HƏFTƏLİK XƏBƏRLƏR "GƏNCƏBASAR" müstəqil qəzeti tərəfindən təqdim olunub.
 
ARXIV
#04. 24-30 yan 2004
#05. 31-06 fev 2004
#06. 07-13 fev 2004
#07. 14-20 fev 2004
#08. 21-27 fev 2004
#09. 28-05 mart 2004
#12. 20-26 mart 2004
#13. 27-02 apr 2004
#14. 03-09 apr 2004
#15. 10-16 apr 2004
#16. 17-23 apr 2004
#17. 24-30 apr 2004
#18. 01-07 may 2004
#19. 08-14 may 2004
#20. 15-21 may 2004
#22. 29-04 iyun 2004
#23. 05-11 iyun 2004
#24. 12-18 iyun 2004
#25. 19-25 iyun 2004
#26. 26-02 iyul 2004
#27. 03-09 iyul 2004
#28. 10-16 iyul 2004
#29. 17-23 iyul 2004
#30. 24-30 iyul 2004
#31. 31-06 avq 2004
#32. 07-13 avq 2004
#33. 14-20 avq 2004
#34. 21-28 avq 2004
#35. 29-03 sen 2004
#36. 04-10 sen 2004
#37. 11-18 sen 2004
#38. 19-24 sen 2004
#39. 25-01 okt 2004
#40. 02-08 okt 2004
#42. 16-22 okt 2004
#43. 23-29 okt 2004
#45. 06-12 noy 2004
#46. 20-26 noy 2004
#47. 27-04 dek 2004
#48. 05-11 dek 2004
#49. 12-17 dek 2004
#50. 18-24 dek 2004
#51. 25-31 dek 2004
#01. 01-07 yan 2005
#04. 05-11 fev 2005
#05. 19-25 fev 2005
#06. 05-11 mart 2005
#07. 12-18 mart 2005
#08. 19-25 mart 2005
#09. 26-01 apr 2005
#10. 02-08 apr 2005
#13. 26-02 may 2005
#14. 03-09 may 2005
#15. 10-16 may 2005
#16. 17-23 may 2005
#18. 31-06 iyun 2005

#34. 21 -27 avqust 2004

MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZİN BƏRPASI

Son günlər Gəncənin çoxəsrlik tarixə malik abidələri təmir olunur. Öncə Nizami məqbərəsi, Şah Abbas məscidi, Çökək hamam və qədim karvansaranın binasında aparılan bərpa işləri, indi isə Cavad xan və Comərd Qəssab türbələrinin tikilməsi xüsusi qeyd olunmalıdır. Tarixi araşdırmalara görə (F. Əmirov "Gəncənin tarix yaddaşı" kitabı) əvvəllər mövcud olmuş Comərd Qəssab məqbərəsi VII əsrdə Məhəmməd peyğəmbərin əmisi oğlu IV xəlifə Əli İbn Əbu Talibin dövründə yaşamış namuslu, ədalətli, insaflı bir qəssabın qəbri üstündə tikilib. Qəbir Gəncə çayının sağ sahilində, "İmamzadə" kompleksinin cənubuna doğru 1500 m, məsafədə yerləşir. Məqbərə XX əsrin 60-cı illərində dağıdılıb. Bu iş keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin hazırladığı "çirkin" plan əsasında o vaxtkı Kirovabad Partiya Komitəsinin məsul vəzifələrində çalışan ermənilər və zəifiradəli özümüzünkülər tərəfindən həyata keçirilib. Abidə guya Ət kombinatına çəkilən istilik xəttlərinin altına düşür deyə, sökülüb. Comərd Qəssab məqbərəsinin yenidən tikilməsi məsələsi son 15 ildə gündəmdə olub. Bununla əlaqədar Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu İdarəsi (GDTMQİ) tərəfindən Mədəniyyət Nazirliyinə və Azərbaycan Layihə İnstitutuna yazılı müraciət olunur. 2003-cü ildə memar Cəfər Qiyasinin rəhbərlik etdiyi nümayəndə heyəti Gəncəyə ezam olunur və qəbrin ərazisinə baxış keçirirlər. Qərara alınır ki, yaxın vaxtlarda qəbirdə qazıntı işləri aparılmaqla, məqbərənin tikintisinə başlanılsın. GDTMQİ-dən aldığımız məlumata görə, şəhər rəhbərliyi günü-gündən yubadılan bu işlərin həyata keçirilməsini öz üzərinə götürüb. Öncə Comərd Qəssabın qəbri müəyyənləşdirilib. 20 min dollar həcmində ayrılmış vəsait hesabına Naxçıvandan gətiriləcək materiallarla məqbərə tikiləcək, ətrafı abadlaşdırılacaq və yol asfaltlanacaq. Bu ilin avqust ayından başlanmış işlər sentyabr ayının sonunda yekunlaşacaq.

PIS HAVA ŞƏRAİTİ "BAYVA"YA ZİYAN VURUB

Yaşadığımız cari ayın ortalarında şiddətli külək ilə müşayiət olunan yağışlar nəticəsində "BAYVA Qərb Enerji" MMC-nin əhatə etdiyi ərazilərdə (Yevlax, Samux, Goranboy və Gəncə də daxil olmaqla) enerji təsərrüfatlarına ciddi ziyan dəyib. "BAYVA"nın mətbuat xidmətindən zərərin miqyası barədə heç bir məlumata malik olmadıqlarını söylədilər. Dəyən zərərin ölçülərini öyrənmək məqsədi ilə Gəncə Elektrik Şəbəkəsinin texniki direktoru Surxay Balayevə müraciət etdik. O, fikirlərini belə açıqladı: "Baş verən təbii fəlakət nəticəsində xoşbəxtlikdən elə bir ciddi qəza ilə üzləşməmişik. Yalnız iki paylayıcı transformatorlarımız zədələnib. Onların da işi qısa zamanda bərpa edilib". Müsahibimiz qeyd etdi ki, təmir olunan transformatorların hər birinə 1 milyon manat vəsait sərf olunub. Bu cür qəza hallarının qarşısını almaq üçün hansı tədbirlər görürsünüz? - sualına müsahibimiz belə cavab verdi: "Baş Elektrik Şəbəkəsi idarəsindən əvvəlcədən havaların pisləşməsi ilə bağlı bizə məlumat verilir. Biz də öz növbəmizdə baş verə biləcək təhlükələri aradan qaldırmaq üçün tabeçiliyimizdə olan ərazilərə qəza dəstələri göndərib lazımi işlər aparırıq. Buna görə də qüsurlarımız az olur".

ƏZİZ ƏLİYEVİN BARELYEFİ QOYULACAQ

Bu günlərdə aldığımız məlumata görə, görkəmli xadim Ə. Əliyevin adını daşıyan küçədə onun barelyefinin qoyulması nəzərdə tutulub. Məlumatı dəqiqləşdirmək məqsədi ilə İcra aparatına üz tutduq. Mənzil Kommunal İstehsalat birliyinin (MKİB) əhaliyə xidmət şöbəsinin rəisi Hacı Ələddin Hüseynovun məsələ ilə bağlı dedikləri: "Əziz Əliyevin adını daşıyan küçədə barelyefinin qoyulması (Xanlar-Gəncə şosesinin girəcəyində) tərəfimizdən həyata keçirilir. Həmin küçə abadlaşdırılıb və barelyefin yerləşəcəyi lövhə də hazırlanıb. Barelyefin təsvirini və mətnini hazırlamaq isə şəhərimizin baş rəssamına həvalə olunub. Yaxın günlərdə bu iş də başa çatacaq". Digər müsahibimiz MKİB-nin baş mühəndisi Zahid Məmmədovun dediyinə görə, bu iş üçün əlavə vəsait ayrılmayıb, daxili imkanlar hesabına həyata keçirilib. - Bundan sonra başqa daha kimlərin barelyefinin qoyulması nəzərdə tutulub? - sualına Z. Məmmədov belə cavab verdi: "Hal-hazırda şəhərimizdə iri miqyasda küçələrin abadlaşması prosesi gedir. Bu işlərin nəticəsi olaraq tariximizdə mühüm yerə malik olan şəxsiyyətlərin adlarını daşıyan küçələrdə memorial lövhələrin qoyulması işi davam edəcək".

İDMANÇIMIZ İSTANBULDAN BÜRÜNC MEDALLA QAYITDI

Bu günlərdə İstanbulda yeniyetmlər arasında (1987-88-ci illər) sərbəst güləş üzrə Avropa birinciliyi başa çatdı. Yarışda qitənin 150-yə yaxın idmançısı, o cümlədən Azərbaycan idmançıları medallar uğrunda mübarizə aparmışlar. Xəbər verdiyimiz kimi yığma komandanın tərkibində Gəncə şəhərinin iki idmançısı çıxış edib. Gəncə "Təhsil" İdman Mərkəzinin yetirməsi Elmir Qəmbərovun çıxışı uğurlu olub. O, üçüncü yer uğrunda Ukrayna idmançısını udaraq 58 kq çəki dərəcəsində bürünc medala layiq görülüb. Qeyd edək ki, Elmir Azərbaycan Respublikasının əməkdar məşqçisi Elçin Zeynalovun yetirməsidir. İndi Elmir Qəmbərovu bir neçə böyük yarışlar gözləyir. Uğurlar olsun, Elmir!

GƏNCƏDƏ UŞAQ FUTBOL MƏKTƏBİ AÇILDI

Gəncədə avqustun 9-da Açıq Həvəskar Uşaq Futbol Məktəbi açıldı. Məktəb Norveç Futbol Assosiasiyası və Danimarkanın qeyri-hökümət təşkilatlarından biri tərəfindən Open Fun Football School (OFFS) proqramı çərçivəsində yaradılıb. Məqsəd uşaqların futbola cəlb olunması, həmçinin qadın futbolu ilə yanaşı həvəskar futbolun inkişafı, əlil uşaqları da idmanın bu növünə cəlb etməkdir. Müharibə görmüş uşaqları sülhə və əmin-amanlığa çağırmaq, dinindən və irqindən asılı olmayaraq uşaqlar arasında əlaqə yaratmaqdır. Məktəb "Kəpəz" stadionunun bazasında təşkil olunub. Ötən həftə OFFS-in icraçı direktoru Anders Levensen, layihə koordinatoru Hans Finstad, Serbiya və Çernoqoriya, Makedoniya, Xorvatiya və Zaqafqaziya üzrə regional koordinatorları Gəncədə oldular, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Futbol Federasiyasının prezidenti Mübariz Hüseynovla görüşdən sonra Uşaq Futbol Məktəbinə baş çəkdilər. Qonaqlar uşaqların futbola olan həvəsini əla qiymətləndirdilər və Gəncədəki məktəbin digər regionlardakından üstün olduğunu vurğuladılar. M. Hüseynov məktəbin yaradılması ilə bağlı bunları dedi: "Biz iyulda Tbilisidə OFFS ilə üç illik müqavilə imzaladıq. Uşaq futbolunun inkişafı üçün şəhərimizdən 12 məşqçi, 2 məktəb direktoru və bir təlimçi Tbilisidə bir həftəlik seminarda olublar. Bəlkə əlavə olaraq 4 məşqçini də proqrama cəlb etdik. Məktəbdə 8-12 yaş arasında 192 uşaq var. Onlardan 50-si qaçqın, 12-si isə qızdır. OFFS tərəfindən məktəbə müxtəlif inventarlar verilib. Məşqçilər üçün gündəlik qrafik tutulub. Mən şəhərimizdə bu cür məktəbin açıldığına və bizə göstərilən köməyə görə AFFA rəhbərliyinə, OFFS-in Azərbaycan üzrə koordinatoru Kərim Ağayevə, Gəncə şəhər Gənclər, İdman və Turizm İdarəsinə və Nizami bələdiyyəsinə minnətdarlığımı bildirirəm". M. Hüseynov bildirdi ki, OFFS tərəfindən Bakı, Sumqayıt və Gəncədən başqa Tovuz, Qax, Mingəçevir, Əli Bayramlı və Lənkəranda da belə məktəblərin açılması gözlənilir. Zaqafqaziya üzrə mərkəzi ofis Tbilisidə yerləşəcək.

MÖVLUD AFİNADA DÖRDÜNCÜ OLDU

Afinada keçirilən XXVIII yay olimpiya oyunlarında çıxış edən cüdo üzrə yığma komandamızın 2 iştirakçısı mübarizəni dayanadırmışdır. Lakin 100 kq çəki dərəcəsində mübarizə aparan Gəncə idmanının yetirməsi Mövlud Mirəliyev avqustun 19-da tatami üzərinə çıxdı. O, yarışların 1/16 final mərhələsində Hollandiya cüdoçusuna uduzsa da mübarizəni davam etdirdi. Çünki holland cüdoçusu yarışların yarımfinal mərhələsinə qədər irəliləyib. Bu isə M. Mirəliyevə yalnız olimpiadanın bürünc medalına iddia etməyə imkan verirdi. Növbəti mərhələdə Mövlud qazaxıstanlı Asxad Zikiyevlə qarşılaşaraq ona 2:1 hesabı ilə qalib gəldi. III yer uğrunda mübarizədə M. Mirəliyev Almaniya cüdoçusu ilə qarşılaşdı. Almaniyalı Mixail Yurak bu görüşdə 3:1 hesabı ilə qələbə qazanaraq bürünc medal qazandı. M. Mirəliyev isə olimpiadanı 4-cü yerdə başa vurdu.

GƏNCƏ ŞAHMATININ BU GÜNÜ

Beynəlxalq şahmat qurumu olan FİDE 1925-ci ildə yaradılıb. Həmin vaxtlar Azərbaycan SSRİ-nin tərkibində, 1991-ci ildən sonra müstəqil dövlət kimi FİDE-də qeydiyyata alınıb. Şahmatın Azərbaycanda qədim kökləri olsa da müasir tarixi 1974-cü ildən başlayır. Bir vaxtlar şahmat tacının ölkəmizdə olması buna bariz misaldır. Həmin dövrdə Bakıda və Gəncədə şahmat məktəbləri açılır. 1979-cu ildən fəaliyyətə başlayan Gəncə Şahmat Məktəbinin bu müddətdə nəticələri pis olmayıb: SSRİ, Avropa və dünya, Azərbaycan çempionları, Beynəlxalq turnirlərin qalibləri. Məktəbin direktoru Salman Cavadzadə Gəncədə şahmatın bu günü ilə bağlı bunları dedi: "Ümumiyyətlə şəhərimizdə şahmata olan maraq böyükdür. Nicat, Gülşən və Aytən Ağayevlərin, Türkan Cabbarova, Vüqar Rəsulov və digərlərinin böyük perspektivləri var. Nicat Ağayev bir müddət əvvəl Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən "Əmirlik kuboku" uğrunda yarışlarda 3-6-cı yerləri bölüşdürüb. Ankarada keçirilən Avropa çempionatında isə yetirmələrimizdən heç biri mükafat qazanmasalar da ilk onluğa düşüblər. Məktəbimizin şagirdləri üç dəfə dünya və Avropa çempionu olublar. 1991-ci ildə isə İlahə Qədimova SSRİ çempionu oldu. 1994-cü ildə Qədir Hüseynov Azərbaycan birinciliyinin qalibi oldu. Bu yaxınlarda Astarada keçirilən Azərbaycan şahmat məktəblərinin yarışında Gəncənin oğlan və qız komandası ikinci yeri tutub. Açığını deyim ki, Respublika və Beynəlxalq yarışlarda iştirak edərkən ciddi maliyyə çatışmazlığı ilə rastlaşırıq. Nə Respublika Şahmat Federasiyası, nə də şəhər rəhbərliyi bizə kömək etmirlər". Qeyd edək ki, avqustun 16-dan Qubada yeniyetmələr arasında ümumrespublika şahmat olimpiadası start götürüb. Yarışda Gəncə Şahmat Məktəbinin şağirdləri də var. Arxada qalan 4 turdan sonra Ayaz Məmmədov 3,5 xal, Kamil Kazımov 3 xal, Vüqar Rəsulov və Cavanşir Bağırov hərəyə 2,5 xal, Ülviyyə Fətəliyeva 2 xal toplayıb. Olimpiadanın nəticəsi ilə sizi gələn sayımızda tanış edəcəyik.

Bu həftə buraxilişi
PDF formatda

#19 (93)
07 - 17 iyun
2005-ci il


[