HƏFTƏLİK XƏBƏRLƏR "GƏNCƏBASAR" müstəqil qəzeti tərəfindən təqdim olunub.
 
ARXIV
#04. 24-30 yan 2004
#05. 31-06 fev 2004
#06. 07-13 fev 2004
#07. 14-20 fev 2004
#08. 21-27 fev 2004
#09. 28-05 mart 2004
#12. 20-26 mart 2004
#13. 27-02 apr 2004
#14. 03-09 apr 2004
#15. 10-16 apr 2004
#16. 17-23 apr 2004
#17. 24-30 apr 2004
#18. 01-07 may 2004
#19. 08-14 may 2004
#20. 15-21 may 2004
#22. 29-04 iyun 2004
#23. 05-11 iyun 2004
#24. 12-18 iyun 2004
#25. 19-25 iyun 2004
#26. 26-02 iyul 2004
#27. 03-09 iyul 2004
#28. 10-16 iyul 2004
#29. 17-23 iyul 2004
#30. 24-30 iyul 2004
#31. 31-06 avq 2004
#32. 07-13 avq 2004
#33. 14-20 avq 2004
#34. 21-28 avq 2004
#35. 29-03 sen 2004
#36. 04-10 sen 2004
#37. 11-18 sen 2004
#38. 19-24 sen 2004
#39. 25-01 okt 2004
#40. 02-08 okt 2004
#42. 16-22 okt 2004
#43. 23-29 okt 2004
#45. 06-12 noy 2004
#46. 20-26 noy 2004
#47. 27-04 dek 2004
#48. 05-11 dek 2004
#49. 12-17 dek 2004
#50. 18-24 dek 2004
#51. 25-31 dek 2004
#01. 01-07 yan 2005
#04. 05-11 fev 2005
#05. 19-25 fev 2005
#06. 05-11 mart 2005
#07. 12-18 mart 2005
#08. 19-25 mart 2005
#09. 26-01 apr 2005
#10. 02-08 apr 2005
#13. 26-02 may 2005
#14. 03-09 may 2005
#15. 10-16 may 2005
#16. 17-23 may 2005
#18. 31-06 iyun 2005

#38. 18 - 24 sentyabr 2004

TƏDRİS PROQRAMINDA VƏ QRAFİKİNDƏ DƏYİŞİKLƏR

Təhsil Nazirliyinin müvafiq qərarı ilə respublikamızın ümumtəhsil məktəblərində dərslər 8:50-də başlanacaq. 15 sentyabrın "Bilik günü" elan edilməsi, respublikamızın ümumtəhsil məktəblərinin I-IV siniflərində 5 günlük tədris həftəsinin təsdiq edilməsi ilə əlaqədar Təhsil Nazirliyi əvvəlki tədris proqramına və tətil qrafikinə bir sıra dəyişikliklər etdi. Əlavə və dəyişikliklər, əsasən rüblərin ləğv olunması, tətillərin müddətinin azaldılması ilə nəzərə çarpacaq. Beləliklə, yeni təlimata görə, ümumtəhsil orta məktəblərində şagirdlər tətilə ildə 4 dəfə buraxılacaq. Bu aşağıdakı tarixlər üzrə planlaşdırılıb. Payız tətili, 12 - 17 noyabr (5 gün) Qış tətili, 30 dekabr - 5 yanvar (6 gün) Yaz tətili, 16 mart - 23 mart (7 gün) Yay tətili, 31 may - 15 sentyabr (105 gün) Həmçinin ümumtəhsil məktəblərinin ibtidai sinif şagirdləri üçün 12 - 17 fevral tarixlərində əlavə 5 günlük tətil də müəyyənləşdirilib. Şagirdlərin bilikləri isə hər rübdə (rüblər ləğv olunduğundan) deyil, yalnız yarım ildə qiymətləndiriləcək.

KEYFİYƏTSİZ ŞƏRAB İSTEHSALINA SON QOYULACAQ

"İstehlakçı bazarına yararsız şərab məhsulları çıxaran bir neçə şərabçılıq müəssisələrinin işi dayandırılacaq". Bu bəyanat Kənd Təsərrüfatı Nazirliyindən (KTN) verilib. Nazir İrşad Əliyev kənd təsərrüfatı ekspertlərinin respublikamızın daxili bazarlarında apardıqları ciddi yoxlamalardan sonra belə qənaətə gəldiyini bildirib. Saxta istehsalla məşğul olan belə müəssisələrin sayı ondur. Çox təəssüf ki, adı qara siyahıya daxil edilən sənaye müəssisələri arasında Gəncə-Qazax regionuna daxil olan müəssisələrin də adı vardır. Onlar "Gəncə şərab-1", "Şəmkir şərab-1", "Şəmkir şərab-2" açıq tipli səhmdar cəmiyyətləri və Xanlar Aqrarsənaye kombinatıdır. Bu sənaye sahələri "Üzümçülük və şərabçılıq haqqında" Azərbaycan Respublikası qanununda nəzərdə tutulan prosedurları (attestasiya və dequstasiya) keçmədən məhsul istehsalı ilə məşğul olur. Yoxlama zamanı məlum olub ki, onların məhsulu gigiyena normalarına və standartlara uyğunluq sertifikatı da almayıb. İ. Əliyev İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın İnkişafı Departamentini yuxarıda adı çəkilən firmalara, beynəlxalq standartlara cavab verməyən şərab istehsal etməyə razılıq lisenziyası verdiyinə görə suçlayıb və müəssisələrin bağlanması haqqında artıq Vergilər Nazirliyinə müvafiq tapşırıq verdiyini deyib. Amma sevindirici haldır ki, "Gəncə şərab-1" nə qədər tənqid edilsə də "Gəncə şərab-2"-nin fəaliyyəti bir o qədər təqdirəlayiq hesab olunub. Bu günlərdə Moskvada keçirilən 7-ci Beynəlxalq müsabiqəyə təqdim olunan "Gəncə şərab-2" ASC-nin məhsullarını Dequstasiya Komissiyası yüksək mükafatlara layiq görüb. Bu haqda daha ətraflı məlumat növbəti sayların birində veriləcək.

BƏLƏDİYYƏ SEÇKİLƏRİNƏ HAZIRLIQ GEDİR

Respublikamızda keçiriləcək ikinci bələdiyyə seçkilərinə düz 3 ay qalır. Dekabrın 17-nə təyin olunmuş bu seçkilərdə vətəndaşların fəal iştirakına seçkilərin demokratik qaydada keçirilməsinə nail olmaq məqsədi ilə müxtəlif təşkilat və qurumlar maarifləndirmə xarakterli görüşlər təşkil edir, layihələr həyata keçirirlər. "Yeni nəsil" jurnalistlər birliyi də bu işdən kənarda qalmayıb.
Yerli televiziya üçün ilk telelayihə (tok-şou) gerçəkləşdirildi
"Yeni nəsil" jurnalistlər birliyinin Gəncə filialının təşəbbüsü və Böyük Britaniya səfirliyinin dəstəyi ilə "Bələdiyyə seçkisi ilə bağlı elektron KİV-lərdə vətəndaş debatı" layihəsi həyata keçirilir. Bu layihə tok-şou şəklində gerçəkləşəcək. Layihənin koordinatoru Birliyin şəhər filialının sədri Səadət Akifqızının dedikləri: "Bu gün Azərbaycanın əyalətlərində dövlət strukturlarının fəaliyyəti, icra orqanları ilə vətəndaşlar arasında münasibətdə böyük boşluqlar var. Artıq 5 ildir ki, Azərbaycanda bələdiyyələr fəaliyyət göstərir. İndi biz ikinci seçkiyə hazırlaşdığımız ərəfədə bələdiyyələrin fəaliyyəti haqqında vətəndaşlarımız tam məlumatsızdırlar. Bu günlərdə sözügedən layihə əsasında vətəndaşlarla bələdiyyə nümayəndələrini bir araya gətirəcək "Sənin sözün" adlı tok-şou hazırlanaraq ictimaiyyətin müzakirəsinə veriləcək. Məqsəd seçkilərə qalmış az vaxt çərçivəsində vətəndaşlarımızın bilgilərini daha da artırmaqdır". Müsahibimiz onu da qeyd etdi ki, tok-şou yerli jurnalistlərin köməyi ilə hazırlanır. Seçkilərə qədər ayda bir dəfə keçirilməsi nəzərdə tutulub. Verilişin gələn sayında hansı mövzulara toxunulacaq? - sualına S. Akifqızı belə cavab verdi: "İndən sonra ekranlara çıxacaq üç verilişdə bələdiyyələrin səlahiyyət bölgüsü, bələdiyyə büdcəsi, bələdiyyə fəaliyyətində vətəndaşların maraqları, media və QHT-lərin birgə debatı mövzusuna toxunulacaq. Layihənin koordinatoru onu da xüsusi vurğuladı ki, bu telelayihə vətəndaşlarla icra strukturlarının əlaqəsini təmin edən bir vasitə olar. Gələcəkdə də insanları narahat edən istənilən mövzuda debatların təşkilinə yol açar.
Əvvəla onu qeyd edək ki, dəvət olmalarına baxmayaraq, bələdiyyə sədrləri verilişdə iştirak etmədilər. Tok-şou aparıcılarının şəhər əhalisi arasında mövzu ilə bağlı keçirdikləri sorğunun nümayişi ilə başlandı. Bələdiyyə nədir? - sualına sakinlər "vergi yığan, yol kənarlarını rəngləyən, İcra hakimiyyətinin köməkçisi" cavabını verdilər. Süjet bitdikdən sonra aparıcı eyni sualla studiyaya müraciət etdi və təxminən eyni cavabı aldı. Nizami rayon bələdiyyə nümayəndəsi bu anlayışla bağlı geniş izahat verdi. İştirakçılar isə insanların bu mövzuda məlumatsız olduqlarını bələdiyyələrin fəaliyyətsizliyi ilə bağladılar. Veriliş əsnasında ən qızğın mübahisə, - bələdiyyə bu günə kimi nə edib? - sualı ətrafında düşdü. İştirakçılar onların fəaliyyətini yalnız park salmaq və zibil qutuları qoymaqla məhdudlaşdırdılar. Lakin bələdiyyə nümayəndələri bu günə qədər bir sıra məktəblərin təmir olunmasından, sosial problemlərlə bağlı sakinlərə yardım etmələrindən danışdılar. Fəaliyyətlərinin zəif olmasını isə onunla izah etdilər ki, bələdiyyələrə qanunla təsbit olunan səlahiyyətləri icra hakimiyyəti öz əlindən buraxmaq istəmir. digər səbəb kimi maddi-texniki bazalarının yox səviyyəsində olduğu göstərildi. Həmçinin onlar bu yeniliyin pionerləri olduqlarını da bildirdilər. Çəkilişin bu məqamında iştirakçılar söylədilər ki, pioner Lyonya Qolikov 13 yaşında Sovet İttifaqı Qəhrəmanı adı alıb, Yuri Qaqarin isə bəşər tarixində kosmosun fəthinin pioneri olub. Bələdiyyələr də ilk addımlarında bu cür örnək almalıdırlar.
Debat əsnasında qərara alındı ki, bələdiyyənin fəaliyyətinə stimul verilməsi, mövcud problemlərin həlli yolunda yerli məhəllə komitələrinin yaradılması vacibdir. Çəkiliş bitdikdən sonra iştirakçıların rəyini öyrənmək məqsədi ilə sorğu vərəqələri paylandı.

GƏNCƏ İCTİMAİYYƏTİDƏ ERMƏNİLƏRİN GƏLİŞİNƏ YOX DEDİ

Respublikamızın hər yerində olduğu kimi, şəhərimizdə də erməni zabitlərinin Azərbaycana gəlişinə etiraz məqsədi ilə kütləvi tədbirlər keçirildi. Bu məqsədlə Gəncədə fəaliyyət göstərən QHT-lər, icma və ictimai birliklər, media mənsubları Azərbaycan Gənc Liderlər Assosiasiyasının (AGLA) ofisində toplaşaraq öz etiraz səslərini ucaltdılar. Tədbiri giriş sözü ilə AGLA-nın prezidenti Səbinə Ələkbərova açaraq, erməni zabitlərinin Bakıya gəlişinə narazılıq məqsədi ilə bu missiyanın təşkilatçısı NATO-ya etiraz bəyannaməsinin hazırlanmasını təklif etdi. Təklif səsə qoyularaq qəbul edildi. Sonra bəyannamə ətrafında müzakirələrə başlandı. Müzakirələr zamanı Qarabağ Azadlıq Təşkilatının (QAT) nümayəndəsi NATO-ya ünvanlanan etiraz bəyannaməsində erməni zabitlərinin ilk gəlişi zamanı etiraz aksiyası keçirən QAT üzvlərinin azad olunması fikrinin də əlavə edilməsini istədi. Lakin bu məsələnin NATO-ya aidiyyəti olmadığı üçün qəbul edilmədi. Etiraz bəyannaməsində bir fikir xüsusi ilə vurğulandı ki, NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində ölkəmizdə keçiriləcək komanda qərargah təlimlərində minlərlə insanımızın ölümünə, yüz minlərlə vətəndaşımızın öz torpağından didərgin düşməsinə bais olan ermənilərin iştirakı yolverilməzdir. Bu tədbirin keçirilməsi ölkəmizi təslimçiliyə sürükləyən bir addımdır. Həmçinin diskussiya əsnasında piket və yürüş keçirmək arzusu da səsləndi. Lakin icra aparatının bu işə məqbul yanaşmayacağı güman olunduğu üçün təklif qəbul olunmadı. Görüş NATO-ya, eyni zamanda dövlət başçısına ünvanlanan etiraz bəyannaməsinin bütün iştirakçılar tərəfindən imzalanması ilə sona çatdı.

QHT QEYDİYYAT MƏSƏLƏLƏRİNİN İNTERNET FORUMDA MÜZAKİRƏSİ

Sentyabrın 3-də “QHT Konqres” yerli qeyri-hökumət təşkilatının nümayəndələri Əli Quliyev və Ruzbeh Məhəmmədi İnternetin İnkişafı və Təlimi Proqramının (IATP) texniki dəstəyi ilə QHT qeydiyyati məsələlərinə həsr olunmuş internet forumu keçirdilər. Forumda Azərbaycanın 7 bölgəsindən (Gəncə, Lənkəran, Quba, İmişli, Əli Bayramli, Naxçıvan və Mingəçevir) otuz doqquz yerli qeyri-hökumət təşkilatının nümayəndəsi iştirak etmişdilər. Forum zamanı iştirakçılar qeydiyyat üçün Ədliyyə Nazirliyinə hansı sənədlərin təqdim olunmalı olduğunu və QHT nizamnaməsinin və təsis protokolunun necə düzgün tərtib etməli kimi suallar verdilər. Forumun iştirakçıları, həmçinin Ədliyyə Nazirliyinin sənədləri neçə gün müddətində nəzərdən keçirdiyini və qeydiyyatdan keçməmiş QHT-lərin dövlət büdcəsinə vergi ödəməli olub olmadıqları barədə maraqlandılar. İştirakçılara kömək etmək məqsədi ilə forumun təşkilatçıları IATP təşkilatının internet saytında qeydiyyatdan keçmək üçün sənədlər qovluğuna daxil olan sənədlərin nümunələrini yerləşdirdilər. Forumun sonunda “QHT Konqres” təşkilatının nümayəndələri e-mail ünvanlarını və əlaqə telefonlarını forum iştirakçılarına verərək, onlara gələcəkdə qeydiyyat məsələləri ilə bağlı sualları yaranarsa əlaqə saxlamağı təklif etdilər.

"GANJA İNTERNATİONAL SCHOOL" FƏALİYYƏT GÖSTƏRƏCƏK

Uzun illərdən bəri yararsız vəziyyətdə qalan keçmiş Musiqi Texnikumunun binasında artıq neçə vaxtdır ki, əsaslı təmir işləri gedir. Aldığımız məlumata görə, binada "S&P Training" şirkətinin təşəbbüsü ilə Gəncə Beynəlxalq Məktəbi (Ganja İnternational School) fəaliyyət göstərəcək. Burada təlimlər dörd qrup - iki qrup məktəbəqədər yaşlı uşaqlar (3-4 yaş), iki qrup isə ingilis sistemi ilə I və II siniflər (5-6 yaş) üzrə keçiriləcək (İngiltərədə uşaqlar məktəbə 5 yaşından gedirlər). Məktəbin icraçı direktoru Saymon Bartletdən aldığımız məlumata görə, dərslər Azərbaycan təhsil sisteminin bütün qaydalarına riayət etmək şərti ilə İngiltərə təhsil sisteminə əsaslanacaq. Aşağı yaş qrupunda əsasən musiqi, rəsm, idman, ingilis dili, yuxarı yaş qrupunda isə tarix, coğrafiya, ingilis dili, kompüter, idman və başqa fənlər tədris olunacaq. Dərslər Azərbaycan və ingilis dillərində keçiriləcək. Qeyd edək ki, Gəncə Beynəlxalq Məktəbində təhsil pulludur. Təhsil haqqı ayda 75-110 min manat məbləğindədir.

YUBİLEY GÜNÜNDƏ SƏRGİ

Sentyabrın 16-da ADRA Təhsil Mərkəzi C. Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının binasında özünün növbəti ənənəvi sərgi və sertifikat mərasimini keçirdi. Bu dəfəki tədbir ADRA Təhsil Mərkəzinin beş illiyinə həsr olunduğundan, sərgi və sertifikat mərasimi eyni günə salınmışdı. Tədbir üç mərhələdə təşkil olunmuşdu. Birinci mərhələdə açılış mərasimi və sərgiyə baxış keçirildi. Burada saç düzümləri, tikiş, toxuma və qaynaq kurslarında təhsil almış tələbələrin əl işlərinin nümayişi təşkil olundu. İkinci mərhələdə sertifikat mərasimi, üçüncü mərhələdə isə tələbələrin əl işlərinin satışı keçirildi. ADRA Təhsil Mərkəzinin layihə direktoru Təranə Həsənovadan aldığımız məlumata görə, bu il məktəbi müxtəlif kurslar üzrə 374 məzun bitirib; o cümlədən: 74 nəfər - Kosmetologiya, 63 nəfər - Tikiş, 62 nəfər- İngilis dili, 23 nəfər - Elektrik, 33 nəfər - Toxuma, 13 nəfər - Qaynaq, 6 nəfər - Tikiş, 18 nəfər - Mühasibatlıq və s. Qeyd edək ki, ADRA Təhsil Mərkəzi 2004-2005-ci tədris ili üçün tələbə qəbulunu bu günlərdə başa çatdırıb. Qəbulun yekunları haqqında qəzetimizin növbəti sayında ətraflı məlumat verəcəyik.

"İNTERNETDƏ TERRORİZM BARƏDƏ MƏLUMAT" MÖVZUSUNDA SEMİNAR

Sentyabrın 6-da İnternetin İnkişafı və Təlimi Proqramının (IATP) Gəncə Təhsil Məlumat Mərkəzində yerləşən mərkəzində, Bakı Dövlət universitetinin beynəlxalq əlaqələr fakültəsinin tələbəsi Tamerlan Məmmədov və həmin mərkəzin əməkdaşı Sara Hümbətova “İnternetdə dünya terrorist təşkilatları barədə məlumat” adlı seminar keçirmişlər. Seminarda yerli QHT nümayəndələrindən, tələbələrdən və mövzuda maraqlı olanlardan ibarət olan on iki nəfərlik qrup iştirak etmişdi. Seminarın əsas məqsədi iştirakçılara terrorist təşkilatlar və onların məqsədləri barədə məlumat vermək idi. Seminar iştirakçılarına aparıcı terrorist təşkilatlarının ABŞ Dövlət Departamenti tərəfindən tərtib olunmuş siyahısı paylandı. Bundan əlavə seminar iştirakçıları www. fbi. gov internet saytında yerləşdirilmiş dünya üzrə fəaliyyət göstərən “Al-Kaeda” və “Xamaz” kimi əsas terrorist təşkilat barədə məlumatla tanış oldular və mövzu ilə əlaqədar bir çox suallar verdilər. Seminar iştirakçıları internetdən dünya terrorist qrupların törətdiyi cinayətlər və onların fəaliyyətinin bəşəriyyətə vurduğu ziyanlar haqqında geniş məlumat aldılar. (İnternetin İnkişafı və Təlimi Proqramı (IATP) ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri Şöbəsinin Proqramıdır və Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası (IREX) tərəfindən idarə olunur) 

AİLƏ VƏ MÜLKİ HÜQUQ MÜVZUSUNDA SEMİNAR

Statistik rəqəmlər şəhərimizdə hər il 300-ə qədər boşanma hallarının olduğunu söyləyir. Təcrübə göstərir ki, bu proseslər qarşılıqlı iddialar və ittihamlarla müşayiət olunur. Belə hallarda kimin ən çox nəyə hüququ çatır məsələsi əsas mübahisə mövzusuna çevrilir. Bu da tərəflərin ailə-nikah məsələləri ilə bağlı qanunvericilikdən xəbərsiz olduqlarını bildirir. Bu məqsədlə Gəncədəki "Elnur" restoranında Amerika Hüquqşünaslar Assosiasiyası Mərkəzi Avropa və Avrasiyada Hüquq Təşəbbüsü təşkilatı (ABA - CELLİ/ USAİD) "Ailə məcəlləsində ər və arvadın mülkiyyətinin qanuni rejimi" və mülki prosessual məcəllə: Apellyasiya Məhkəməsində icraat və əmr icraatı mövzusunda şəhər QHT-lərinin iştirakı ilə seminar keçirildi. Məruzəçilər seminar-məşğələni açıq elan edərək mövzu ilə bağlı söhbətə başladılar. İlk əvvəl nikah müqaviləsi və onun məzmunu nədən ibarətdir? Nikah necə bağlanmalıdır, dəyişilmə qaydası və pozulması hansı hallarda mümkündür, kimi suallar müzakirə olundu. Sonra "ər-arvadın əmlakının qanuni rejimi" anlayışı da açıqlandı. Bu onların birgə mülkiyyətə sahibliyi, kimi qiymətləndirildi. Həmçinin ər-arvadın ümumi əmlak üzərində sahibliyi istifadə və sərəncam hüququ, hər birinin fərdi mülkiyyəti, onların əmlak bölgüsü haqqında məruzələr səsləndi. Seminar-məşğələnin ikinci hissəsində Mülki Prosessual Məcəlləyə aid əmr icraatı mövzusuna toxunuldu. Vurğulandı ki, vergilər və digər məcburi dövlət ödəncləri, polis tərəfindən axtarılan şəxslər üçün xərclərin alınması, alimentin ödənilməsi və sair bir çox bu kimi hallarda məhkəmə əmri verilə bilər. Söhbət əsnasında əmrin çıxarılma qaydası, icra edilməsi, etiraz olunması məsələlərinə də toxunuldu. Mövzunun davamı olaraq Apellyasiya İnstansiyası çərçivəsində icraat məsələsindən danışıldı. Bununla bağlı iştirakçılara bilgi testləri, müxtəlif məsələlərdə məhkəmə qərarının doğru olub-olmadığını ayırd etmək üçün tapşırıqlar verildi. Tədbir iştirakçılara seminarı qiymətləndirmə vərəqələrinin paylanması və sertifikatların təqdim olunması ilə başa çatdı.

İDMAN: OTÜSTÜ XOKKEY, ŞAHMAT, KİKBOKSİNQ
OTÜSTÜ XOKKEY 
Üç aydan çox davam edən fasilədən sonra otüstü xokkey üzrə kişilər arasında respublika birinciliyi bərpa olundu. 12 komandanın iştirakı ilə keçirilən birincilikdə Gəncə xokkeyçiləri də öz gücünü sınayır. Sentyabrın 11-12-də Bakıda altıncı turun oyunları keçirilib. Gəncəlilər Qusar komandası ilə görüşüb. Gərgin mübarizə şəraitində keçən görüşdə gəncəlilər 2:1 hesabı ilə qalib gəlib. Bu qələbədən sonra komanda 7 xalla 9-cu yerdə qərar tutub. Çempionatda növbəti oyunlar sentyabrın 18-19-da keçiriləcək. Gəncə komandası Mingəçevirli xokkeyçilər ilə qarşılaşacaq.
ŞAHMAT 
Sentyabrın 1-dən 12-ə kimi Bakıda qadınlar və kişilər arasında şahmat üzrə Azərbaycan birinciliyi keçirildi. Qadınlar arasında çempion adı uğrunda 12 şahmatçı mübarizə aparırdı. Qeyd edək ki, iştirakçıların arasında 1 qrossmeyster və 3 beynəlxalq dərəcəli usta var idi. Xəbər verdiyimiz kimi birincilikdə Gəncəni Nərgiz Məmmədova və Aytən Ağayeva təmsil edirdi. Çempionatı uğurla başa vuran Nərgiz Məmmədova 7,5 xalla uçüncü-beşinci yerləri bölüşdürdü. O, yarışda qrossmeyster Firuzə Vəlixanlıya, beynəlxalq dərəcəli ustalara - Elmira Əliyevaya və Mehriban Şükürovaya qalib gəldi. Türkan Məmmədyarova ilə heç-heçə oynadı. Yarışın nəticələrinə görə, Nərgiz ikinci dəfə beynəlxalq dərəcəli usta normasını ödəyib. Nərgizin məşqçisi Asif Həsənovun sözlərinə görə onun yetirməsi beynəlxalq usta adı almağa çox yaxındır.
KİKBOKSİNQ
Ötən həftə kikboksinq üzrə ənənəvi respublika turniri Gəncənin "Metallurq" idman-konsert kompleksində keçirildi. Rinqdə ölkəmizin bir neçə şəhər və rayonundan gəlmiş 172 idmançı mükafatlar uğrunda döyüşlər keçirdi. Qaliblər üç yaş qrupunda: yeniyetmələr, gənclər və kişilər arasında müəyyən edilib. Gərgin və maraqlı keçən görüşlərdə qaliblər məlum oldu. Yeniyetmələr arasında: Elnur Alıyev, Elxan Əliyev (2 ¹ li UGİM), Təbriz Dəmirli (1 ¹ li UGİM), Rəşad Hüseynov (2 ¹ li UGİM), Elnur Cabbarov (Bakı). Gənclər arasında: Xüsniddin Züfarov, Emil Əhmədov (2 ¹li UGİM), Ayaz Abbasəliyev (Qubadlı), Həsən İmamquliyev (Dinamo, Gəncə), Emin Bayramov (2 ¹ li UGİM), Əmiraslan Əhmədov (Qazax), Ramin Hacıyev (Dinamo, Gəncə). Kişilər arasında: Sənan Haqverdiyev (2 ¹ li UGİM), Tural Əsgərov (2 ¹ li UGİM), Emil Ramazanov (Dinamo), Elnur Salamov (2 ¹ li UGİM), Sərxan Cabbarov (2 ¹li UGİM), Zaur Balayev (Ağcabədi), Yavər Mahmudov (Sumqayıt) və sair. Qaliblər və mükafatçılar medal, diplom və hədiyyələrlə mükafatlandırılıb.
Bu həftə buraxilişi
PDF formatda

#19 (93)
07 - 17 iyun
2005-ci il


[