HƏFTƏLİK XƏBƏRLƏR "GƏNCƏBASAR" müstəqil qəzeti tərəfindən təqdim olunub.
 
ARXIV
#04. 24-30 yan 2004
#05. 31-06 fev 2004
#06. 07-13 fev 2004
#07. 14-20 fev 2004
#08. 21-27 fev 2004
#09. 28-05 mart 2004
#12. 20-26 mart 2004
#13. 27-02 apr 2004
#14. 03-09 apr 2004
#15. 10-16 apr 2004
#16. 17-23 apr 2004
#17. 24-30 apr 2004
#18. 01-07 may 2004
#19. 08-14 may 2004
#20. 15-21 may 2004
#22. 29-04 iyun 2004
#23. 05-11 iyun 2004
#24. 12-18 iyun 2004
#25. 19-25 iyun 2004
#26. 26-02 iyul 2004
#27. 03-09 iyul 2004
#28. 10-16 iyul 2004
#29. 17-23 iyul 2004
#30. 24-30 iyul 2004
#31. 31-06 avq 2004
#32. 07-13 avq 2004
#33. 14-20 avq 2004
#34. 21-28 avq 2004
#35. 29-03 sen 2004
#36. 04-10 sen 2004
#37. 11-18 sen 2004
#38. 19-24 sen 2004
#39. 25-01 okt 2004
#40. 02-08 okt 2004
#42. 16-22 okt 2004
#43. 23-29 okt 2004
#45. 06-12 noy 2004
#46. 20-26 noy 2004
#47. 27-04 dek 2004
#48. 05-11 dek 2004
#49. 12-17 dek 2004
#50. 18-24 dek 2004
#51. 25-31 dek 2004
#01. 01-07 yan 2005
#04. 05-11 fev 2005
#05. 19-25 fev 2005
#06. 05-11 mart 2005
#07. 12-18 mart 2005
#08. 19-25 mart 2005
#09. 26-01 apr 2005
#10. 02-08 apr 2005
#13. 26-02 may 2005
#14. 03-09 may 2005
#15. 10-16 may 2005
#16. 17-23 may 2005
#18. 31-06 iyun 2005

#15. 10 - 16 may 2005

BÖYÜK QƏLƏBƏNİN 60 İLİ TAMAM OLDU
Böyük Qələbənin 60 illiyi ilə bağlı mayın 9-da Gəncədə keçirilən bayram tədbiri Köhnə Səbiskar qəbiristanlığında uyuyan, Böyük Vətən müharibəsi zamanı xidməti borclarını yerinə yetirərkən həlak olmuş Sovet və ispan təyyarəçilərinin məzarlarının ziyarət edilməsi ilə başladı. Sonra müharibə qurbanlarının qəbirləri üzərinə, Yeni Gəncə qəsəbəsindəki "Əbədi Məşəl" kompleksinə əklillər qoyuldu. Lakin ötən ildəkindən fərqli olaraq, yubiley ilində hərbi parad keçirilmədi.
İlk azərbaycanlı Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun Sərdar bağındakı məzarı önündəki toplantı isə bayram tədbirinin əsas hissəsi idi. Bu toplantıda və xalq gəzintisində şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da iştirak edirdi. Tədbirdən əvvəl Gəncə şəhər Veteranlar Şurasının sədri Rza İbrahimov müharibə veteranlarına Eldar Əzizovla görüşdə heç bir problemi qabartmamağı tapşırmışdı. Bu səbəbdən də o, şəhərin başçısına dərdini demək istəyənlərin sözünü: "Bu haqda bizdə məlumat var" - söyləyərək, E. Əzizovun qoluna girib veteranların yanından uzaqlaşdırmaqla yarıda kəsirdi.
Daha sonra yubiley tədbiri "Qələbə" parkında davam etdirildi. Şəhər rəsmiləri çıxış edərək təbriklər söylədilər, məktəblilər qələbə əhval-ruhiyyəli şerlər söyləyib, mahnılar ifa etdilər. Veteranlar "Qələbə abidəsi" önündə xatirə şəkilləri çəkdirdilər.
Nizami rayon İcra Hakimiyyəti və Nizami bələdiyyəsi, Gəncə Telekommunikasiya İdarəsi veteranların şərəfinə çay süfrəsi açmışdı. Jurnalistlərə müsahibə verən Şəhər Veteranlar Şurasının sədri Rza İbrahimov 1941-1945-ci illər müharibəsində 40 mindən artıq gəncəlinin vuruşduğunu, onlardan cəmi 18 min nəfərinin cəbhədən salamat qayıtdığını, hazırda isə onlardan cəmi 420 nəfərin həyatda olmasını bir daha qeyd etdi.

KİMSƏSİZLƏRƏ DİQQƏT
"Tomris" Analar Cəmiyyəti WORLD VİSİON təşkilatının maliyyə dəstəyi və İRD təşkilatının yaxından köməyi ilə mayın 4-də Gəncə şəhər Pensiyaçıların Ərazi Sosial Xidməti Mərkəzində oldular. Buna qədər qocalar və körpələr evində qayğıya ehtiyacı olanlara sovqat aparan cəmiyyət, bu dəfə də kimsəsiz qocaları və ruhi xəstələri sevindirdi. 150 çeşiddə müxtəlif qadın və kişi paltarları mərkəzin sakinlərinə hədiyyə edildi. Mərkəzin rəhbəri Məryəm Qasımova bildirdi ki, himayələrində 99 nəfər atılmış, kimsəsiz və ruhi xəstə var. Onların arasında müxtəlif millətlərin təmsilçiləri ilə yanaşı öz istəyi ilə mərkəzə üz tutan insanlar da var. Mərkəzin 30 nəfərə yaxın sakini təqaüd alır. Göstərilən diqqət və qayğıya görə həm mərkəzin sakinləri, həm də müdirəsi "Tomris" Analar Cəmiyyətinə təşəkkür etdilər.
Söhbət əsnasında məlum oldu ki, cəmiyyət bu cür xeyirxah aksiyaları gələcəkdə də davam etdirəcək. Yaxın vaxtlarda onlar Körpələr evinə, sonra torpaqlarından didərgin salınan məcburi köçkünlərə baş çəkəcəklər.

"ALINMAZ QALA"NIN İŞĞALINDAN 13 İL ÖTDÜ
Qarabağ Azadlıq Təşkilatı (QAT) Gəncə şəhər şöbəsi mayın 8-də Şuşanın işğalının növbəti ildönümü ilə bağlı anma mərasimi keçirdi. Şuşadan olan məcburi köçkünlərin məskunlaşdığı 3 saylı Peşə Liseyinin yataqxanasının qarşısında reallaşan tədbirdə çıxış edən QAT Gəncə şəhər şöbəsinin sədri Arzu İsmayılov 1988-ci ildən bəri ermənilərin ABŞ, Fransa və Rusiyanın yardımları və yaxından köməyi ilə Azərbaycan torpaqlarını işğal etdiyini bildirdi. Uzun illərdir davam edən müharibədə 114 min kvadrat kilometr ərazimizin zəbt olunduğunu, atəşkəs imzalandığı 11 ildə 6 mindən artıq əsgər və zabitimizin şəhid olduğunu dilə gətirdi, əzəli torpaqlarından 1 milyondan artıq soydaşımızın didərgin salındığını vurğuladı: "Şuşanın 289 kvadrat kilometr ərazisi və 24 min nəfər əhalisi var idi. Şuşa və bütün Qarabağ ərazisinin işğalından ötən 14 il ərzində işğalçı qüvvələrin Azərbaycan torpaqlarından çıxarılması istiqamətində aparılmış danışıqlar heç bir nəticə verməyib. İşğalçı dövlət BMT-nin Təhlükəsizlik Şurasının çıxardığı qətnamələri yerinə yetirməkdən boyun qaçırır". A. İsmayılov bu cür tədbirlərin işğal edilən hər bir rayonun ildönümü günü keçirildiyini dedi. Tədbirdə çıxış edən Qarabağ əlilləri və II Dünya müharibəsinin veteranları da ermənilərin xalqımızın başına gətirdiyi müsibətlərdən danışdılar, mövcud vəziyyəti azərbaycanlıların üzərində olan qara ləkə kimi qiymətləndirdilər.
Şuşadan olan 35 ailənin məskunlaşdığı yataqxanada elə uşaqlar var ki, Qarabağ və Şuşa barədə yalnız valideynlərindən məlumat alıblar. Belə fidanlardan bir neçəsi tədbirdə vətənə və işğal altında olan torpaqlarımıza həsr olunmuş şerlər söylədilər. Mərasim iştirakçıları "Şuşaya azadlıq, Qarabağa azadlıq" şüarlarını səsləndirməklə Şuşanın işğalına etirazlarını bildirdilər.
Tədbirin sonunda bəyanat qəbul olundu. Bəyanatdan çıxarış: "Hal-hazırda nə müharibə, nə də sülh şəraitində yaşadığımız, torpaqlarımızın erməni silahlı qüvvələri tərəfindən işğal edildiyi, münaqişənin dinc vasitələrlə nizama salınması cəhdlərinin heç bir müsbət nəticə vermədiyi bir vaxtda, biz, torpaqlarımızın azad edilməsi naminə, xalqımızın bütün sağlam qüvvələrinin birləşməsini zəruri hesab edirik.
QAT Gəncə şəhər şöbəsi öz üzvləri və buruda məskunlaşmış məcburi köçkünlər adından bəyan edir ki, itirilmiş torpaqlarımızın qaytarılması yalnız hərbi-siyasi yolla mümkündür. Azərbaycan dövlətinin və onun bütün vətəndaşlarının səyləri qüdrətli ordu yaradılmasına yönəldilməli, hərbi-vətənpərvərlik işləri gücləndirilməlidir. Azərbaycanın müstəqil bir dövlət kimi mövcud olması yalnız Qarabağın və işğal edilmiş bütün ərazilərin azad edilməsindən sonra mümkün olacaqdır!"

ƏSİRLƏR BURAXILDI
Fevralın 15-də ermənilər tərəfindən əsir götürülərək Xankəndində saxlanılan Azərbaycan ordusunun 3 əsgəri mayın 7-də geri qaytarılıb. Tərtərdəki "N" saylı hərbi hissədə xidmət edən Xəyal İdris oğlu Abdullayev(Gəncə), Ruslan Xəqani oğlu Bəkirov(Şəmkir) və Hikmət Adəm oğlu Tağıyev(İmişli) Ağdam rayonunun Qərvənd kəndi yaxınlığında qoşunların təmas xəttində saat 14:30 radələrində Azərbaycan Respublikası Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələrinə təhvil verilib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə azad edilən hərbi qulluqçular öncə Sarıcalı hospitalına, oradan isə Bakıya aparılıb.
Gəncə şəhər Kəpəz rayon Hərbi Komissarlığından 2004-cü ilin yanvarında həqiqi hərbi xidmətə çağırılan 1986-cı il təvəllüdlü Xəyal Abdullayevin yaxın qohumu Bahar Abdullayeva Xəyalın vəziyyəti barədə bunları dedi: "Bizə bu barədə mayın 7-si təxminən saat üçün yarısında məlumat verdilər. Xəbəri eşidən kimi Xəyalın nənəsi Səhərgül xanım Bakıya yola düşdü. Aldığımız məlumata görə, səhhəti normaldır, özünü yaxşı hiss edir. Həkimlər Xəyalın həyatı üçün heç bir təhlükə olmadığını deyirlər. Bu barədə Xəyalın hazırda Moskvada olan anasına da məlumat vermişik".
Xatırladaq ki, X. Abdullayevin atası oğlu geri qaytarılmayanadək həbsxanada başladığı aclıq aksiyasını davam etdirəcəyini demişdi. Bu haqda B. Abdullayeva: " Atasının aclıq aksiyasını davam etdirdiyini dəqiq deyə bilməsəm də, etiraz əlaməti olaraq saqqal da saxlayırdı. Yəqin artıq bunlara son qoyulacaq".
Əsir əsgərlərimizin geri qaytarılması barədə erməni tərəfi ilə bir neçə dəfə razılıq əldə edilsə də anlaşma baş tutmamışdı. Bu müddət ərzində əsgərlərimiz ailələri ilə 3 dəfə məktub vasitəsilə əlaqə saxlayıblar. Bahar xanım məktubda hər şeyin yaxşı olması barədə yazılanların həqiqətə uyğun olmadığını deyir və əsgərlərimizin tam tibbi müayinə olunmalarını istəyir.

"MƏHSUL"UN UĞURLARI
22-24 aprel 2005-ci ildə Bakı şəhərində iki yaş qrupunda gənclər və böyüklər arasında pauerliftinq üzrə ölkə birinciliyi və çempionatı keçirilmişdir. Yarışda respublikamızın rayon və şəhərlərinin 100-dən çox idmançısı iştirak edib. Çempionatda şəhərimizi Gəncə şəhər Şurasının pauerliftinqləri məşqçi-müəllim Natiq Əliyevin rəhbərliyi ilə təmsil etmişlər. "Məhsul" İdman Cəmiyyətinin Gəncə şəhər Şurasının sədri İntiqam Əliyev qeyd etdi ki, "Məhsul" Cəmiyyətinin idmançıları yüksək əzmkarlıq göstərərək yarışda böyük nəticə əldə etmişlər.
İki gün keçən gərgin mübarizə şəraitində aşağıdakı nailiyyətlər əldə olunmuşdur:
1. Əliyev Ceyhun - 75 kq - 481,5 kq - I yer
2. İsmayılov Elnur - 140 kq - 605 kq - I yer
3. Qəzənfərov Qalib - 140 kq - 690 kq - I yer
4. Şirinov Vüsal - 60 kq - 415 kq - II yer
5. Məmmədov Emin - 67, 5 kq - 427,5 kq - II yer
6. Əliyev Namiq - 110 kq - 502, 5 kq - II yer
7. Xəlilov Elvin - 120 kq - 520 kq - II yer
8. Xəlilov Pərvin - 90 kq - 520 kq - III yer
9. Hüseynzadə Şadman - 82,5 kq - 492,5 kq - III yer
10. Əliyev Müşfiq - 67,5 kq - 500 kq - III yer
Cəmiyyətin sədri İntiqam Əliyevin dediklərindən məlum oldu ki, şəhərimizin idmançılarından bir neçəsi iyun ayında Ukraynada keçiriləcək Avropa birinciliyinə vəsiqə qazanıblar.
***
21-23 aprel 2005-ci il tarixdə Bakı şəhərində iki yaş qrupunda yeniyetmə və gənclər arasında "Məhsul" İdman Cəmiyyətinin Respublika Şurasının xətti ilə birincilik keçirilmişdir. Birincilikdə respublikamızın rayon və şəhərləri ilə yanaşı "Məhsul" İdman Cəmiyyətinin Gəncə şəhər Şurasının sədri İntiqam Əliyev və məşqçi-müəllim Elçin Əliyevin rəhbərlik etdikləri güləşçilər şəhərimizi təmsil etmişlər.
İdmançılardan
Taleh Babayev - 58 kq çəki dərəcəsində I yerə
Rəsul Musayev - 63 kq çəki dərəcəsində I yerə
Yusif Muxtarov - 66 kq çəki dərəcəsində I yerə
Asim Quliyev - 46 kq çəki dərəcəsində II yerə
Aqil Məmmədov - 54 kq çəki dərəcəsində II yerə
Mübariz Musayev - 55 kq çəki dərəcəsində III yerə layiq görülmüşlər.
İdmançılar məşqçi-müəllim Elçin Əliyevin rəhbərliyi ilə qarşıdan gələn may ayında keçiriləcək yeniyetmələr arasında ölkə birinciliyinə hazırlaşırlar.

"SOLĞUN ÇİÇƏKLƏR"İN PREMYERASI OLDU
Bu günlərdə Gəncə Dövlət Dram Teatrında Cəfər Cabbarlının "Solğun çiçəklər" dramının premyerası keçirildi. Qeyd edək ki, əsərin baş qəhrəmanlarını GDDT-nın "Teatr Studiyasının" aktyorları oynayıb. Əsərin quruluşçu rejissoru isə əməkdar artist Faiq Qasımovdur.
Faiq Qasımovun sözlərinə görə tamaşa üzərində iki aydan artıq iş gedib. Aprel ayının 28-də əsərə daxili baxış keçirilib, mayın 4-də ictimaiyyətə təqdim olunub. Niyə məhz bu əsərə üstünlük verilməsinə isə müsahibimiz belə cavab verdi: "Hesab edirəm ki, bu mövzu sırf bu günümüzlə səsləşir. Bir çox hallarda gənclərimiz iqtisadi çətinliklərdən doğan problemlərlə bağlı öz sevgilərinə dönük çıxırlar. Nəyin bahasına olursa olsun sədaqətli olmaq əzmini önə gətirərək bu əsərə üstünlük vermişik".
Müsahibimiz onu da vurğuladı ki, hazırda yeni tamaşalar hazırlamaq məqsədilə dramaturqlarımızın əsərləri arasında seçimlər aparılır.

UYM-NİN DAXİLİ MÜSABİQƏSİ
Ötən həftə Z. Baratzadə adına Uşaq Yaradıcılıq Mərkəzində (UYM) "Dərzilik" dərnəkləri arasında müsabiqə keçirilib. Müsabiqədə 2 komanda - "Göyərçin" və "Ay parası" iştirak edirdi. Yarışın əsas məqsədi UYM-da oxuyan uşaqların bacarıq və qabiliyyətlərini yoxlamaqdan ibarət idi. Bu məqsədlə hər iki komandanın çıxışlarını qiymətləndirmək üçün münsiflər heyəti təşkil edilmişdi. Münsiflərin tərkibinə Sahibkar Qadınlar Birliyinin prezidenti Zemfira Ağayeva, YAP Gəncə şəhər Qadınlar Şurasının sədri Arzu Həmzəyeva, UYM-nin direktoru Minurə Əliyeva, YAP Gəncə şəhər Gənclər Şurasının sədri Natiq İmamquliyev və digər şəxslər daxil idi. Müsabiqənin şərtlərinə əsasən komandalar qarşıya qoyulan tapşırığı müəyyən vaxt ərzində və düzgün əməl etməklə yerinə yetirməli idilər. 11 mərhələdən ibarət olan yarışmaya start verildikdən sonra komanda üzvləri məharətlərini göstərdilər. Salamlaşma, uşaq köynəyinin biçilməsi, xaçvari tikiş, toxuma, gül üzərində zəncirvari tikiş, eskizin çəkilməsi, salat hazırlamaq, tort yemək, muncuq düzmək, kartof soymaq və sual-cavab mərhələsindən sonra münsiflərin yekun rəyi belə oldu:
1. "Göyərçin" komandası - 37 xal
2. "Ay parası" komandası - 36 xal
Tədbirin təşkilatçısı Kifayət Zeynalovadan aldığımız məlumata görə, bu cür müsabiqələr mövsümə uyğun olaraq ildə 4 dəfə keçirilir. İstedadlı uşaqların üzə çıxarılmasında belə müsabiqələrin vacibliyini vurğulayan K. Zeynalova gələcəkdə də bu cür yarışların keçiriləcəyini bildirdi.

Bu həftə buraxilişi
PDF formatda

#19 (93)
07 - 17 iyun
2005-ci il


[