ARXIV
|
#27. 02 - 09 iyul 2004
TAXILÇILIQ SAHƏSİNƏ BAXIŞ KEÇİRİLDİ
Azərbaycanda kənd təsərrüfatının yenidən qurulması və inkişafı, müasir tələblərə cavab verən mütəxəssis hazırlığı və nümunəvi fermer təsərrüfatların yaradılması məsələsini ortaya çıxardı. Bu sahədə bir sıra beynəlxalq təşkilatlar ölkəmizə kömək edirlər. Almaniyanın texniki əməkdaşlıq cəmiyyətinin (GTZ) respublikamızın ayrı-ayrı regionlarında mükəmməl toxumçuluq sistemlərinin yaradılması üçün gördüyü işlər bunlardan biridir. GTZ-nin son illər maliyyə dəstəyi ilə Beynəlxalq Buğda və Qarğıdalı Seleksiya Mərkəzi (CİMMYT), Gəncə Aqrobiznes Assosiasiyası (GABA) və Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunun (AETƏİ) ayrı-ayrı kənd təsərrüfatı bitkiləri üzrə yaratdıqları nümayiş-təcrübə tarlalarının respublikamızda yeni formalaşmaqda olan fermer təsərrüfatlarında əhəmiyyətini xüsusi ilə qeyd etmək lazımdır.
İyun ayının 20-də belə təcrübə sahələrindən birinə - Goranboy rayonunun Nizami kəndinin "Əbil" kəndli-fermer təsərrüfatında salınmış buğda sortlarından ibarət təcrübə sahəsinə baxış keçirildi. Azərbaycan Kənd Təsərrüfatı Akademiyası mütəxəssislərinin və respublikamızın ayrı-ayrı rayonlarından olan fermer, bələdiyyə nümayəndələrinin qatıldığı tədbirdə mövcud problemlərdən danışıldı, onların həlli yolları müzakirə edildi. |
|
SU VƏ
KANALİZASİYA SİSTEMİNİN BƏRPASINA KREDİT AYRILACAQ
Bu ilin aprelində Azərbaycan və Almaniya hökumətləri arasında aparılan danışıqların nəticəsi olaraq, maliyyə və texniki əməkdaşlığa dair protokol imzalanıb. 2004-2005-ci illər üçün imzalanmış protokola əsasən, Azərbaycana yeni kreditlərin və qrantların verilməsi nəzərdə tutulub. İqtisadi İnkişaf Nazirliyinin verdiyi məlumata görə, Almaniyanın KFW bankı tərəfindən ayrılması nəzərdə tutulan kredit hesabına Gəncə və Şəki şəhərlərinin su təchizatının və kanalizasiya sistemlərinin bərpası nəzərdə tutulub. Qeyd olunan layihələrin həyata keçirilməsi üçün yeni institusional model hazırlanıb. Hazırda həmin layihələrə Nazirlər Kabinetində baxılır və böyük ehtimalla yaxın vaxtlarda onların reallaşdırılmasına başlanılacaq.
|
|
İNGİLİS BİZNESMENLƏRİ REGİONUMUZA MARAQ GÖSTƏRİRLƏR
İyunun 29-da Britaniyanın bir neçə şirkətlərinin, İnvestisiyaların Təşviqi və Məsləhət Fondu (İTMF) və Britaniya krallığının Azərbaycandakı səfirliyinin nümayəndə heyəti Gəncəyə gəldilər. Nümayəndə heyətinin tərkibinə Azərbaycan-Britaniya Ticarət Sənaye Şurasının Britaniya tərəfindən həmsədri Ken Forrest, "UK Trade & İnvestment" təşkilatının regional nümayəndəsi Mayl Esseks, "Genezis Group"un nümayəndəsi Endrü Sparrou, "Alfa-Omeqa" şirkətinin maliyyə direktoru xanım Parul Kanabar, Azərbaycanda İTMF prezidentinin nümayəndəsi, Britaniya səfirinin müavini xanım Pola Nobes və başqaları daxil idi. Səfər xarici şirkət sahibləri ilə birgə iş birliyi yaratmaq və onların ayrı-ayrı sahələrə cəlb olunması məqsədi ilə İqtisadi İnkişaf Nazirliyi tərəfindən təşkil olunmuşdur. Xatırladaq ki, Britaniyanın ölkəmizdəki səfiri Lourens Bristou başçılıq etdiyi nümayəndə heyəti ilə ötən mart ayının əvvəllərində şəhərimizdə olmuş, bir sıra işləyən və işləməyən sənaye müəssisələrə baxış keçirmişdi. O, KİV-lərlə görüşündə Gəncənin, ümumiyyətlə qərb regionunun təbii əlverişli şəraitindən razı qaldığını ifadə etmişdi və qısa bir müddətdə ölkəsinin iş adamlarının regiona gəlişlərinin təşkil ediləcəyini istər sənaye, istərsə də kənd təsərrüfatı sahəsində iş birliyi yaratmaları üçün lazımi köməklik göstərəcəyini bildirmişdi. Cənab səfir vədinə sadiq qalaraq, çox keçmədən ölkəsinin biznesmenlərini Gəncəyə göndərdi. Əvvəlcədən planlaşdırılmış şəkildə öncə İcra Hakimiyyətinə təşrif buyuran nümayəndə heyətini icra başçısının iqtisadi məsələlər üzrə müavini İlham Əliyev qəbul etdi. Şəhərin mövcud sosial-iqtisadi vəziyyəti və problemləri, bu görüşdə müzakirə olunan əsas məsələlərdən oldu.
Səfərdə nəzərdə tutulan mühim görüşlərdən biri şəhərdəki müəssisələrdə oldu. İlk növbədə "Şərab-2" açıq tipli səhmdar cəmiyyətinə (ATSC) baxış keçirildi. Son vaxtlar müəssisənin müasir avadanlıqlarla təchizi, istehsal prosesinin təkminləşdirilməsi məhsulların keyfiyyətinin yüksəlməsinə səbəb olub. Xaricə ixrac olunan bu məhsullar görünür həmin ölkələrin biznesmenlərinin diqqətini müəyyən dərəcədə özünə cəlb edib. Odur ki, Gəncəyə gələn hər bir xarici nümayəndə mütləq "Şərab-2" müəssisəsi ilə maraqlanır. Ənənəyə sadiq qalan ingilis qonaqları da "Şərab-2" ATSC-yə gəldi. İstehsal prosesi və müəssisənin imkanları ilə tanış oldular. Səfirin müavini Pola Nobes, ona müəssisənin beynəlxalq sərgilərdə əldə etdiyi nailiyyətlərlə bağlı verilən məlumatdan məmnun qaldığını jurnalistlərdən belə gizlətmədi. Sonra qonaqlar "Fatoğlu" Azərbaycan-Türkiyə birgə müəssisənə gəldilər. Onlara firmanın rəhbəri Arif Həsənov iş prinsipləri, istehsal məhsulları və problemləri ilə bağlı məlumat verdi. Xarici nümayəndə heyətinin üçüncü baxış obyekti "Elba" Məhdud Məsulliyyətli Cəmiyyət (MMC) oldu. Müəssisədə istehsalın çoxsahəliliyi ilə maraqlanan şirkət rəhbərləri iş prinsipləri ilə yanaşı orada çalışan fəhlələrin şəraitini də özlərindən soruşdular. Və sonda "Elba" MMC ilə əlaqələr yaratmağın mümkünlüyünü xüsusi olaraq qeyd etdilər.
İqtisadi İnkişaf Nazirliyinin Gəncə-Qazax Regional şöbəsinin müdiri Azər Muradov nümayəndə heyətini digər müəssisələrə (xüsusən işləməyən) dəvət etsə də, onlar vaxtlarının olduğunu bildirərək, dəvəti qəbul etmədilər. Məlumdur ki, Dövlət Proqramında nəzərdə tutulan əsas məsələ regionlarda yoxsulluğun azaldılması və işsizliyin aradan qaldırılması məqsədi ilə işləməyən müəssisələrin fəaliyyətinin bərpasıdır. Buna isə xarici iş adamlarının investisiya ayırması yolu ilə nail olmağın mümkünlüyü səsləndirilir. Belə olan halda Britaniyanın böyük işçi qruplarının işləməyən müəssisələrin problemləri ilə yox, işləyən müəssisələrlə maraqlanması təəccüb doğurur.
Nümayəndə heyətindən səfirin müavini Pola Nobes, Kənd Təsərrüfatı Üzrə İxtisaslaşmış "Alfa-Omeqa" şirkətinin icraçı direktoru Endrü Sparrou və Azərbaycanda İTMF-in baş məsləhətçisi Emin Zeynalov axşam saatlarında "Gəncə Biznes Qrup" qeyri-hökumət təşkilatında oldular. Qonaqlara təşkilatın gördüyü işlər və ən əsası rayonlarda yerli istehsalçıların problemləri ilə bağlı səlis məlumatlar verildi. Şirkət nümayəndələri biznes-planlarla, həyata keçirilən layihələrlə, kreditləşmə işləri ilə maraqlandılar. Həmçinin "Gəncə Biznes Qrup"un (GBQ) direktor müavini Arif Cahangirov fermerlərin kreditə böyük ehtiyacı olduğunu və buna görə xarici şirkətlərin bu sahədə köməklik göstərməsinin mümkünlüyünü qonaqların nəzərinə çatdırdı. Səfərin növbəti günü bütün nümayəndə heyəti təkrar GBQ-də oldular və mərkəzin fəaliyyətini əks etdirən tablolara baxış keçirildi. Oradan İngiltərənin Gəncədəki yeganə təşkilatı "S & P Treninq" şirkətinə yollandılar. Əməkdaşları və tələbələri ilə görüş keçirdilər. Günün ikinci yarısı xarici nümayəndə heyəti Tovuza yola düşdü.
|
|
İDMAN: SƏRBƏST GÜLƏŞ, SPARTAKİADANIN YEKUNLARI
SƏRBƏST GÜLƏŞ
İyunun 26-27 Gəncə şəhər "Dinamo" idman cəmiyyətinin zalında əməkdar məşqçi İsax Cəfərovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında (1988-89, 90-92 illər) sərbəst güləş üzrə şəhərlərarası turnir keçirildi. Yarışda Gəncənin, Şəmkirin, Bərdənin, Yevlaxın, Göyçayın, Ağdamın və Zaqatalanın 300-ə yaxın idmançısı iştirak etdi.
İki günün mübarizədən sonra ayrı çəki dərəcəsində Qurbanəli Sayadov, Rasim İbrahimov, Kənan İsmayılov, Sərxan İbrahimov, Hümbət Məmmədov, Rüstəm Əliyev, Elnur İbrahimov, Tuqay Məmmədov, Səbuhi Məmmədov (hamısı - Gəncə), Muraz Əmirli (Şəmkir), Azər Paşayev, Ruslan Şükürov (Ağdam) və Nicat Tahirov (Bərdə) turnirin qalibi oldular. Fərqlənən pəhləvanlara diplom və medallar təqdim olundu.
SPARTAKİADANIN YEKUNLARI
İyulun 29-da "Gənclik" tələbə idman cəmiyyətinin və Gənclər, İdman və Turizm İdarəsinin ali və orta ixtisas məktəbləri arasında keçirdikləri ənənəvi spartakiadanın bağlanışı olub.
Bağlanışda çıxış edən "Gənclik" tələbə idman cəmiyyətinin sədri Novil İsmayılov spartakiadanın yekun nəticələrini açıqlayıb. 9 növdə ən yaxşı nəticələri ali məktəblər arasında Gəncə Dövlət Universitetin, orta ixtisas məktəbləri arasında isə Tibb texnikumunun komandaları göstəriblər. Beynəlxalq Universitetinin Gəncə şöbəsi, Azərbaycan Müəllimlər İnstitutu (ali məktəblər arasında), Humanitar kolleci və Musiqi texnikumunun komandaları da mükafatçılar sırasında yer tutublar.
Armrestlinq Gəncə şəhəri "Məhsul" idman cəmiyyəti, Gənclər, İdman və Turizm İdarəsi ilə birlikdə armrestlinq üzrə şəhər birinciliyi keçirdi. Yarışda 50-yə yaxın idmançı öz gücünü sınayıb.
Öz çəki dərəcəsində Elvin Nəbiyev, Pərviz Rəhimov, Elgün Zeynalov, Tural İsrafilov, Nizami Həsənov, Sabit Abbasov və Rüstəm Hüseynov qalib gəliblər.
Daş qaldırma
Daş qaldırma üzrə Gəncə şəhər birinciliyi başa çatdı. Yarışda 30-dan çox idmançı iştirak edib.
Çempionatda Xəyal Fərəcov (60 kq), Arzu İbrahimov (70 kq), Seymur Hümbətov (80 kq) və Pərviz Xəlilov (90 kq) fərqləniblər.
Qaliblər və mükafatçılar diplomlarla təltif olunublar.
Sərbəst güləş
İyulun 1-dən 4-dək Bolqarıstanın Varna şəhərində sərbəst güləş üzrə gənclər arasında növbəti Avropa birinciliyi keçiriləcək. Bu yarışda Azərbaycanın yığma komandası da iştirak edəcək. Yığmanın tərkibində Gəncə pəhləvanı, ikiqat respublika çempionu Mehman İmamquliyev də ölkəmizin idman şərəfini qoruyacaq. Uğurlar olsun! |
|
Bu həftə buraxilişi
PDF formatda
#19 (93) 07 - 17 iyun 2005-ci il
[
Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden
in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden
in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
Warning: main(): Failed opening 'http://www.ganca.net/downloads/download.php?showme=5' for inclusion (include_path='.:/usr/local/php4/lib/php') in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
]
dəfə yüklənib.
|
|