HƏFTƏLİK XƏBƏRLƏR "GƏNCƏBASAR" müstəqil qəzeti tərəfindən təqdim olunub.
 
ARXIV
#04. 24-30 yan 2004
#05. 31-06 fev 2004
#06. 07-13 fev 2004
#07. 14-20 fev 2004
#08. 21-27 fev 2004
#09. 28-05 mart 2004
#12. 20-26 mart 2004
#13. 27-02 apr 2004
#14. 03-09 apr 2004
#15. 10-16 apr 2004
#16. 17-23 apr 2004
#17. 24-30 apr 2004
#18. 01-07 may 2004
#19. 08-14 may 2004
#20. 15-21 may 2004
#22. 29-04 iyun 2004
#23. 05-11 iyun 2004
#24. 12-18 iyun 2004
#25. 19-25 iyun 2004
#26. 26-02 iyul 2004
#27. 03-09 iyul 2004
#28. 10-16 iyul 2004
#29. 17-23 iyul 2004
#30. 24-30 iyul 2004
#31. 31-06 avq 2004
#32. 07-13 avq 2004
#33. 14-20 avq 2004
#34. 21-28 avq 2004
#35. 29-03 sen 2004
#36. 04-10 sen 2004
#37. 11-18 sen 2004
#38. 19-24 sen 2004
#39. 25-01 okt 2004
#40. 02-08 okt 2004
#42. 16-22 okt 2004
#43. 23-29 okt 2004
#45. 06-12 noy 2004
#46. 20-26 noy 2004
#47. 27-04 dek 2004
#48. 05-11 dek 2004
#49. 12-17 dek 2004
#50. 18-24 dek 2004
#51. 25-31 dek 2004
#01. 01-07 yan 2005
#04. 05-11 fev 2005
#05. 19-25 fev 2005
#06. 05-11 mart 2005
#07. 12-18 mart 2005
#08. 19-25 mart 2005
#09. 26-01 apr 2005
#10. 02-08 apr 2005
#13. 26-02 may 2005
#14. 03-09 may 2005
#15. 10-16 may 2005
#16. 17-23 may 2005
#18. 31-06 iyun 2005

#10. 02 - 08 aprel 2005

Soyqırımının qurbanları anıldı
31 mart - azərbaycanlıların soyqırımı günü ilə bağlı Gəncə Dövlət Universitetinin iclas zalında şəhər ictimaiyyətinin iştirakı ilə dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov açdı: "31 Mart - azərbaycanlıların soyqırımı günün elan edilməsi ilə bağlı respublika prezidentinin 26 mart 1998-ci il fərmanı böyük tarixi və siyasi əhəmiyyət daşıyır. 200 ildən artıq müddətdir ki, azərbaycanlılara qarşı soyqırım siyasəti sadəcə məzmun dəyişikliyinə uğrayıb, mahiyyətcə eynidir. Sadə bir misal: 1903-cü ildə Zəngəzurda üç azərbaycanlı kəndi yer üzündən silinibsə bu gün o ərazilərdə bir nəfər həmvətənimiz yaşamır. Toplantının da məqsədi bir daha soyqırımla bağlı həqiqətləri araşdırmaq və müzakirə etməkdir". Çıxış edən digər mühazirəçilər faktlara istinad edərək ermənilərin tarixən öz dövlətləri olmadığı halda "Böyük Ermənistan" yaratmaq xülyası ilə yaşadıqlarını qeyd etdilər. Öz çiəkin məqsədlərinə çatmaq üçün onların əsrlər boyu xalqımıza təcavüz etdiyi, bunun mütəşəkkil şəkildə olunduğu vurğulandı. Ermənilərin millətimizə qarşı törətdikləri cinayətlərdən söz açıldı və qeyd olundu ki, onların əsrlər boyu məqsədi terror yolu ilə azərbaycanlıları tarixi torpaqlarından qovmaq olub.
Tədbirin sonunda qərara alındı ki, dərc olunacaq materiallar yüksək tirajla nəşr olunub paylansın, soyqırımla bağlı bir çox anım tədbirləri keçirilsin.

Tomris Azəri "İlin qalibi" seçildi
Hər il ənənəvi olaraq "Tomris" analar cəmiyyətinin apardığı rəy sorğusunun 2004-cü ilə dair nəticəsi bu günlərdə açıqlandı. Sorğunun nəticələrinə görə, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, onun haqq səsinin dünyaya çatdırılmasında göstərdiyi xidmətlərə görə Tomris Azəri "İlin qalibi" elan edilib.
Qeyd edək ki, "Tomris" analar cəmiyyəti erməni faşistlərinin Xocalıda törətdiyi soyqırımından sonra yaradılmışdır. 1992-ci ilin aprel ayında Gəncə şəhər İcra Hakimiyyətində, 1999-cu ildə isə Ədliyyə Nazirliyində qeydə alınıb. Yarandığı gündən qaçqınlara, məcburi köçkünlərə maddi və mənəvi yardım edən, qadınların tapdanmış hüquqlarının müdafiəsinə qalxan, respublikada demokratik islahatların aparılmasında fəal rol oynayan "Tomris"in hazırda üç rayonda filialı var. Cəmiyyətin üzvləri Qarabağ müharibəsində iştirak edən, hazırda hərbi xidmətdə olan əsgərlərimizlə mütəmadi görüşür, onların problemlərinin həll edilməsinə köməklik etməyə çalışırlar.
"Tomris" cəmiyyəti azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımına da biganə qalmamış, həmin ağrı-acıları özündə əks etdirən "Haray" bədii filmini öz hesabına çəkdirmişdir.
"Tomris" analar cəmiyyəti beynəlxalq layihələrin həyata keçirilməsində də fəal iştirak edir. Təşkilat əsasən Açıq Cəmiyyət İnstitutunun Yardım fondu, "Avrasiya", "CARE", ABŞ-ın Milli Demokratiya İnstitutu ilə əməkdaşlıq edir.
Qeyd edək ki, sorğunun nəticələrinə əsasən seçilmiş qalib üçün "Tomris" analar cəmiyyəti tərəfindən xüsusi mükafat təyin olunub və həmin mükafat Azərbaycana növbəti gəlişində Tomris Azəriyə təqdim olunacaq.
"İlin qalibi" elan olunan Tomris xanım internet vasitəsilə ona çatdırılan bu xəbərə çox sevinmiş və öz ürək sözlərini yazıb göndərmişdir: "Ben bu yazini okuyanda aqladim. Sizlere minnettaram ki, beni buna layiq gordunuz. Benim için boyuk şeref, vatanim için her bir şeyi yaparam. Bu babamin bana verdiyi bir vazifedir".

ƏAlmaniyada təhsil proqramı
Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (AKTA) daha 11 tələbəsi aprel ayının 9-dan Almaniyanın Münhen şəhərinin Vaynşteyn Tədbiqi Elmlər Universitetində təhsilini davam etdirəcək. Bu münasibətlə AKTA-da keçirilən tədbirdə çıxış edən tədris işləri üzrə prorektor Ramiz Quliyev Akademiyanın bir qrup magistrantının artıq 3-cü ildir ki, Almaniyada təcrübə mübadiləsinə göndərildiyini bildirdi: “Bu layihə çərçivəsində hər il 10 tələbə təhsil almaq üçün Vaynşteyn Universitetinə göndərilir. Artıq bu universitetdə 2 assistentimiz var. Onlar Akademiyamızın yeni gedən tələbələrinə dərslərin keçirilməsi ilə yanaşı alman dilini öyrənməkdə və qarşılaşdıqları digər problemlərin həllində kömək edəcəklər".
Qeyd edək ki, Almaniyaya təhsil almaq üçün yollanan tələbələrin seçilməsi test üsulu ilə aparılıb. Testdə əsas seçim meyarı alman dilini bilmək idi. Münsif kimi Vaynşteyn universitetinin mütəxəssislərinin də iştirak etdiyi bu müsabiqəyə 50 tələbə qatılıb. İmtahandan uğurla çıxan 11 magistrant aprelin 9-dan sentyabrın 30-na kimi Almaniyada 6 aylıq təcrübə mübadiləsində olacaqlar. Orada müxtəlif fermalarda bir müddət işlədikdən sonra tələbələrimiz alman dilindən və iqtisadiyyatdan təkrar imtahan verməlidirlər. Bu imtahandan da müvəffəqiyyətlə keçən magistrantlar Vaynşteyn universitetində daha il yarım təhsillərini davam etdirə biləcəklər. Bu təhsil ocağında magistr adını qazana bilən həmyerlilərimiz aqrar menecment sahəsi üzrə beynəlxalq dərəcəli mütəxəssis hesab olunacaqlar.
R. Quliyevin sözlərinə görə, təhsillərini Almaniyada başa vurub geri qayıdan magistrlər akademiyamızda kadr hazırlığını davam etdirəcəklər. Bu da əvvəlcədən düşünülüb. Belə ki, layihənin koordinatoru Səbinə Şükürova AKTA-da "Kənd təsərrüfatının iqtisadiyyatı və menecmenti" fakültəsinin yaradıldığını və burada əsasən Almaniyada magistr dərəcəsini almış tələbələrin dərs deyəcəyini bildirdi. Artıq qarşıdan gələn tədris ilində yeni fakültəyə tələbə qəbulu başlayacaq. Hələlik isə Almaniyadan qayıdan iki mütəxəssisin köməyi ilə regionda fəaliyyət göstərən fermerləri və texnikumların müəllimlərini maarifləndirmək məqsədilə seminarlar keçirilir.

Kredit İttifaqları fəaliyyətə başladı
"Gəncəbasar" qəzetinin ötən saylarının birində Dünya Bankının təklif və tövsiyələrinə uyğun olaraq yenicə fəaliyyətə başlamış Gəncə Regional Məsləhət Mərkəzinin (GRMM) əhatə olunduğu 7 rayonda kredit ittifaqlarının yaradılması haqqında məlumat vermişdik. Mərkəzə yeni qurumların təsis olunması ilə bağlı metodiki köməyi Türkiyənin G&G şirkəti edib. Şirkət ölkəsindəki təcrübəsindən istifadə edərək, GRMM-ə kredit ittifaqlarının yaradılmasını mərhələ-mərhələ həyata keçirməyi məsləhət görüb. Artıq 4 mərhələdə işlər yekunlaşıb. GRMM-in rəhbəri Arif Cahangirov söhbətində qeyd etdi ki, birinci mərhələdə yaradılmış kredit ittifaqlarının üzvləri ilə işləmək üçün master-trenerlər hazırlanıb. Onlar kredit ittifaqlarının təsis sənədlərinin hazırlanması, idarə edilməsi, krediti almaq üçün lazımi sənədlərin tərtibi, maliyyə vəsaitinin yönəldilməsi və digər mövzularda təlimlər keçiblər. Trenerlər Türkiyədən gəlmiş mütəxəssislər olub. Müsahibimiz ikinci mərhələdə kredit ittifaqları yaratmaq istəyənlərə təsis sənədlərinin qeydiyyatdan necə keçirilməsi və Milli Bankdan lisenziya alınması yolları barədə təlimlərin keçirildiyini bildirdi:
"İcraçı Kredit Agentliyinin sədrinin birinci müavini Hüseyn Özmen apardığı monitorinq nəticəsində müəyyən edib ki, Daşkəsəndə lazımi treninqlərin keçirilməsinə baxmayaraq, orada kredit ittifaqını idarə edəcək şəxslərin idarəçilik qabiliyyəti zəifdir. Odur ki, həmin rayonda kredit ittifaqının yaradılması müvəqqəti olaraq dayandırılmış, qalan 5 rayonda isə müvafiq qurumlar təsis olunub və Milli Bankdan lisenziya alınıb. Bunlar Tovuzda "Əlimərdanlı", Gədəbəydə "Qoşabulaq", Samuxda "Qarabağ", Şəmkirdə "Turan", Xanlarda "İnkişaf" kredit təşkilatlarıdır".
Sonrakı mərhələdə adı çəkilən kredit ittifaqlarında maddi-texniki baza yaradılıb. Onlara qrant formasında kompüter, seyf, telefon-faks, kseroks və mebel verilib. Kompüter operatorları GRMM tərəfindən hazırlanıb. Tovuz, Samux, Şəmkir və Xanlar kredit ittifaqları Dünya Bankının tələblərinə uyğun olaraq üzvlərinin sayını 30 nəfərə, nizamnamə kapitalını isə 9 min dollara çatdırıblar.
Nəhayət, GRMM dördüncü mərhələdə kredit ittifaqının üzvləri üçün idarəetmə, üzvlüyə qəbul və azadedilmə, biznes planların hazırlanması ilə əlaqədar təlimlər təşkil edib. Təlim materiallarını mənimsəmiş və sənədləri düzgün tərtib edən "Əlimərdanlı" kredit ittifaqına mart ayından maliyyə vəsaiti ayrılmaqla, kredit vermək icazəsi verilib. Həmin təşkilat mart ayının 26-dan öz üzvlərinə kreditlərin paylanmasına başlayıb. Gədəbəy, Şəmkir, Samux və Xanlar kredit ittifaqlarının rəhbərlərinə biznes planlarını hazırlayıb GRMM-ə təqdim etmək tövsiyə olunub. Aprel ayının 20-nə qədər bu işlər yekunlaşarsa, sözügedən kredit təşkilatları da GRMM-in yaratdığı imkandan yararlanacaq.
Qeyd edək ki, Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyinin təqdim etdiyi "Kəndin kreditləşdirilməsi" layihəsi çərçivəsində görülən bu işlərə Azərbaycanda türk iş adamları tərəfindən ölkəmizdə təsis olunmuş İcraçı Kredit Agentliyi rəhbərlik edir.

Yerli elmi tədqiqatçılara dəstək
Elmin müxtəlif sahələrində fundamental tədqiqat işləri aparan tələbə, magistr və aspirantların üzləşdikləri çətinliklərdən biri ədəbiyyat çatışmazlığıdır. Xüsusən də ictimai elmlər üzrə. Bu qıtlıq paytaxta nisbətən ətraf bölgələrdə daha çox nəzərə çarpır. Qeyd olunan problemin aktuallığını nəzərə alan Qafqaz Tədqiqat Resurs Mərkəzləri (QTRM) Avrasiya Fondunun Layihəsi çərçivəsində ictimai elmlər sahəsində tədqiqatların gücləndirilməsi üzrə regional proqramı həyata keçirməyə başlayıb. Layihə Naxçıvan MR, Gəncə, Şəki, Sumqayıt, Quba və Lənkəran şəhərlərində icra ediləcək. Bu məqsədlə fondun nümayəndələri Açıq Cəmiyyət İnstitutu Gəncə Təhsil Məlumat Mərkəzində (GTMM) oldular və yaxın gələcəkdə öz kitabxanalarını təsis etmək üçün mərkəzin otaqlarına baxış keçirdilər. GTMM-in rəhbəri H. Hüseynli bildirdi ki, təsis edilən QTRM resursları və fəaliyyəti ictimai elmlər sahəsində istedadlı yerli tədqiqatçıların işinə kömək edəcək:
"Bu resurslardan Elmlər Akademiyası, universitetlər, qeyri-hökumət təşkilatları, tədqiqat mərkəzləri, nazirliklər və başqa dövlət qurumları istifadə edə bilər. Mərkəzin daimi istifadəçiləri olmaq üçün hər bir tədqiqatçı öz ixtisas səviyyələrini nümayiş etdirməli və əsas oriyentasiya təlimi keçməlidir".
Gələcəkdə QTRM regional siyasət yönümlü müzakirə forumlarını dəstəkləməyi planlaşdırır. Bu forumlar müəyyən fənlər çərçivəsində tədqiqatçılar və praktik məsələlərlə məşğul olanlar arasında Cənubi Qafqaz regionunun üzləşdiyi əsas ictimai siyasət məsələlərinə daha çox diqqət yetirərək dialoqu dəstəkləyəcək. Eyni zamanda orijinal ictimai siyasət yönümlü tədqiqatların aparılmasında maraq göstərən istedadlı tədqiqatçıları dəstəkləmək məqsədilə məhdud təqaüd proqramları təşkil olunacaq.
Azərbaycanda və Gürcüstanda QTRM-ləri ilk dəfə olaraq Avrasiya Fondu Nyu-Yorkda yerləşən Karnegi Korporasiyası ilə birlikdə yaradıb. Bakıda və Tbilisidə yerləşən bu mərkəzlərin məqsədi ictimai elmlər üzrə araşdırmaların və sosial siyasətin təhlilini gücləndirməkdən ibarət olub. Buna nail olmaq üçün mərkəzlər fundamental ədəbiyyat, məlumat və professional təlimdən sərbəst istifadə etmək imkanını təmin edib. Təhsil, qeyri-hökumət, özəl və dövlət sektorlarında çalışan mütəxəssislərə xidmət göstərməklə, bu mərkəzlər tədqiqatçıların orijinal işlərinin davam etdirilməsinə də yardımçı olacaq.

Mübahisə iki gəncin ölümü ilə nəticələndi
Mart ayının 26-da axşam saat 21.30 radələrində Ş. İ. Xətai prospekti, 83 saylı binanın qarşısında ölümlə nəticələnən hadisə baş verib. Gəncə şəhər Polis İdarəsindən verilən məlumata görə, hadisəni 1987-ci il təvəllüdlü Məmmədov Elçin Füzuli oğlu törədib. Baş verən hadisə nəticəsində 1982-ci il təvəllüdlü Əzimov Tural Allahverdi oğlu qətlə yetirilib.
Şahidlərin verdiyi ilkin ifadələrə görə, T. Əzimov yaralı vəziyyətdə 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Lakin bıçaq zərbələri mədəaltı vəzin şah damarını kəsdiyindən, 23 yaşlı gənci ölümün pəncəsindən qurtarmaq mümkün olmayıb.
Hadisənin ertəsi günü növbəti faciə baş verib. Mart ayının 27-də saat 16.00 radələrində T. Əzimovun nişanlısı, 1986-cı il təvəllüdlü Şahnaz Ələsgərova binanın 7-ci mərtəbəsinin eyvanından özünü atmaqla intihar edib. Çoxlu bədən xəsarəti alan Ş. Ələkbərova dərhal xəstəxanaya çatdırılsa da, onun da həyatını xilas etmək mümkün olmayıb.
Polis İdarəsi və Prokurorluq əməkdaşlarının apardığı cinayət-axtarış tədbirləri nəticəsində 12 saat ərzində cinayətkarın kimliyi məlum olub və E. Məmmədov həbsə alınıb. O, ilkin ifadəsində törətdiyi hadisəni etiraf edib.
Hazırda bununla bağlı AR CM-nin 120-ci maddəsi (qəsdən adam öldürmə) üzrə cinayət işi açılıb və istintaq aparılır.

ADRA-nın növbəti buraxılışı
Gəncədə artıq 5 ildir ki, fəaliyyət göstərən ADRA Sənət Təhsil Mərkəzində müxtəlif kurslarda təhsillərini başa vuran 286 nəfər martın 27-də sertifikat aldı. 2005-ci ilin ilk buraxılışında 5 aylıq mühasibat, elektrik, toxuma, qaynaq, biznesin idarə olunması, ingilis dili və kompüter kurslarında tədris yekunlaşdı. Mərkəzdə kurslar ümumilikdə 11 peşə və sahə üzrə təşkil olunub; təhsil pulsuzdur. Növbəti buraxılışın iyun ayında olacağı gözlənilir. Belə ki, Mərkəzdə kosmetologiya, kompüter təmiri, tikiş və modelləşdirmə üzrə 10 aylıq təkmilləşdirilmiş kurslar da fəaliyyət göstərir. ABŞ-ın Kənd Təsərrüfatı Departamentinin (USDA) maliyyə dəstəyi ilə həyata keçirilən təlimlərdə bu günədək 3 mindən çox müdavim müxtəlif növ peşələrə yiyələnib.
Atası I, anası II qrup əlil olan Nuranə Məmmədova toxuma və ingilis dili kurslarını bitirib:
"Mən artıq paltar toxumağı öyrənmişəm. Çiynimdəki şalı özüm hörmüşəm. Hazırda bu bacarığımla pul qazanıram, ingilis dilində danışmağım da mükəmməlləşib. Gələcəkdə ingilis dilindən uşaq hazırlamağı düşünürəm. Ailəmə köməkçi olmaq üçün pul qazanmağım çox vacibdir. Buna görə ADRA-ya minnətdaram".
Mərkəzin koordinatoru Mikayıl Zeynalovun dediyinə görə, kurslarda yalnız davamiyyət, cari test və yekun imtahanlarından müsbət qiymət alan tələbələr sertifikat ala bilər. Hər il Mərkəzə 700 nəfər qəbul olur. İlk olaraq qaçqın, məcburi köçkün, valideynlərini itirmiş və əlil uşaqlara üstünlük verilir. Boş qalan yerlərə isə digər arzulayanlar qəbul edilir".
M. Zeynalov Hacıkənd, Şəmkir və Goranboy rayonlarından olan imkansız müdavimlərin dərslərə vaxtında gəlmələri üçün xüsusi avtobus reysləri təşkil edib.
Qeyd edək ki, ADRA Sənət Təhsil Mərkəzində növbəti tələbə qəbulu avqust ayında olacaq.

"Körpələr evinə" bayram sovqatı
Novruz bayramı ilə əlaqədar "Gələcəyə körpü" gənclər ictimai birliyinin təşəbbüsü və şəhər QHT fəallarının iştirakı ilə təşkil olunan xeyriyyə tədbirində qərara alınıb ki, əldə edilən vəsait "Körpələr evi"nə yönəldilsin. Bu məqsədlə "Gələcəyə körpü" GİB meyvə, təbii şirə, bayram şirniyyatları və s. hədiyyələrlə (təqribən 430 min manat həcmində) "Körpələr evi"ndə olublar. Bundan əlavə QHT-nin nümayəndələri "Körpələr evi"nə elektrik ətçəkən maşını da hədiyyə ediblər. "Körpələr evi"nin baş həkimi Maytavan xanım səmimi diqqət və qayğıya görə, QHT nümayəndələrinə öz minnətdarlığını bildirdi. Qeyd edək ki, birlik üzvləri "Körpələr evin"də olarkən evin tavanının yağış zamanı su buraxdığını görüblər. Baş həkim tavanın yenicə təmir olunmasına baxmayaraq, davamsız olduğunu söylədi. QHT nümayəndələri isə öz növbələrində tavanın aidiyyəti olan təşkilatlar tərəfindən yenidən təmir olunmayacağı təqdirdə bunu öz vəsaitləri hesabına edəcəklərini bildirdilər.

EKOLOJİ TƏMİZLİK UĞRUNDA AKSİYA
"Gələcəyə Körpü" Gənclər İctimai Birliyi, "Uşaqların Xilası" (Save the Children) Beynəlxalq Humanitar Təşkilatının "İcmanın İnteqrasiyalı İnkişafı Proqramı" nın maliyyə dəstəyi ilə daha bir layihə gerçəkləşdirildi. Bu, "Gənclərin Fəal Vətəndaşlıq Naminə Səfərbər Olunması" layihəsi çərçivəsində cəlb olunmuş paraleqal (təlimçi) və mentorların (məsləhətçi) təşəbbüsü ilə həyata keçirilib. Bununla da Gəncə, Mingəçevir, Bərdə, Tərtər, Ağdam və Goranboy şəhər və rayon ərazilərində baharın gəlişi ilə bağlı ekoloji aksiyalar başlanıb. Həmçinin ekoloji aksiyalar yuxarıda adı çəkilmiş şəhər və rayonlardan olan könüllülər tərəfindən həyata keçirilmişdir.
Bu aksiyaların təşkilində, könüllülərin cəlb olunmasında "Gələcəyə Körpü" birliyinə, Gəncə şəhərində fəaliyyət göstərən "Gələcəyin Səsi" İctimai Gənclər Birliyi və Mingəçevir şəhərində fəaliyyət göstərən "Şəms" Gənc Qadınlar Mərkəzi yardımçı olmuşdur.
Aksiyada əkilmiş ağaclar "Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin müraciəti əsasında ADRA Humanitar təşkilatından alınmışdır. Ümumiyyətlə, aksiyalarda 1500-ə qədər müxtəlif ağac növü yuxarıda adı çəkilən rayonlarda, o cümlədən şəhərimizdəki 4 saylı internat məktəbinin həyətində və Gülüstan qəsəbəsindəki İstiqlaliyyət bağında əkilib.

Kinqboksçuların uğuru
Bu günlərdə Kipr Respublikasının Larnaka şəhərində kinqboksinqin WORLD PROFİ versiyası üzrə Dünya çempionatına yekun vurulub. Yarışda dünyanın 50 ölkəsinin 500-ə yaxın idmançısı ilə yanaşı Azərbaycan kinqboksçuları da mübarizə aparıb. Yığma komandamızın heyətində 2 nəfər Gəncə təmsilçisi də olub. 56,5 çəki dərəcəsində çıxış edən Elnur Salamov bütün rəqiblərinə qalib gələrək dünya çempionu adını qazanıb. O, qızıl medalı ispan, monqol və finalda dördqat dünya çempionunu - qazax idmançısını məğlub edərək qazanıb. Qeyd edək ki, lou-kiq növü üzrə çıxış edən E. Salamov ötən il Yaltada keçirilən Dünya çempionatında 2 qızıl medal əldə etmişdi. Digər təmsilçimiz Emin Bayramov böyüklərin yarışında ilk dəfə iştirak etməsinə baxmayaraq, nəticəsi qənaətbəxş sayılıb. 18 yaşlı Emin 60 kq çəki dərəcəsində III yerə layiq görülüb.
İdmançılarımız ful-kontakt növü üzrə də qüvvələrini sınayıblar və hər ikisi dünya çempionatının bürüncünü qazanıblar.
Əlavə edək ki, İlqar Alıyevin tələbələri olan kinqboksçularımız 2 saylı UGİM-in yetirmələridir.

Ölkə çempionatından beş medalla
Mart ayının 16-26-sı aralığında Bakı Şahmat Məktəbində oğlan və qızlar arasında Azərbaycan çempionatı başa çatıb. 10, 12, 14 və 16 yaş qrupları arasında keçirilən birincilikdə hər yaş qrupunda 12 nəfər olmaqla 48 idmançı mübarizə aparıb. Gəncəni təmsil edən 10 nəfərdən ibarət komandanın 5 üzvü şəhərimizə medalla qayıdıb. Onlardan üçü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qızlar arasında 10 yaş qrupunda Ülviyyə Fətəliyeva bütün rəqiblərinə qalib gələrək I yeri tutub. Məşqçi Şaiq Quliyevin tələbəsi 11 oyundan maksimum 11 xal toplayıb. Məşqçi Şahin Hacıyevin yetirməsi Ayaz Məmmədov 14 yaşlı oğlanların mübarizəsində iştirak edib. 10 oyundan 8,5 xal toplayan A. Məmmədov da öz yaş qrupunda I olub. Müxtəlif yarışlardan yüksək nəticələrlə qayıdan digər gəncəli Nicat Ağayev (məşqçi Asif Həsənov) də növbəti uğuruna imza atıb. O, 9,5 xalla 16 yaşlı oğlanlar arasında ölkə çempionu oldu.
Komandamızın iki üzvü şəhərimizə Azərbaycan ikincisi kimi qayıdıb. Səbinə İbrahimova 10 yaşlı qızlar arasında 11 oyundan 9,5 xal toplayıb (məşqçi Şahin Hacıyev), Aytən Ağayeva isə 16 yaşlı qızların mübarizəsində 9 xalla kifayətlənməli olub (məşqçi Asif Həsənov).
Məşqçi A. Həsənovla söhbət zamanı məlum oldu ki, ölkədaxili yarışlarda iştirak etmək üçün Gəncə şəhər Gənclər, İdman və Turizm Baş İdarəsi lazımi köməklik göstərir. Ancaq Beynəlxalq yarışlarda Şahmat Federasiyası yalnız şahmatçıların xərclərini ödəyir. Məşqçilərin isə o dərəcədə imkanı olmadığından yetirmələri ilə birlikdə gedə bilmirlər və bu qazanılan nəticəyə təsir edir. Asif müəllim bu sahədə Gəncədə çalışan iş adamlarının köməyinə ehtiyac duyulduğunu söylədi.
Qeyd edək ki, ölkə çempionatında I yeri tutan şahmatçılar bu ilin 18-29 iyulunda Fransanın Belford şəhərində keçirilən dünya birinciliyində iştirak edəcəklər. II yerin sahibləri isə sentyabrda Serbiya və Çernoqoriyanın Budva şəhərində keçirilməsi planlaşdırılan Avropa birinciliyinə qatılacaqlar.

Bu həftə buraxilişi
PDF formatda

#19 (93)
07 - 17 iyun
2005-ci il


[