HƏFTƏLİK XƏBƏRLƏR "GƏNCƏBASAR" müstəqil qəzeti tərəfindən təqdim olunub.
 
ARXIV
#04. 24-30 yan 2004
#05. 31-06 fev 2004
#06. 07-13 fev 2004
#07. 14-20 fev 2004
#08. 21-27 fev 2004
#09. 28-05 mart 2004
#12. 20-26 mart 2004
#13. 27-02 apr 2004
#14. 03-09 apr 2004
#15. 10-16 apr 2004
#16. 17-23 apr 2004
#17. 24-30 apr 2004
#18. 01-07 may 2004
#19. 08-14 may 2004
#20. 15-21 may 2004
#22. 29-04 iyun 2004
#23. 05-11 iyun 2004
#24. 12-18 iyun 2004
#25. 19-25 iyun 2004
#26. 26-02 iyul 2004
#27. 03-09 iyul 2004
#28. 10-16 iyul 2004
#29. 17-23 iyul 2004
#30. 24-30 iyul 2004
#31. 31-06 avq 2004
#32. 07-13 avq 2004
#33. 14-20 avq 2004
#34. 21-28 avq 2004
#35. 29-03 sen 2004
#36. 04-10 sen 2004
#37. 11-18 sen 2004
#38. 19-24 sen 2004
#39. 25-01 okt 2004
#40. 02-08 okt 2004
#42. 16-22 okt 2004
#43. 23-29 okt 2004
#45. 06-12 noy 2004
#46. 20-26 noy 2004
#47. 27-04 dek 2004
#48. 05-11 dek 2004
#49. 12-17 dek 2004
#50. 18-24 dek 2004
#51. 25-31 dek 2004
#01. 01-07 yan 2005
#04. 05-11 fev 2005
#05. 19-25 fev 2005
#06. 05-11 mart 2005
#07. 12-18 mart 2005
#08. 19-25 mart 2005
#09. 26-01 apr 2005
#10. 02-08 apr 2005
#13. 26-02 may 2005
#14. 03-09 may 2005
#15. 10-16 may 2005
#16. 17-23 may 2005
#18. 31-06 iyun 2005

#50. 18-24 dekabr 2004

Gəncə Hava Limanı Xanlar ərazisində qalmayacaq
"Gəncəbasar" qəzetinin ötən sayında Gəncə Hava Limanının yenidən qurulması ilə bağlı geniş məlumat verilmişdi. Qeyd edək ki, tikiləcək liman ötən həftə tərəflərin qarşılıqlı razılığı əsasında Xanlar rayonundan Gəncə şəhərinə verilmiş torpaq sahəsində yerləşəcək. Bu haqda ətraflı məlumat almaq üçün Dövlət Torpaq Xəritəçəkmə komitəsi, Gəncə şəhər şöbəsinin müdiri Fədail Səlimova müraciət etdik. Onun dediklərindən:
"Əvvəla qeyd edim ki, postsovet dönəmində SSRİ Hərbi Hava Qüvvələri (HHQ) "N" saylı hərbi hissə üçün, Azərbaycan SSR Nazirlər Sovetinin 23.03.1962-ci il tarixli 157-22 ps nömrəli sərəncamı ilə qonşu Xanlar rayonunun Bağmanlar sovxozu ərazisindən 36,95 ha torpaq sahəsi ayrılıb. Lakin sonradan yaranan başqa bir zərurət nəticəsində HHQ-nin təyyarə meydançasının istifadə istiqaməti dəyişdirilərək, yerində Gəncə Mülkü Hava Limanı fəaliyyət göstərməyə başlamışdır".
F. Səlimov bildirdi ki, ölkə rəhbəri cənab İlham Əliyev sonuncu dəfə Gəncədə olarkən, indiki limanın dünya standartlarına heç cür cavab vermədiyini görüb, əvvəl imzalamış olduğu Dövlət Proqramına uyğun olaraq onun yenidən inşası ilə bağlı lazımi göstərişlər verdi. Bu zaman bir məsələ ortaya çıxıb: Gəncə Hava Limanı Xanlar rayonu ərazisində yerləşir, yeni təlimata görə isə dövlət əhəmiyyətli obyektlər hansı şəhər, rayona məxsusdursa, yerləşdiyi ərazi də onun olmalıdır.
Müsahibimizin sözlərinə görə, "Azal" Hava Yolları Dövlət Konserni, (HYDK) Gəncə Hava Limanı yeni limanın salınacağı ərazinin qanuni çərçivədə Gəncəyə birləşdirilməsi barədə vəsadət qaldırıb: "Bütün bunları nəzərə alaraq tərəfləri təmsil edən sözügedən inzibati ərazi vahidlərinin icra başçılarının qarşılıqlı razılığı əsasında vaxtı ilə təyyarə meydançasına ayrılmış 36,95 ha torpaq sahəsinin və onun yenidən qurulması üçün indiki Quşqara bələdiyyə ərazisindən tələb olunan 102,62 ha (əlavə 65,67 ha) torpaq sahəsinin "Azal" HYDK-nin daimi istifadəsinə verilməsi və həmin ərazinin Gəncə şəhərinin inzibati ərazisinə daxil edilməsi qərara alınıb".
Qeyd edək ki, məsələ ilə bağlı Gəncə şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov və Xanlar rayon İcra Hakimiyyəti başçısı Vilyam Hacıyev 04 noyabr 2004-cü il tarixli, 85 saylı müvafiq sərəncamlar imzalayıb:
"Xanlar rayonu ərazisində fəaliyyət göstərən Gəncə Hava Limanı altında olan mövcud torpaq sahəsinin və onun yenidən qurularaq genişlənməsi üçün zəruri torpaq sahəsinin ayrılması və həmin ərazinin bütövlükdə Gəncə şəhərinin inzibati ərazisinə daxil edilməsi barədə" sərəncamların tələblərinə görə:
1. Gəncə Hava Limanı regionda böyük dövlət və ictimai əhəmiyyət kəsb etdiyindən onun ərazisinin genişlənməsindən ötrü Gəncə Hava Limanının 2004 - cü il 26 oktyabr tarixli 1-395 nömrəli vəsadəti, eyni zamanda Quşqara bələdiyyəsinin 01 noyabr 2004-cü il tarixli 11 saylı protezi və Quşqara kənd inzibati ərazi vahidi üzrə nümayəndəsinin vəsadəti nəzərə alınsın.
2. "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" AR Qanunun 8-ci maddəsinin tələblərinə uyğun hazırlanmış və müvafiq icra başçıları tərəfindən təsdiq edilmiş 1:10.000 miqyaslı sxematik xəritə əsasında Gəncə ilə Xanlar rayonu arasındakı inzibati sərhəd xəritəsinə qismən dəyişiklik edilsin.
3. Bu sərəncamlar əsasında hazırlanmış təqdimat Milli Məclisdə baxılıb təsdiq olunması xahiş edilsin.
F. Səlimov onu da qeyd etdi ki, bu məsələ aptıq MM-in gündəliyinə çıxarılıb: "Yəqin ki, gələn həftə oxunuşla təsdiq olunacaq" - deyə, əlavə etdi.

İranın təhsil və səhiyyə naziri Gəncədə olub
Dekabrın 16-da İranın Təhsil və Səhiyyə naziri Məsud Pezikşian Gəncəyə qısa müddətli səfər etdi. Gəncəyə səfərini tanışlıqla başlayan nazir, Cümə məscidində namaz qıldıqdan sonra jurnalistlərlə də görüşdü. O, müsahibəsində qeyd etdi ki, bu səfər rəsmi dəvətlə əlaqədardır. Bakıda bir çox dövlət nümayəndələri ilə görüşlər keçirən M. Pezikşiyan Gəncəyə də baş çəkmək istəyib. Məqsəd səhiyyə və təhsil sahəsində təcrübə mübadiləsi etmək, mütəxəssislərin, eləcə də dövlət səviyyəsində əlaqələrin möhkəmlənməsinə nail olmaqdır.
Onun sözlərinə görə, İranda dava-dərmanların 97 faizi ölkə daxilində istehsal olunur: "Azərbaycanda isə bu ehtiyac xarici bazarın məhsulları hesabına ödənilir. Ona görə də, Azərbaycanda dərman istehsal edəcək müəssisələrə zərurət var. İndi sizin ölkədə İranın yalnız bir dərman istehsal edən müəssisəsi fəaliyyət göstərir. Daha bir müəssisənin tikilməsi barədə razılığa gəlinib".
Nazir onu da vurğuladı ki, hazırda Azərbaycanda təhsil alan iranlı tələbələrlə də görüşüb, onların problemləri ilə maraqlanıb. Sonda isə nazir qısa müddətli səfər ərəfəsində Gəncənin təhsil və səhiyyə durumu liə yaxından tanış olduğunu və əlaqələrin bundan sonra da genişləndirilməsinə, bu sahədəki problemlərin həllinə yardımçı olacağını söylədi. M. Pezikşian elə həmin gün vətəninə geri döndü.

Xan arxının xanlığı harda qaldı?!
Köhnə gəncəlilərin dediklərinə görə, vaxtı ilə Xan arxının suyu içməli olub, indi isə arx fotoşəkildə gördüyünüz vəziyyətdədir. O, sanki su arxı yox, zibil transportyorudur. Yağış yağanda isə arx daşır, yolları çirkab sular və pis qoxu götürür.
Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin kommunal-gigiyena bölməsinin həkimi Hamlet Bağırovun məsələ ilə bağlı dediklərindən: "Əməkdaşlarımızın iştirakı ilə polis işçiləri tərəfindən keçirilən reydlər göstərdi ki, bəzi sakinlər bu arxa kanalizasiya xətti qoşmaqla bura çirkab sular axıdırlar. Həmin şəxslər cərimə olunsalar da, bir müddət keçəndən sonra eyni hal təkrar olunur. Xan arxı ildə iki dəfə təmizlənir, lakin təmiz qalması üçün əlbəttə ki, sahə müvəkkillərinin də məsuliyyətli olması şərtdir".
Xatırlatmaq istərdim ki, Xan arxının qarşısında Gəncə Texniki Kolleci, çayxana və bir sıra obyektlər yerləşir. Ancaq görünür arxın bu vəziyyətə düşməsi heç kimi narahat etmir.

Qazın verilməsində məhdudiyyətlər ləğv oluna bilər
Respublikamıza növbəti ildə təxminən 5,5 milyard kubmetr qaz idxal olunacaq. 2006-cı ildə isə bu həcm azaldılacaq. İdxalın azaldılmasına səbəb hal-hazırda istismarda olan "Günəşli" yatağında 20-dən artıq əlavə quyuların qazılmasıdır. Sözügedən məlumat "Azərqaz" MMC və Yanacaq-Energetika Nazirliyinin mətbuat xidmətinin verdiyi açıqlamaya istinadən yayılıb. Məlumatda o da bildirilir ki, istifadəyə veriləcək yeni quyuların qaz hasilatı ölkəmiz üzrə bir sıra rayonların (hansı rayonlar olacağı hələlik dəqiqləşdirilməyib) mavi yanacaqla təchiz olunmasına köməklik edəcək. Eyni zamanda bu, Gəncə, Mingəçevir, Əli Bayramlı və Lənkəran şəhərlərində tətbiq olunan maye qazın verilməsi üzrə məhdudiyyətləri də aradan qaldıracaq.
Qeyd edək ki, Azərbaycanın mavi yanacağa illik tələbatı 12 milyard kubmetr olsa da, respublika üzrə hasilatın həcmi yalnız 5 milyard kubmetrdir. Hazırda əhalinin qaza olan tələbatı xaricdən idxal hesabına ödənilir.
Məlum olduğu kimi Rusiyanın "İtera" şirkəti 2001-ci ildən bəri ölkəyə hər min kubmetri 52 dollar olmaqla, ildə orta hesabla 4 milyard kubmetr qaz verib.
Əlavə olaraq onu da qeyd edək ki, Dövlət Neft Şirkəti 2003-cü ilin sonunda "Qazprom"a tabe olan "Qazeksport" şirkəti ilə yeni müqavilələr bağlayıb. Lakin 2004-cü ilin əvvəlindən həmin müqavilənin hüquq və vəzifələri "KAZROS qaz" ("Qazprom" və "Kazmunayqaz" şirkətlərinin hər birinə 50 faiz payı düşən birgə müəssisəsi) şirkətinin ixtiyarına verilib. Azərbaycana 5,5 milyard kubmetr qazın verilməsi cari ildə bu saziş çərçivəsində baş verəcək. İlkin razılaşmaya görə 4,5 milyard kubmetri Qazaxıstandan, qalanı "Qazeksport"un öz ehtiyatlarından veriləcək.

Sahibkarlər nədən gileyləndi
Dekabrın 10-da Gəncə şəhər Sahibkarlar Assosiasiyası və Sahibkar Qadinlar Birliyinin təşkil etdiyi konfransın əsas mövzusu da bundan ibarət olub. Konfransı giriş sözü ilə Sahibkar Qadınlar Birliyinin sədri Zemfira Ağayeva açdı. O, bildirdi ki, kredit haqqında qanuna əsasən biznes planını təqdim edən sahibkara dövlət bank vasitəsilə kredit verməlidir. Amma buna baxmayaraq banklar bu qanuna əməl etmir və sahibkarların banklardan kredit almasında problemlər yaranır. Hətta girov qoyan, işləməyə həm gücü, həm də qabiliyyəti çatan sahibkarlar banklardan kredit ala bilmirlər.
Tədbirdə iştirak edən "Atabank"ın nümayəndəsi Camal Əliyev məsələyə bir qədər aydınlıq gətirdi. O, bildirdi ki, dövlət və onun təmsil etdiyi bank tərəfindən kreditlərin verilməsində heç bir problem yoxdur. "Amma sahibkarlar bilməlidirlər ki, kredit almağın müəyyən şərtləri var. Yalnız girov qoymaqla və yaxşı tərtib edilmiş biznes-planla kredit almaq mümkün deyil. Banklar ilk növbədə kredit üçün müraciət edən sahibkarın indiyə qədər gördüyü işləri araşdırır. Əgər banka 10 nəfər sahibkar müraciət edibsə, biz onlardan birini - biznesdə bacarığını işi ilə sübut edə biləni seçib ona kredit veririk", - bunu C.Əliyev deyib. Qeyd edək ki, o, tədbirdə iştirak edən yeganə bank nümayəndəsi idi. Təşkilatçıların sözlərinə görə, onlar tədbirə 7 bankdan nümayəndə dəvət ediblər, amma "Atabank"dan başqa tədbirə heç bir bank qatılmayıb.
Tədbirdə özəl sektorun inkişafı ilə əlaqədar vergi qanunvericiliyində nəzərdə tutulmuş dəyişikliklər də təhlil edildi. 12 saylı Ərazi Vergilər İdarəsinin sədr müavini Azər Məmmədovun hal-hazırda Vergilər Nazirliyində və Milli Məclisdə vergi yükünün azaldılması və vergi bazasının genişləndirilməsi məsələsi müzakirə olunur.
Sahibkarları ən çox narahat edən 9 rəqəmli VÖEN-lərdən 10 rəqəmliyə keçid məsələsi idi. A. Məmmədov bunu beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə edildiyini dedi. Onun sözlərinə görə, bütün hüquqi şəxslərin yenidən qeydiyyatdan keçməsi bu ilin sonuna qədər başa çatmalıdır.
Konfrans zamanı məlum oldu ki, sahibkarların problemləri yalnız kredit almaq və qeydiyyatdan keçməklə bitmir: biznes işində müəyyən nailiyyətlər əldə etmiş sahibkarların işləməsinə elektrik enerjisinin fasilələrlə verilməsi daha çox mane olur. "Trial LTD" Poliqrafiya müəssisəsinin rəhbəri Vaqif Qaracəmilli ilə söhbətimizdə o, bildirdi ki, işıq pulunu qanuni sayğac vasitəsilə verir. Amma onun müəssisəsinə elektrik enerjisini daim vermirlər. Onun sözlərinə görə, enerjinin məhdudiyyətlərlə verilməsi onun fəaliyyətinə 50 faiz ziyan vurur.
Məsələ ilə bağlı Gəncə şəhər Elektrik Şəbəkəsinin satış üzrə direktor müavini Şaiq Qəribov bildirdi ki, "Bayva"nın elektrik enerjisini şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış qrafik əsasında paylayır. Enerjinin məhdudiyyətlərlə verilməsi səbəbini Ş. Qəribov belə izah etdi: Şəhərin 70 faizi hələ sayğacla təmin olunmayıb. Onun sözlərinə görə sayğaclaşdırılma tam başa çatandan sonra işıq məhdudiyyətsiz veriləcək. Dediklərinə sübut olaraq o, Gülüstan, Alüminiumçular qəsəbəsini, Əziz Əliyev küçəsini misal gətirdi.
Qeyd edək ki, sahibkarların əksəriyyəti "Bayva"dan işığı müqavilə əsasında alır. Müqavilənin şərtlərinə əsasən "Bayva" istehlakçı enerjinin pulunu vaxtında ödəmədiyi təqdirdə bir dəfə xəbərdarlıq edildikdən sonra işığını kəsə bilər. Amma müqavilədə elektrik enerjisini satan tərəfin işığı kəsəcəyi təqdirdə hansı konpensasiya ödəməsi və ya heç olmasa buna görə məsuliyyət daşıması haqqında heç bir söz deyilmir. Bu faktı "Bayva"nın hüquqşünası Məhərrəm Dəryagir təsdiqlədi. Ancaq o, qeyd etdi ki, yeni yaranan Sənaye və Energetika Nazirliyi elektrik enerjisinin istifadə qaydası haqqında yeni qanun layihəsini Milli Məclisə təqdim edib. Həmin qanun qəbul edildikdən sonra "Bayva"nın müqavilələrində müvafiq dəyişikliklər ediləcək.

İdman: Karate
Bu günlərdə Bakıda Dünya Şotokan Karate-do Federasiyasının Prezidenti, 8-ci dan qara kəmər sahibi Xitoşi Kasuya beynəlxalq seminar və imtahan keçirdi. Respublikanın bütün şəhər və rayonlarından 120 iştirakçı imtahan verib. Gəncə şəhərindən də 12 idmançı öz bacarığını nümayiş etdirib. Onlardan yalnız iki nəfər 2 saylı UGİM-in məşqçisi Ramiz İbrahimovun yetirmələri imtahandan uğurla çıxa bilib: Röyal Vilayətzadə III kü, Orxan Nəzərov isə II kü alıb.

İdman: Karate
Dekabrın 7-dən 10-a kimi Tbilisidə "Qafqaz kuboku" uğrunda ənənəvi karate üzrə beynəlxalq turnir keçirildi. Builki 10-cu turnirdə Gürcüstanın, Rusiyanın, Ukraynanın, Azərbaycanın, Türkiyənin və Ermənistanın 300-ə yaxın idmançısı tatami üzərinə çıxmışlar. Respublikanı bu yarışda Gəncə regional federasiyasının (rəhbər - Sahib Rzayev) üzvləri təmsil ediblər. İdmançılar uğurla çıxış edərək şəhərə medallarla qayıdıblar.

İdman: Cüdo
Bakıda qadınlar və kişilər arasında cüdo üzrə növbəti Azərbaycan çempionatı başa çatdı. Yarışda Bakı, Sumqayıt, Ağdam, Gəncə, Əli Bayramlı, başqa şəhər və rayondan gəlmiş idmançılar öz gücünü sınayıb.
Yarışda Gəncə cüdoçularından yalnız qadınlar fərqləniblər. "Təhsil" İdman Mərkəzinin iki nümayəndəsi Xəyalə Həsənova və Giləxanım Ələkbərova öz çəki dərəcələrində müvafiq olaraq I və II yerlərə çıxıblar.

Bu həftə buraxilişi
PDF formatda

#19 (93)
07 - 17 iyun
2005-ci il


[