#27. 03-09 iyul 2004
#28. 10-16 iyul 2004
#29. 17-23 iyul 2004
#30. 24-30 iyul 2004
#31. 31-06 avq 2004
#32. 07-13 avq 2004
#33. 14-20 avq 2004
#34. 21-28 avq 2004
#35. 29-03 sen 2004
#36. 04-10 sen 2004
#37. 11-18 sen 2004
#38. 19-24 sen 2004
#39. 25-01 okt 2004
#40. 02-08 okt 2004
#42. 16-22 okt 2004
#43. 23-29 okt 2004
#45. 06-12 noy 2004
#46. 20-26 noy 2004
#47. 27-04 dek 2004
#48. 05-11 dek 2004
#49. 12-17 dek 2004
#50. 18-24 dek 2004
#51. 25-31 dek 2004
#01. 01-07 yan 2005
#04. 05-11 fev 2005
#05. 19-25 fev 2005
#06. 05-11 mart 2005
#07. 12-18 mart 2005
#08. 19-25 mart 2005
#09. 26-01 apr 2005
#10. 02-08 apr 2005
#13. 26-02 may 2005
#14. 03-09 may 2005
#15. 10-16 may 2005
#16. 17-23 may 2005
#18. 31-06 iyun 2005

#04. 05 - 11 fevral 2005

Gəncədə rüşvətxorluqla mübarizəyə start verildi
Gəncədə təhsil, səhiyyə, sosial-müdafiə və digər sahələrdə özbaşınalıq və rüşvətxorluq halları qeydə alınıb. Bu işlərdə təqsirli bilinən bir neçə məmur haqqında cinayət işi qaldırılıb

İran alimləri Gəncədə
Tehran Universiteti "Əbu Reyhan" fakültəsinin dekanı, doktor Əli Məhəmməd Rustai və Bitki Mühafizə şöbəsinin müdiri, doktor Əhməd Baqdadi fevralın 1-3 tarixlərində Azərbaycan Elmi-Tətqiqat Bitki Mühafizəsi İnstitutunda (AETBMİ) oldular. İnstitutun direktoru, akademik Sidiqə Məmmədova qonaqları qəbul edərək, onlarla müxtəlif mövzuda fikir mübadiləsi apardı. Xatırladaq ki, İran alimlərinin bu instituta ilk səfəri 2004-cü ilin oktyabr ayında olub. Məqsəd bitki mühafizəsi üzrə zərərvericilər və alaq otlarına qarşı tətbiq olunan mübarizə sahəsində Tehran Universitetinin "Əbu Reyhan" fakültəsi ilə AETBMİ arasında elmi və təcrübi mübadilə yolu ilə qarşılıqlı əməkdaşlıq etmək idi. Səfər çərçivəsində razılıq müqaviləsi imzalanıb, qısa müddətdə birgə elmi-tədqiqat işlərinə başlanılması qərara alınıb. Bu dəfə qonaqlar institutda aparılan fundamental işlərlə yaxından tanış olmaq, ayrı-ayrı laboratoriyalarda quraşdırılan müasir avadanlıqlarla, eyni zamanda ən son mübarizə metodlarına nəzər yetirmək məqsədi ilə Gəncəyə təşrif buyurmuşdular.

Ekoloji vəziyyət müzakirə olundu
Ötən həftə Gəncədə şəhərin ekoloji vəziyəti ilə bağlı növbəti tədbir keçirildi. Qafqaz üçün regional ekoloji mərkəzin maliyyə dəstəyi ilə həyata keçirilən tədbirdə şəhərimizin bu sahədə tanınmış alimləri, mütəxəssisləri və tədqiqatçıları iştirak edirdi. İştirakçılar hər birində 4 nəfər olmaqla qruplara bölünərək Gəncənin ekoloji problemlərini müzakirə etdilər:
- Gəncədə yaşıllıqların vəziyyəti (yaşıl ərazilərin genişləndirilməsi);
- Təmiz yeraltı sular;
- Ekoloji maarifləndirmənin aparılması;
- Təmiz hava;
- Tullantıların səmərəli idarə olunması;
-Şəhərin sanitar, gigiyenik və epidemioloji vəziyyətinin yaxşılaşdırılması;
- Gəncə çayının təmizlənməsi və strateji məqsədləri

Gəncədə təxirə salınan 3 tədbir
Ötən ayın son həftəsi Gəncədə tədbir keçirmək istəyən bir neçə beynəlxalq təşkilat üçün uğursuz oldu. Belə ki, yanvar ayının 24-29 tarixləri arasında onların planları müxtəlif səbəblər üzündən nəzərdə tutulduğu vaxtda baş tutmadı.
Yanvar ayının 24-ü Gəncə Müstəqil Jurnalistika Mərkəzində media-klubun açılışı bomba axtarışı ilə əvəz olundu. (Bu barədə daha ətraflı 4-cü səhifədəki "Media-klub fəaliyyətə başladı" sərlövhəli məqalədə).
Baş tutmayan digər tədbir Fridrix Naumann Fondu, Hüquq-Maarifçilik Cəmiyyəti və Azərbaycan Hüquqçular Assosiasiyasının birgə təşkil etmək istədikləri seminar olub. Seminar "Seçkilər və İctimai maraqların müdafiəsi" mövzusunda olmalı idi. Bu tədbirin keçirilməsi yanvarın 29-na planlaşdırılmışdı. Lakin seminarın təşkilatçılarında rəsmi icazə məktubu olmadığından seminar keçirilmədi. Bütün bu baş verənlərə aydınlıq gətirmək üçün Gəncə şəhər İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin baş referenti Ramiz İsmayılovla görüşdük. O, bildirdi ki, bütün ictimai birliklər elə tədbir keçirməmişdən əvvəl bizə xəbərdarlıq etməlidirlər, əks təqdirdə onların tədbirinin keçirilməsinə icazə verilməyəcək.
Beynəlxalq Respublikaçılar institutunun (İRİ) şəhərimizdə keçirmək istədiyi "İcmalarda ictimai fəallıq" mövzusunda II regional konfrans da baş tutmadı. Sözügedən tədbirə 5 regionun fəal gəncləri cəlb edilmişdi. Təşkilatçıların sözlərinə görə, tədbirin keçirilməsi üçün Treninq Aparatından, Gənclər, İdman və Turizm Nazirliyindən və Prezident Aparatından razılıq alınmışdı. Hətta bu barədə Gəncə şəhər İcra Hakimiyyətinin müvafiq orqanına faksla məlumat göndərilmişdi. Həmçinin mehmanxana və restoranla bağlı bütün məsələlər əvvəlcədən həll olunmuşdu. Lakin 27-si günü (Gəncəyə çatmağa 2 saat qalmış) İRİ-nin əməkdaşlarına bildiriblər ki, mehmanxanada bütün otaqlar tutulub. Gəncəyə çatdıqda isə tədbir iştirakçıları mehmanxanaya buraxılmadı. Təşkilatçılar Gəncə şəhər İcra Hakimiyyətinin başçısı və ya müavini ilə görüşmək istəsələr də, ona nail ola bilməyiblər.
İRİ əvvəlcədən məlumat verdiyi halda tədbirin keçirilməməsinin səbəbini R. İsmayılov belə izah etdi: "Bəli, onlar bizə faksla məlumat göndərmişdilər. Lakin faksda 26-27 yanvar 2005-ci il əvəzinə, fevral tarixi göstərilib. Buna görə də onların tədbiri baş tutmadı".
Qeyd edək ki, bütün ictimai birliklər hər hansı tədbir keçirməzdən əvvəl müvafiq icra orqanına müraciət etməlidirlər.

Vergilər İdarəsi köçür
Artıq xeyli müddətdir ki, Ş. İ. Xətai prospektində bir vaxtlar toxucuların mədəniyyət sarayı olan binada əsaslı təmir işləri aparılır. 12 saylı Ərazi Vergilər İdarəsinin yeni iqamətgahı olacaq bu bina Vergilər Nazirliyinin balansına verilib. Ərazidə geniş miqyaslı tikinti işlərinin aparılması şəhərdə Vergilər Nazirliyinin Gəncəyə köçürülməsi ilə bağlı söz-söhbətin yaranmasına səbəb olub. Yeni binaya köçmənin səbəbini 12 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicilərinə xidmət şöbəsinin müdiri Azər Məmmədov bu cür izah etdi: "Vergi orqanı daim modernləşən bir sistemdir. Ona mobillik, təşkilat texnikasının daim mükəmməlləşməsi lazımdır. Bizim hazırkı idarənin yerləşdiyi bina müasir tələblərə cavab vermir. Vergi orqanı hər an yeniləşən sistemdir. İdarədə 50-60 nəfərlik iclas zalının olmaması bu sahədə qəbul olunan qanunları, qərarları, digər normativ aktları işçilərimizə çatdırmaqda çətinliklər yaradır. Bunun üçün ayrıca, özü də bütün tələblərə cavab verən binaya ehtiyacımız var".
A. Məmmədov əlavə etdi ki, görülən bütün işlər "Vergi inzibatçılığının təkmilləşdirilməsinə dair" prezident fərmanının davamıdır. Həmin binanın Vergilər Nazirliyinin balansına verilməsi barədə Nazirlər Kabinetinin sərəncamı olduğunu və bütün bunların iş şəraitinin yaxşılaşmasına yönəldiyini bildirdi.
Yeni idarə binasının tikintisi ilə "Fidan İnşaat" MMC məşğul olur. Artıq bir sıra işlər görülüb. Binanın dam örtüyü əsaslı təmir edilib. Hazırda yeni plastik qapı və pəncərələr qoyulur. Tikintiyə rəhbərlik edən inşaat şirkətinin rəhbəri Bəhruz İsayev aparılan işlər haqda bunları söylədi: "Ötən ilin noyabrından tikintiyə başlamışıq. Binanın fasadında suvaq işləri başa çatıb, hal-hazırda binanın daxilində beton-karkas, suvaq, asma-tavan, mərmər işləri görülməkdədir. Havanın soyuq olması ilə əlaqədar elə işlər var ki, mərhələ-mərhələ görülməlidir. İyun-iyul aylarına qədər bütün işlərimizi qurtarmağı planlaşdırmışıq. Bu vaxtadək ƏDV də daxil olmaqla, 300 milyon manat vəsait sərf olunub". Hal-hazırda təmir işləri gedən 3-3,5 min kv. m ərazidə (binada) böyük iclas zalı, mini-idman zalı, təxminən 60-a yaxın otağın olacağı nəzərdə tutulub. İdarənin ümumi ərazisi isə 6 min kv. m təşkil edir".
Əldə etdiyimiz məlumata görə, Vergilər Nazirliyi tərəfindən ayrılan vəsaitin dayandırılması nəticəsində tikinti işlərinə müvəqqəti olaraq fasilə verilib.

Təqaüdçülər yeni xidmətin bir addımlığında
"Fevral ayından Gəncədə təqaüdlər plastik kartlarla ödəniləcək". Sözügedən məlumat Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Nizami və Kəpəz rayon şöbələri tərəfindən verilib. Artıq əhaliyə bildiriş göndərilib ki, onlar təqaüd almaq üçün gələn aydan banklara müraciət etməsinlər. Bu isə əksər vətəndaşların bir növ narahatlığına səbəb olub. Təqaüdçülərdən bir qrupu redaksiyamıza müraciət edərək məsələyə aydınlıq gətirməyi xahiş ediblər. Çoxsaylı müraciətləri nəzərə alıb DSMF-nun Nizami rayon şöbəsinin müdiri Fikrət Məmmədovla əlaqə saxladıq. O, problemi belə şərh etdi:
"Mərhum prezident H. Əliyevin 2001-ci ildə "Pensiya təminatı" haqqında məlum fərmanı olub. Fərmanın müddəalarının birində təqaüdlərin verilməsinin sadələşdirilməsi kimi plastik kartların tətbiq olunması göstərilib. 2002-ci ildən Bakıda bu üsul tətbiq olunub. Əhali də bu yenilikdən razı olduğunu bildirib. Bundan sonra respublikamızın hər yerində yeni qaydanın tətbiq olunması planlaşdırılıb". Müsahibimiz qeyd etdi ki, şəhərimizdəki təqaüdçülərin sayı qədər plastik kartların hazırlanması üçün Azərbaycan Beynəlxalq Bankına sifariş verilib:
"Bir ədəd plastik kartın hazırlanması 10 dollara başa gəlir. Lakin bizim üçün müəyyən güzəştlər də nəzərdə tutulub. Həmin kartlara görə əhalidən heç bir ödəniş alınmayacaq. Yəni bu DSMF-nin ayırdığı vəsait hesabına hazırlanır. Əgər təqaüdçü ona mənsub kartı itirərsə, o, həmin kartın əvəzedicisini almaq üçün müəyyən məbləğdə pul ödəməli olacaq". F. Məmmədov plastik kartlardan ancaq təqaüdlərin alınmasında istifadə olunacağını bildirdi:
"Bu proses də Beynəlxalq Bank tərəfindən işlənib hazırlanır. Sözügedən qurum bundan ötrü xüsusi bankomatların quraşdırılmasına başlayıb. Nizami rayon ərazisində, Gülüstan qəsəbəsi də daxil olmaqla 13 belə kassa olacaq. Onlardan 9-u, demək olar ki, hazırdır. Qalanları da bu ayın sonunda istifadəyə veriləcək".
Plastik kartların tətbiqinin Gəncədə yeni bir iş olduğunu nəzərə alsaq, təqaüdçülərin bu xidmətdən istifadə zamanı müəyyən çətinliklərlə üzləşəcəyi şübhəsizdir. Eyni zamanda "xüsusi işbaz"ların ayrı-ayrı vətəndaşları öyrətmək adı ilə onların kartından istifadə edərək, pullarını mənimsəmək ehtimalları da çoxdur. Bakıda belə hallar az olmayıb. Müsahibimiz yuxarıda sadalanan xoşagəlməz halların baş verməməsi üçün bir sıra tədbirlər hazırlandığını dedi:
"İlkin olaraq kartdan istifadə qaydaları haqqında xüsusi məlumat guşələri hazırlanıb. Hər bir kassanın diqqəti cəlb edən yerlərində vurulacaq. Həmçinin Beynəlxalq Bank tərəfindən bu işlə məşğul olacaq şəxslər ayrılacaq. Onlar kassanın yanında durmaqla müraciət edən vətəndaşa köməklik edəcəklər". Beləliklə, təqaüdçülər fevral ayından ona çatası pulunu plastik kartla alacaq. Bəlkə bundan sonra onların canı yersiz süründürməçilikdən qurtarmaqla kiçik tələbatını ödəyən "10 şirvanlıq" təqaüdlərini vaxtında və tam şəkildə əldə edə bilsinlər.

Qədim Karvansara uça bilər
Gəncə şəhərinin mərkəzində Şah İsmayıl Xətai və Əlibəy Hüseynzadə küçələrinin kəsişdiyi yerdə artıq uçurulmuş "Əsgər hamamı" və ona bitişik tikililərin yerində çoxmərtəbəli yaşayış evinin tikiləcəyi xəbəri çoxlarını sevindirib. Şəhərin aparıcı küçə və prospektlərinin asfalt örtüyünün təzələnməsi ilə yanaşı, çoxmərtəbəli yaşayış evlərinin inşasına da diqqət yetirilməsi, əlbəttə, ürəkaçan haldır.
Gəncənin milliliyini, qədimliyini göstərən amillər sırasında qırmızı kərpicdən tikilmiş binalar müstəsna əhəmiyyət kəsb edir. Son dərəcə ağrılı haldır ki, şəhərin xüsusilə də mərkəzi hissəsində villa, bank, market və sair tikmək eşqinə düşən işbazların yırtıcı nəzərləri əsasən həmin binalara dikilib. Təəssüf ki, bəzən məsul dövlət orqanları da müəyyən tikintilərə icazə verərkən, şəhərin tarixi görkəminin qorunmasını deyil, qərəzli layihəçilərin ambisiyalarını əsas tuturlar. Əgər belə olmasaydı Gəncənin XVII əsrin əvvəllərinə aid tarixi abidələrindən olan Əlibəy Hüseynzadə küçəsində yerləşən (Humanitar kollecin yerləşdiyi bina) Karvansaraya bitişik ərazidə çoxmərtəbəli binanın tikintisinə belə asanlıqla razılıq verilməzdi. Unikallığını və gözəlliyini əsasən qoruyub saxlamış bu binanın və ümumiyyətlə qədim tikililərin özülünün çox da möhkəm olmadığı faktdır. Keçmiş "Əsgər hamamı"nın yerində tikiləcək çoxmərtəbəli ev üçün qazılacaq dərin özül yerinin və ümumiyyətlə orada görüləcək işlərin Karvansaraya mənfi təsir göstərəcəyi, hətta onu uçmaq təhlükəsi qarşısında qoyacağı şübhəsizdir. Hətta möcüzə baş versə, yəni bitişik ərazidə ucaldılacaq çoxmərtəbəli evin tikintisindən Karvansaraya ciddi xətər yetişməsə belə, nəticə yenə də ürəkaçan olmayacaq. Belə ki, nəhəng çoxmərtəbəli bina Karvansaranı kölgədə qoyacaq, onun şəhərin əhalisi və qonaqlar üçün baxımlılığına zərbə vuracaq.
Hələ çoxmərtəbəli binanın özülünün qazılmasına başlanmayıb, sadəcə, köhnə binanın sökülməsi prosesi başa çatmaqdadır, Karvansaranın Ş. İ. Xətai prospektinə baxan tərəfində isə artıq iri çatlar peyda olub. Özülün qazılması prosesində həmin çatların genişlənəcəyini proqnozlaşdırmaq üçün heç də mütəxəssis olmaq lazım deyil. Güman edirik ki, şəhər rəhbərliyi tikintinin dayandırılmayacağı halda Karvansaranın özülünün möhkəmləndirilməsi üçün əlaqədar təşkilatlar qarşısında zəruri öhdəlik qoyacaq.

Tarixi abidələrimiz bərpa edilir
Gəncədə Şeyx Bəhaəddin tərəfindən tikilən Karvansara, Cümə məscidi və Çökək Hamam abidələri tarixi-arxitektura kompleksi sayılır. Bu günümüzədək gəlib çatan tarixi abidələrdə (Karvansara istisna olmaqla) əsaslı təmir-bərpa işləri aparılıb. Cümə məscidinin dam örtüyü tamamilə dəyişdirilib, minarələrin tavanı bərpa edilib, digər kosmetik işlər yerinə yetirilib. Bu işləri Gəncə şəhər İcra Hakimiyyəti maliyyələşdirsə də, "Çökək Hamam" memarlıq abidəsinin təmiri Mədəniyyət Nazirliyinin vəsaiti hesabına "Kəpəz" bədii-yaradıcılıq istehsalat mərkəzi tərəfindən yerinə yetirilib. XVI əsrə aid olan bu tikilidə aparılan bərpa işləri "Abidələrin bərpası" Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən layihələşdirilib. Mərkəzin direktoru Rövşən Süleymanov bildirir ki, görülən işlər 2004-cü ilin proqramına daxil edilmişdir. O,100 kv. m ərazini əhatə edən abidənin yenidən və əsaslı bərpa edildiyini söyləyir: "Hamamın dam örtüyünə tol çəkilərək qırlandı. Kümbəzlər yenidən rənglənərək əvvəlki formaya salındı. Əvvəllər yağış sularının axması üçün taxta, sonra dəmir borular quraşdırılmışdı. Boruların diametri kiçik olduğundan yağış sularının axması çətinləşirdi və içəriyə su damırdı. Bunun qarşısını almaq üçün boruları daşdan yonulmuş novdanlarla əvəz etdik. Binanın üstünə 100 metr yeni manjet çəkdik. İstifadə etdiyimiz kərpiclər də qədimidir. Onları köhnə evlər sökülərkən almışıq, möhkəmliyini yoxlamışıq. Bu abidə də həmin kərpiclərdən inşa edilib. Hamamın arxa tərəfini də yenidən əvvəlki vəziyyətə gətirdik, daxilində rütubət olmasın deyə pəncərə yerlərini bərpa etdik. Daxilini də əsaslı bərpa etdik, divarları rənglədik, sütunları qırmızı kərpicdən yonaraq restavrasiya etdik. Bütün görülən işlər tikilinin əvvəlki görkəminə xələl gətirilmədən edilib".
Müsahibimiz onu da bildirdi ki, binanın üzərindəki ləkələr olduğu kimi qalacaq.
Qeyd edək ki, "Çökək hamam" abidəsi Tətbiqi Sənət Muzeyi kimi fəaliyyət göstərəcək.

"Tomris"in körpələrə isti nəvazişi
"Tomris" Analar Cəmiyyəti köməyə ehtiyacı olan insanlara, kimsəsizlərə, eləcə də Dağlıq Qarabağ müharibəsindən əziyyət çəkənlərə yardım göstərir, tez-tez onların görüşünə gəlir. 1992-ci ildən Gəncənin bir qrup fəal qadınları tərəfindən yaradılan təşkilat, bu dəfə müharibə bölgəsinə, qaçqın şəhərciyinə deyil, Gəncə şəhər Körpələr Evinə sevinc gətirdi. Uşaqların qış mövsümündə yeni isti geyimlərə ehtiyaclarının olduqlarını nəzərə alan Cəmiyyətin üzvləri, onlara gödəkçələr, əlcək, papaq, şərf, üst geyimləri və s. hədiyyə etdilər. Körpələr Evində yaşayan 3 yaşınadək olan 22 nəfər uşağın hər biri öz hədiyyələrini aldılar. Cəmiyyətin üzvü onlara bu xeyirxah işi görməkdə WORD VISION təşkilatının Bakı ofisinin dəstək olduğunu bildirdi. O, həmçinin Qazax rayonu Körpələr Evinə də təxminən 30 uşaq üçün isti qış geyimlərinin verildiyini dedi. Təşkilatın üzvləri yaxın günlərdə Gəncə şəhər 2 saylı Uşaq Evinə də baş çəkəcəklər və 150 nəfərlik geyim dəstləri ilə uşaqları sevindirəcəklər.

Idman:
Cüdo
Yanvarın 28-29-da Tbilisidə cüdo üzrə "A" kateqoriyalı beynəlxalq turnir keçirilib. Ənənəvi turnirdə bir neçə ölkənin, o cümlədən Azərbaycanın idmançıları tatami üzərinə çıxıblar. Respublika yığma komandasının tərkibində 2 Gəncə cüdoçusu Ramil Qasımov(66 kq) və Araz Muxtarov(73 kq) iştirak edib.
R. Qasımov turnirdə yaxşı çıxış etsə də finalda uduzub. O, gümüş medala layiq görülüb. Gənc idmançı Araz isə ilk dəfə iştirak etdiyi belə turnirdə 5-ci yerə çıxıb. Hər iki idmançı 1 saylı UGİM-i təmsil edirdi.
Sambo
Bakıda Milli Olimpiya Komitəsinin Olimpiya İdman Kompleksində sambo üzrə yeniyetmələr, gənclər və kişilər arasında növbəti Azərbaycan çempionatı başa çatdı. Yarışlarda respublikanın ən güclü samboçuları mükafatlar uğrunda mübarizə aparırdı. İştirakçılar arasında bir qrup Gəncə idmançıları da var idi. Yeniyetmələr arasında onlardan yalnız Səhəddin Bayramov (87 kq) fərqlənib. O, bütün görüşləri qələbə ilə başa çatdırıb və respublika çempionu adına layiq görülüb. Gənclər arasında 2 idmançımız mükafat qazana bilib. 62 kq çəki dərəcəsində çıxış edən Fuad Əliyev ikinci, Amil Qasımov isə üçüncü yerə çıxıblar. Kişilər arasında Gəncə idmançılarından mükafatçılarımız sırasına düşən olmayıb.

Kikboksinq
Bu günlərdə Gəncənin "Metallurq" idman kompleksində yeniyetmələr, gənclər və kişilər arasənda kikboksinq açıq şəhər birinciliyi keçirilib. Yarışda Bakı, Mingəçevir, Balakən, Qazax, Ağstafa və əlbəttə ki, Gəncə kikboksçuları, ümumilikdə 100-ə yaxın idmançı öz gücünü sınayıb. İki günlük mübarizədən sonra müxtəlif çəki dərəcələrində qaliblər müəyyən olunub.
1989-90-cı illər: Nicat Dünyamalıyev (QDU - idman klubu), Azər Gözəlov (Balakən), Kamil İsmayılov, Elvin Allahverdiyev, Qurban Qurbanov, İlahəddin Məmmədov, Pərvin Əliyev, Vüqar Bağırov və Famil İsmayılov (hamısı 2 saylı UGİM).
1987-88-ci illər: Samir İbrahimov, Nicat Alməmmədov (2 saylı UGİM), Elnur Aslanov (Ağstafa), Orxan Tağıyev (Dinamo), Emin Bayramov (2 saylı UGİM), Qalib Bayramov (Dinamo), Nicat Qurbanov və Elnur Musayev (2 saylı UGİM).
Kişilər arasında: Sənan Haqverdiyev, Yaşar İsgəndərov, Elnur Salamov, Emin Bayramov (hamısı 2 saylı UGİM), Elnur Cəlilov, Fəxri Baxşəliyev (Dinamo) çempion adını qazandılar.
Fərqlənən idmançılar diplom və mükafatlarla təltif olunublar.

Bu həftə buraxilişi
PDF formatda

#19 (93)
07 - 17 iyun
2005-ci il


[