HƏFTƏLİK XƏBƏRLƏR "GƏNCƏBASAR" müstəqil qəzeti tərəfindən təqdim olunub.
 
ARXIV
#04. 24-30 yan 2004
#05. 31-06 fev 2004
#06. 07-13 fev 2004
#07. 14-20 fev 2004
#08. 21-27 fev 2004
#09. 28-05 mart 2004
#12. 20-26 mart 2004
#13. 27-02 apr 2004
#14. 03-09 apr 2004
#15. 10-16 apr 2004
#16. 17-23 apr 2004
#17. 24-30 apr 2004
#18. 01-07 may 2004
#19. 08-14 may 2004
#20. 15-21 may 2004
#22. 29-04 iyun 2004
#23. 05-11 iyun 2004
#24. 12-18 iyun 2004
#25. 19-25 iyun 2004
#26. 26-02 iyul 2004
#27. 03-09 iyul 2004
#28. 10-16 iyul 2004
#29. 17-23 iyul 2004
#30. 24-30 iyul 2004
#31. 31-06 avq 2004
#32. 07-13 avq 2004
#33. 14-20 avq 2004
#34. 21-28 avq 2004
#35. 29-03 sen 2004
#36. 04-10 sen 2004
#37. 11-18 sen 2004
#38. 19-24 sen 2004
#39. 25-01 okt 2004
#40. 02-08 okt 2004
#42. 16-22 okt 2004
#43. 23-29 okt 2004
#45. 06-12 noy 2004
#46. 20-26 noy 2004
#47. 27-04 dek 2004
#48. 05-11 dek 2004
#49. 12-17 dek 2004
#50. 18-24 dek 2004
#51. 25-31 dek 2004
#01. 01-07 yan 2005
#04. 05-11 fev 2005
#05. 19-25 fev 2005
#06. 05-11 mart 2005
#07. 12-18 mart 2005
#08. 19-25 mart 2005
#09. 26-01 apr 2005
#10. 02-08 apr 2005
#13. 26-02 may 2005
#14. 03-09 may 2005
#15. 10-16 may 2005
#16. 17-23 may 2005
#18. 31-06 iyun 2005

#08. 19 - 25 mart 2005

"Merkuri" kompüterləri istehsal olunacaq
"Regionların sosial-iqtisadi inkişafı haqqında" Dövlət Proqramının qəbulunun bir illiyinə həsr olunmuş respublika konfransı Gəncədə də müzakirə olundu. Bu münasibətlə keçirilən şura iclasında səsləndirilən təkliflərdən biri Gəncədə kompüterlərin istehsalına başlanılacağı oldu. "Gəncə Sənaye İstehal" Açıq Tipli Səhmdar Cəmiyyətində istehsalı nəzərdə tutulmuş "Merkuri" kompütelərinin artıq sınaq variantları hazırdır. SC-in idarə heyətinin sədri Rafiq Nağıyev istehsal edilən kompüterlərin üzərində təkmilləşdirmə işlərinin aparılacağını deyir. Bu məqsədlə, artıq mütəxəssislər yerli işçiləri təlimləndirmək üçün şəhərimizdədirlər: "Biz indi də istehsala başlaya bilərik. Bunu Bakıdan 2-3 nəfər mütəxəssis dəvət etməklə edə bilərik. Amma öz işçilərimiz bunu etsə, daha yaxşı olar. Ona görə ehtiyat hissələrini Bakıdan alıb istehsal etdiyimiz bir neçə yeni kompüterin üzərində iş aparılmalıdır. Proqramlaşdırma təkmilləşdirilməli, kompüterlərin yığılmasını bilən işçilər hazırlanmalıdır. Siqnal buraxılışlarımız həmin mütəxəssislər tərəfindən yenidən proqramlaşdırılacaq və müasirləşdiriləcək. Bu, heç də istehsal edilənlərin keyfiyyətsiz olması demək deyil. Sadəcə, biz istəyirik bazarda rəqabətə davamlı və alıcıların tələbatına cavab verə bilən kompüter istehsal edək. Həmçinin, verəcəyimiz bir illik zəmanət alıcılara xeyir edər. Həm də tərəfimizdən yenilik kimi serviz xidməti mərkəzi yaradılacaq ki, bu da istifadə zamanı kompüterdə yaranan problemlərin həll edilməsində köməklik göstərəcək. Bunun üçün çağırılmış mütəxəssislərin köməyi lazımlıdır".
Bütün proseslərin yay aylarında yekunlaşacağını deyən R. Nağıyev istehsal ediləcək yeni kompüterlərin alıcılar tərəfindən rəğbətlə qarşılanacağını deyir. Bunun üçün "Merkuri" digərlərindən heç də geri qalmamalıdır. Bu məqsədlə bu günlərdə Bakıda olan R. Nağıyev İranın "İziran" şirkətinin mühəndis-meneceri ilə danışıqlar aparıb: "Məndən əvvəlki rəhbərlik bu şirkətlə kompüterin ehtiyat hissələrini almaq üçün müqavilə imzalayıb. Həmin kontraktda bir ədəd kompüter üçün lazım olan detallara görə, 441 ABŞ dolları ödənilməlidir. Həmin qiymətin üzərinə ƏDV, əmək haqqı və digər xərcləri də əlavə etsək, bu bir ədəd kompüter üçün 700 dollara yaxın pul edir. İndi kompüterlərin ən müasiri 400-500 dollara satılır. Ona görə də bizə həmin məbləğdə ehtiyat hissələri almaq sərf etmir. Bu qiymətə isə heç kim kompüter almaz. Ona görə də "İziranın" nümayəndəsi ilə görüşəndə mən 441 dolları 360-a qədər azaltmağı təklif etdim. O da bu barədə rəhbərliklə danışacağı və bizə məlumat verəcəyini söylədi. İndi biz həmin cavabı gözləyirik. Əgər alınarsa, onda bir ədəd kompüter üstümüzə 450-500 dollara oturacaq. İstənilən cavab alınmazsa, alternativ variantlarımız var".
Ehtiyat variantlardan birinin prezidentin Çinə səfəri zamanı əldə ediləcəyinə ümid edilir. SC-nin sədri Bakıdakı iş adamları ilə qurulan iş birliyi nəticəsində buna nail olunacağına güman edir. Həmin iş adamları Çində keçiriləcək biznes-forumda iştirak edəcəklər. İnternet vasitəsilə də axtarışlar aparan cəmiyyət nəticə əldə etsə də, qənaətbəxş olmayıb. "Bizə ehtiyat hissələrini ucuz qiymətə təklif edirlər. Lakin bunu iri partiyalarla almağı deyirlər - birdən 20 min dəst. Bizim maliyyə imkanlarımız isə buna yol vermir. Əsasən xırda partiyalarla və bizə sərf edən qiymətə ehtiyat hissələrini almalıyıq ki, onun tam maya dəyəri bizə baha başa gəlməsin" - deyən R. Nağıyev bütün hallarda yeni istehsal ediləcək "Merkuri"lərin "Pentium-4" markalı kompüterlərə yaxın olacağını söylədi.
Qeyd edək ki, "Merkuri" kompüterlərini alanlar əlavə olaraq, 40 ABŞ dollara yaxın pul da ödəyəcəklər. Çünki kompüterlər iş stolu ilə birlikdə satılacaq. Yeni kompüterlərin elə yay aylarında satışa çıxarılacağı nəzərdə tutulur. Əgər, ehtiyyat hissələrinin alınması ilə problemlər olmasza.

Müasir laboratoriya yaradıldı
Gəncədə 20-yə yaxın tibb müəssisəsinə dərman, avadanlıq və digər tibbi ləvazimatlarla yardım edən ABŞ-ın İRD təşkilatı şəhərimizdə daha bir xeyirxah iş görüb. Təşkilat martın 17-də, 1 saylı Abbas Səhət adına xəstəxananın reanimasiya şöbəsində müasir standartlara uyğun laboratoriyanın yaradılması üçün yeni avadanlıqlar alıb. İRD-nin Azərbaycan üzrə direktoru Şamil Kalyayev Zaqatala və Sumqayıt şəhərlərində də xəstəxanaların birində bu cür avadanlıqlar quraşdırılacağını dedi. ABŞ-ın Dövlət Departamentinin maliyyə dəstəyi ilə həyata keçirilən bu işlərə ümumilikdə 500 min dollar həcmində vəsait sərf olunub. Xəstəxananın baş həkimi Raqif Quliyev yeni yaradılan laboratoriyanın sayəsində ilk dəfə şəhərimizdə müxtəlif növ müasir analizlərin aparılmasının mümkün olacağını bildirdi. Burada qanın fiziki, morfoloji və biokimyəvi tərkibini, şiş xəstəliklərində ankomer tədqiqatları, bütün hormonları və o cümlədən infeksion xəstəlikləri, hepatitin hər üç növü - A, B, C müayinə olunacaq. Yeni analizator vasitəsi ilə sidiyin 18 fiziologiyasını müəyyən etmək və sentrofuqa aparatı ilə qanın tərkibini ayırmaq mümkündür. Qeyd edək ki, dəqiq analizlərin aparılmasında böyük əhəmiyyət kəsb edən elektron mikroskop şəhərimizdə ilk dəfə məhz bu laboratoriyada quraşdırılıb.
Tədbirdə iştirak edən Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Həsrət Hüseynov bu cür müasir avadanlıqlar çox baha olduğundan dövlət hesabına onların alınmasında çətinliklər olduğunu bildirdi: "Şəhər səhiyyəsinin kifayət qədər kadr, mütəxəssis potensialı var. Lakin bildiyiniz kimi maddi-texniki baza o qədər də ürəkaçan deyil. Bütün xəstəxanaları yeni avandanlıqlarla təchiz etmək imkanımız yoxdur. İRD təşkilatı sağ olsun ki, Novruz bayramında şəhər əhalisinə və xəstəxananın tibb personalına bu cür hədiyyə edib".

Gəncə-Yevlax magistral yolu əsaslı təmir olunacaq
Azərbaycanda şəhərlərarası magistral yolların təmiri və yenidənqurulması işləri davam edir. Növbəti ildə bu proses Gəncə-Yevlax yolunda baş tutacaq. Lazım olan 1 milyon dollar vəsaiti İslam İnkişaf Bankı ayıracaq.
Qeyd edək ki, bu günlərdə ölkə rəhbəri İlham Əliyev Səudiyyə Ərəbistanına səfər edərkən, keçirdiyi görüşlərdən biri İslam İnkişaf Bankının rəhbərilə olub. Rəsmi görüşdən sonra tərəflərarası kredit müqaviləsi bağlanıb. Müqavilənin şərtlərinə görə, ayrılacaq vəsait güzəştlə 25 il müddətinə qaytarılacaq. Haqqında məlumat verdiyimiz magistral yolunda təmir işlərinə növbəti ildə (2006) başlanılması nəzərdə tutulub.
Xatırladaq ki, İslam İnkişaf Bankı Respublikamıza kredit yardımlarını 2000-ci ildə imzalanmış hökumətlərarası sazişə əsasən edir. İrihəcmli layihələrin maliyyələşdirilməsində yaxından iştirak edən bu qurum Ağstafa rayonunun minalanmış ərazilərinin təmizlənməsi üçün lazım olan vəsaitin bir hissəsini də ayırır. Bank rəhbərləri görüşlərinin birində gələcəkdə maliyyə yardımlarının bir qədər də artırılacağını bildiriblər.

Abonentlərlə enerji müqaviləsi bağlanacaq
Hal-hazırda şəhərimizin artıq 50 faizi işıq sayğacları ilə təchiz edilib. Gəncə elektrik şəbəkəsinin direktoru Mürsəl Eyvazovun sözlərinə görə bu ilin iyul ayına qədər Gəncə tam sayğacla təmin ediləcək. Təbii ki, bununla da şəhərimizdəki işıq problemini birdəfəlik həll etmək mümkün olacaq. Ötən ay abonentlərin enerji təminatının daha da təkminləşdirilməsi üçün Nazirlər Kabineti tərəfindən yeni qərar verilib. Qeyd edək ki, indiyədək elektrik enerjisindən istifadə qaydaları keçmiş SSRİ dövründə qəbul olunan qərarın tələblərinə uyğun şəkildə aparılırdı.
2005-ci ilin fevral ayının 2-dən Nazirlər Kabineti "Elektrik enerjisindən istifadə edilməsi haqqında" 18 saylı yeni qərar imzalayıb. Bu imzalanan sənəddə əsas bəndlərdən biri abonentlərlə müqavilənin bağlanmasıdır. Baxmayaraq ki, müqavilə istehsalçı və istelakçıların hüquqlarını müəyyənləşdirir, Mürsəl Eyvazov isə burada istehlakçıların, yəni abonentlərin hüquqlarının daha çox qorunduğunu bildirir. Belə ki, abonentlərə fasiləsiz keyfiyyətli işıq verilməsi əsas şərt kimi qarşıya qoyulub. Eyvazovun sözlərinə görə müqavilənin əsas şərtlərindən biri də budur ki, elektrik şəbəkəsi gün ərzində 24 saat 220 volt enerji ilə təmin etməyə borcludur. Bu müqavilədə bəzi dəyişiklər və yeniliklər nəzərdə tutulur. Bunlardan biri də ödəniş haqlarının yeni qaydalarıdır. Əgər abonent işıq pulunu lazım olan vaxtdan 10 gün müddətinə gecikdirərsə ödəniş haqqını üzərinə 0,1 faiz dəbbə pulu gələcək.
Müsahibimizin sözlərinə görə verilən qərar martın 1-dən qüvvəyə minib. Yaxın günlərdə istehlakçılarla müqavilələrin bağlanmasına başlanılacaq. Həmçinin müqavilədən imtina edən abonentlərə işıq verilişi dayandırılacaq. Hal-hazırda müqavilənin sənədləri yayımlanmaq üçün nəşriyata verilib. O ərazilər ki, tam sayğaclaşmayıb həmin abonentlərlə müqavilə bağlanmayacaq. Çünki həmin yerlərə fasiləsiz enerji verilmir, bu da idarə tərəfindən müqavilə şərtlərinin pozulması ilə nəticələnə bilər.

Akademikin 80 yaşı qeyd olundu
Mart ayının 11-də Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (AKTA) akt zalında akademik Sidiqə Məmmədovanın 80 illik yubileyi qeyd edildi.
Tədbiri giriş sözü ilə AKTA-nın rektoru, akademik Məmmədtağı Cəfərov açdı. Təbrik üçün ilk söz şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova verildi. O, bildirdi ki, Sidiqə xanımı tanıdığı qısa müddətdə onun möhkəm iradə, dəyişməz əqidə sahibi, mərd və son dərəcə həssas, qayğıkeş insan olduğunu müşahidə edib.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Aqrar Elm Mərkəzinin direktoru Əsəd Musayev öncə AMEA-nın prezidenti, akademik Mahmud Kərimovun salam və təbriklərini yubilyara çatdırdı. O, Sidiqə xanımın keçdiyi keşməkeşli ömür yoluna qısaca səyahət etdi, həyat və yaradıcılığındakı bəzi məqamları tədbir iştirakçılarının diqqətinə çatdırdı, S. Məmmədovanın bitki mühafizəsi sahəsində apardığı fundamental elmi-tədqiqat işlərinin gənc nəsil üçün böyük məktəb olduğunu dedi. Qonaq sonda Kənd Təsərrüfatı Nazirliyinin, AMEA və 7 elmi tədqiqat institutlarının diplom və xatirə hədiyyələrini səbəbkara çatdırdı.
M. Ə. Sabir adına şəhər 5 saylı orta məktəbin aşağı sinif şagirdlərinin yubilyara həsr olunmuş şer töfhəsi tədbirə rövnəqlik, hərarət gətirdi, YAP Gəncə təşkilatının sədri Həsrət Hüseynov yubiley tədbirinin prezident İlham Əliyevin dəstəyi ilə AMEA və AKTA-nın birgə təşkilatçılığı ilə hazırlandığını qeyd etdi. O, Sidiqə xanıma YAP idarə heyətinin üzvlərinin ünvanlandırdığı təbrik teleqramını və xatirə hədiyyələrini çatdırdı.
Aspirantı olmuş İbrahim Cəfərov Sidiqə xanımın böyük idarəçilik təcrübəsinə malik olmasından bəhs edərkən işlətdiyi "bəlkə elə bunun nəticəsidir ki, Sidiqə xanım gözünü açandan vəzifədədir, amma mən 10 il fakültə dekanı işləyə bilmədim" cümləsi tədbirdə gülüş doğurdu.
Bakıdan gəlmiş qonaqlarda AMEA, Zoologiya institutunun direktor müavini Yaqub Mahmudov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi işlər üzrə prorektoru professor Zəkəriyyə Sadıqov və həmçinin digər ziyalılar söz alaraq, yubilyarla bağlı xoş xatirələrini bölüşdülər. Ona bundan sonrakı yaradıcılığında yeni-yeni uğurlar arzuladılar, öz xatirə hədiyyələrini təqdim etdilər.
Tədbirin rəsmi hissəsinin sonunda yubilyara söz verildi. Sidiqə xanım böyük diqqət göstərib tədbiri təşkil edənlərə, AMEA və AKTA rəhbərliyinə, iştirakçılara öz təşəkkürünü bildirdi. O, özünün bu səviyyəyə çatmasında əməyi olmuş insanların rolunu xatırlatdı:
"Bunu nəzərə alaraq, mən də yetirmələrimə həmişə qayğı ilə yanaşır, hər işdə onlara köməklik etməyə çalışmışam. Bizə kimsə kömək edib bu həddə çatdırıblar, biz də yerimizə kimlərisə hazırlamalıyıq. Bu, estafet deyilən bir şeydir".
Akademik, sonda tədbirdə iştirak edən hər kəsə 80 yaşını belə yubiley şəklində keçirməyi arzuladı.

İİV/ QİÇS-lə bağlı maarifləndirmə davam edir
Martın 14-də Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin treninq zalında "KİV nümayəndələrinin İİV/ QİÇS üzrə biliklərinin dərinləşdirilməsi" mövzusunda İRD təşkilatı növbəti seminarını keçirdi. Tədbiri giriş sözü ilə "İİV/ QİÇS üzrə maarifləndirmə" proqramının rəhbəri Gülşən Axundova açaraq bildirdi ki, bu problemin qlobal olmasına baxmayaraq mətbuat səhifələrində buna az yer verilir. Çünki son statistik rəqəmlər respublikamızın Zaqafqaziyada bu virusa yoluxma hallarına görə 1-ci yerdə olduğunu deyir. Proqramın həkimi Əli Şıxəliyev son dövrlərdə qeydə alınan rəqəmlərlə iştirakçıları bir daha tanış etdi. 2003-cü ildə qeydə alınan rəqəmlərə görə dünyada İİV-ə yoluxanların sayı 70 milyona çatıb. Bu xəstəlikdən ölənlər 28 milyon, İİV-lə yaşayanlar 42 milyondur. 14 milyon uşaq 1 və ya 2 valideyinini itirib. Hər gün dünyada 14 min insan bu virusa yoluxur. Yoluxanların 50 faizi 10-25 yaşda olanlardır. Qonşu Rusiyada İİV-ə yoluxanlar 256 mindən çoxdur. Nəzərə alsaq ki, orada 100 minlərlə həmvətənimiz yaşayır, onda İİV/QİÇS problemi ilə bağlı dərindən düşünməyə dəyər. Azərbaycanda İİV-ə yoluxanların sayı 760 nəfərdir. Bunun da 76 faizi kişilər, 21 faizi qadınlar, 3 faizi anonim şəxslərdir. Proqramın digər həkimi Aynur Ağabəyli İİV-in ötürmə yolları, infeksiyanın əlamətləri, müayinəsi və müalicəsi ilə bağlı iştirakçıları məlumatlandırdı.
Məşğələ zamanı KİV nümayəndələrinin İİV/ QİÇS mövzusuna niyə az müraciət etmələri müzakirə olundu. Layihənin KİV üzrə mütəxəssisi İsmayıl Abbasın dediklərindən: "Bu proqramın indiyə qədərki fəaliyyəti müddətində mətbuat səhifələrində 40-a qədər yazı və televiziyada bir çox reklam çarxları yayımlanıb. Lakin bu kifayət etmir. Çünki hər gün minlərlə insan İİV-ə yoluxursa, yüzlərlə insan dünyasını dəyişirsə, media daha artıq canyanğısı ilə bu mövzuya yanaşmalıdır. Məruzəçilər İİV/ QİÇS sahəsində çalışan KİV nümayəndələri üçün riayət etmələri vacib olan etik normalardan, təkliflərdən danışdılar.
QİÇS-lə mübarizə mərkəzinin əməkdaşı Tofiq Musayev mövzu ilə bağlı bunları dedi: "İİV-in müalicəsi üçün lazım olan dərman preparatları olduqca bahadır. Yaxşı olardı ki, ölkəmizdə yerli preparatlar hazırlayan müəssisələr olsun və bu dərmanların satışı zamanı üzərinə ƏDV qoyulmasın. 1992-ci ildə QİÇS-lə mübarizə məqsədi ilə fəaliyyət proqramı hazırlanıb. Hətta 2002-ci ildə proqram strateji planla əvəz olundu. Lakin indiyə qədər bu iş üçün maliyyə yardımı ayrılmayıb".
Tədbirin sonunda jurnalistləri bu işə daha da yaxından cəlb etmək üçün "məqalə yarışı" keçirmək qərara alındı və bildirildi ki qaliblərə mükafat veriləcək.

Damaçılar mükafatla döndülər
Ötən həftə Bakıda kadet və gənc damaçıların Azərbaycan çempionatı başa çatıb. 64 xanalı dama üzrə keçirlən yarışda respublikanın 52 şəhər və rayonunu təmsil edən damaçılar, 6 yaş qrupunda mübarizə aparırdı. Gəncə Şəhər Şahmat Məktəbinin yetirmələri bu yarışda ilk dəfə iştirak etmələrinə baxmayaraq, Bakıdan qənaətbəxş nəticə ilə qayıdıblar. Şəhər komandasının heyətindəki 6 nəfərdən ikisi mükafata layiq yer tutublar. Kadet iştirakçılar arasında Gəncə şəhər 2 saylı orta məktəbin şagirdi Könül Abbasova (məşqçi Mübariz Əkbərov) rəqiblərinə göz açmağa imkan verməyərək, respublika çempionu adını qazanıb və ölkə kubokuna layiq görülüb. 27 saylı orta məktəbin şagirdi İbrahim Quliyev isə (məşqçi Firdus Rüstəmova) kiçik kadetlərin yarışında III yerə çıxıb və diplomla təltif olunub. Komandamızın digər təmsilçiləri - Gülrübə Məmmədova, Aysel Hüseynli, Şəbnəm Məmmədova və Rəşad Əliyev yer tuta bilməsələr də, onların çıxışları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.
Gəncə komandasının baş məqçisi, ustalığa namizəd Güloğlan Abdullayev də damaçıların çıxışından razıdır: "Hamı dama oyununa dırnaqarası baxır. Ancaq heç kim oyunun dərinliklərinə vara bilmir. Çox sevindirici haldır ki, son dövrlərdə Gəncədə bu sahədə irəliləyiş hiss olunur. Şahmat məktəbində mütəmadi yarışlar keçiririk. Ölkə çempionatında əldə edilən uğur da bunun nəticəsidir".

AZARKEŞLƏR "EVDƏ" QƏLƏBƏ GÖZLƏYİR
Futbol üzrə milli çempionatda 23-cü turun oyunları çərçivəsində Gəncənin eyniadlı komandası Yevlaxda "Karvan"la məhsuldar heç-heçə etdi. İlk dəqiqələrdən Yevlağa mübariz oyun göstərmək üçün gəldiyini meydan sahiblərinə sübut edən "Gəncə" oyunda ilk real qol vəziyyətini də özü yaratdı. Lakin hesabı 10-cu dəqiqədə meydan sahibləri açsalar da, həvəsdən düşməyən Gəncə təmsilçisi elə ilk hissədə hesabı bərabərləşdirdi - Qoqa Beriyanın vurduğu effektli qol "Gəncə"yə bu oyundan 1 xal götürməyə və "Karvan"ı liderlərdən bir az da geri salmağa imkan yaratdı.
Qeyd edək ki, bu gün martın 19-da gəncəlilər doğma meydanda Bakının "Gənclərbirliyi" komandasını qəbul edəcək. Azarkeşlər "Gəncə"dən məzmunlu oyun və ən əsası qələbə gözləyir. Ən azı "Karvan"la səfər qarşılaşmasında olduğu kimi.
"Gəncə" PFK-nın baş məşqçisi Şahin Diniyev "Gənclərbirliyi" ilə oyuna hazırlıq barədə bunları dedi: "Komanda oyuna hazırdır. Ruslan Sadıqov sarı kart cəzalısı, Arif Əsədov zədəli olduğundan oyunu buraxmalı olacaq. Ancaq bu hal heyətin formalaşmasına təsir etməyəcək. Oyundan-oyuna səviyyə artır. "Gənclərbirliyi" ilə oyunda azarkeşləri sevindirməyə borcluyuq".
Qeyd edək ki, 24-cü tur ərəfəsində "Gəncə" 25 xalla 11-ci yerdə qərarlaşıb. Doğma divarlar arasında qazanılacaq qələbə turnir cədvəlində iki pillə yüksəlməyə imkan verəcək. Əgər "Karat" bu turda qələbə qazana bilməsə.

Bu həftə buraxilişi
PDF formatda

#19 (93)
07 - 17 iyun
2005-ci il


[